Beynəlxalq təhlükəsizlik və terrora qarşı mübarizədə də ikitərəfli əlaqələr güclüdür. Xüsusilə Azərbaycan Əfqanıstanda sülhyaratma əməliyyatlarında aktiv iştirak edib və terrora qarşı mübarizədə töhfə verməyə davam edəcək.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ-ın müstəqilliyinin 241 illiyi münasibətilə bu ölkənin Bakıdakı səfirliyində keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, terrora qarşı mübarizə aparan Azərbaycan 25 ildir ki, erməni silahlı qüvvələrinin təcavüz siyasəti ilə üzləşib.
“Bu təhlükəsizlik və yüksək səviyyədə əməkdaşlığa mane olan əsas səbəblərdən biridir. İşğala son qoyulması və Ermənistan qüvvələrinin qeyd şərtsiz Azərbaycandan çıxarılması, sərhədlərin bərpası, qaçqın və məcburi köçkünlərin öz evlərini qayıtmasını regionda təhlükəsizliyə və sosial rifaha töhfə verəcəyinə inanırıq.
Erməni təcavüzünün qarşısının alınmaması üç gün əvvəl Alxanlıda 2 yaşlı körpə Zəhra ilə nənəsi kimi günahsız insanların öldürülməsinə rəvac verir. Bütün dünya 2 yaşlı Zəhranın qətlinə münasibət bildirməlidir. Erməni təcavüzünün artması beynəlxalq aləmin və Minsk qrupu həmsədri kimi ABŞ ın regionda sülhün təmin olunmasında rolunun artırılmasının vacibliyini qeyd edir”, - S.Şərifov bildirib.
S.B.
www.oxu.az