Azərbaycan-Ermənistan arasında müharibə bitsə də, ölkəmiz hələ də mina terrorundan əziyyət çəkir. Xüsusilə qeyd edilməlidir ki, azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb, 877 nəfərə aid insan qalıqları ekshumasiya olunub. Lakin Ermənistan hələ də yüzlərlə məzarın yerini gizlədir. Qeyd etmək lazımdır ki, Ermənistan beynəlxalq sənədlərə, 1949-cu il Cenevrə Konvensiyalarına və 1977-ci il Əlavə Protokola əsasən, müharibə nəticəsində itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq, məzarların yerini göstərmək və qalıqları ailələrə qaytarmaq öhdəliyi daşıyır. Bu öhdəliklərə əməl etməmək beynəlxalq humanitar hüququn pozuntusudur.
Məsələ ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Zaur İbrahimli bildirib ki, Ermənistan hökumətinə beynəlxalq təzyiqlər artırılmalıdır.
O vurğulayıb ki, iki ölkə arasında hərbi əməliyyatlar başa çatsa da və sülh gündəliyi uğurla irəliləsə də, ölkəmiz üçün mina terroru davam etməkdədir:

"İşğal dövründə həm qondarma rejim, həm də Ermənistan silahlı qüvvələri ərazilərimizi minalayıb. Bir çox hallarda minalanma hərbi məqsədlərdən uzaq olub. Azərbaycanın uğurlu hərbi əməliyyatlarından sonra belə, geri çəkilərkən ərazilərimiz xaotik şəkildə minalanıb. Ermənistan hökumətinin bizə təqdim etdiyi mina xəritələri də yetərincə effektiv deyil. Qeyd olunur ki, həmin mina xəritələrinin təxminən 10 faizi doğrudur. Beynəlxalq birlik də sözügedən məsələni diqqətdə saxlamalıdır. Ermənistan hökuməti məsuliyyətli davranmalıdır. Nəzərə almaq lazımdır ki, ölkələr arasında sülh gündəliyi müzakirə olunur. Beynəlxalq insan hüquqları təşkilatları da Ermənistanı öz məsuliyyətlərini dərk etməyə çağırmalıdır".