"Paris Sazişi çərçivəsində milli hədəflərimiz "Yenilənmiş, 3-cü milli səviyyədə müəyyən edilmiş töhfələr" sənədində əks olunub. Ölkəmiz 2035-ci ilədək istilik effekti yaradan qazların emissiyalarının 40% azaldılması öhdəliyini götürüb".
Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan "Şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün Strateji Ekoloji Qiymətləndirmə bir alət kimi" adlı tədbirdə çıxışında deyib.
"Strateji Ekoloji Qiymətləndirmə planlaşdırmada mövcud strateji sənədlərlə uzlaşmanı tələb edir. Bu yanaşma ilə biz gələcək fəaliyyətlərimizin karbon izini və potensial ekoloji risklərini əvvəlcədən müəyyən edə, alternativ inkişaf variantlarını düzgün, elmi əsaslı məlumatlar əsasında qiymətləndirə, resurslardan səmərəli istifadə edə bilirik. "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrində ekosistemlərin bərpası, münaqişə dövründə zərər görmüş ərazilərin və şəhərlərin yenidən canlandırılması fəaliyyətlərində Strateji Ekoloji Qiymətləndirmənin şəhər planlaşdırılmasına tətbiqi ətraf mühit, sosial və iqtisadi amillərin nəzərə alınmasında vacib rol oynayıb", - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, bu gün gün dünyada, o cümlədən Şərqi Avropa və Cənubi Qafqaz regionunda Strateji Ekoloji Qiymətləndirmənin tətbiqinə maraq artmaqdadır:
"Azərbaycanda bu istiqamətdə, xüsusilə şəhərsalma sahəsində geniş təcrübə formalaşıb.
BMT-nin Avropa üzrə İqtisadi Komissiyası bu alətin qlobal təşviqində mühüm rol oynayır və bu istiqamətdə ölkəmizlə birgə uğurlu fəaliyyəti mövcuddur".