Ermənistanın danışıqlardan yayınmaq cəhdi baş tutmayacaq. Çünki Azərbaycan buna əsaslı imkan verməyəcək və ən son həyata keçirilən diplomatik həmlələr qısa müddətdə öz nəticələrini verməkdədir.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, politoloq Hikmət Babaoğlu işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin formatının dəyişdirilməsi, bu prosesə separatçı “DQR” rejimi rəhbərliyinin, Dağlıq Qarabağın erməni icmasının cəlb edilməsi təklifinə və bunun Azərbaycan prezidenti İlham Əliyev, o cümlədən, Xarici İşlər Nazirliyi (XİN) tərəfindən rədd edilməsinə, bu təklifin baş tutmasının qeyri-mümkünlüyü məsələsinə, həmçinin, ATƏT-in Minsk qrupunun həmsədrlər bəyanatına münasibət bildirərkən deyib.
O qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını elə bu kontekstdə qiymətləndirmək lazımdır:
“Məsələ ondadır ki, işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan hələ də regiondakı geostrateji reallığa öz siyasi illüziyası ilə yanaşır və hesab edir ki, heç bir əsası olmayan arqumentlər irəli sürməklə mövcud reallığı və beynəlxalq hüququ manipulyasiya edə biləcək”.
Millət vəkilinin sözlərinə görə, Paşinyanın seçkilərdə yalnız Ermənistan vətəndaşlarının iştirak etdiyi və ona görə Dağlıq Qarabağ adından danışıqlar aparmaq səlahiyyətinin olmadığı ilə bağlı arqumenti o qədər qeyri-ciddidir ki, belə arqumentlə Ermənistanı işğal məsuliyyətindən kənarda tuta biləcəyinə heç işğalçı ölkənin özündə inanmırlar.
Politoloq bildirib ki, bu gün Ermənistanın bütün növ qoşun birləşmələri Azərbaycanın ərazisindədir və hər erməni təxribatı zamanı Azərbaycan əsgərinin şücaəti sayəsində məhv edilən düşmən əsgəri Ermənistan vətəndaşıdır:
“Paşinyan diplomatiyada autizm-simuliyasiya deyilən xəstəliyə düçar olub. Onun iddialarına özündən başqa heç kəs reaksiya vermir.
Azərbaycan Ermənistanın status-kvonu legitimləşdirmək cəhdlərinə yol verməyəcək. Bunun üçün hər şeydən əvvəl öz ordusunun, öz iqtisadiyyatının gücünə və beynəlxalq nüfuzuna arxalanır.
Həmsədrlərin son bəyanatı onların regionda Azərbaycanın nəyə qadir olması və problemin həlli ilə bağlı götürdükləri öhdəlikdən irəli gəlir. BMT Təhlükəsizlik Şurası həmsədrlərə vasitəçi kimi xüsusi mandatı ona görə verib ki, problemi həll etsinlər. Yoxsa bunu Azərbaycan vasitəçilərə ehtiyac qalmadan özü edəcək.
Təəssüf ki, həmsədrlər heç də hər zaman işğalçı Ermənistana lazımi təzyiq göstərmirlər və münaqişənin həlli uzanır”.
Kamil HƏMZƏOĞLU