Azərbaycan hələ ki, Avrasiya İttifaqına daxil olmağı düşünmür, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, Ermənistanın Avrasiya İttifaqına qoşulmasına gəlincə, PA rəsmisi Azərbaycanın bununla bağlı heç bir narahatlığının olmadığını açıqlayıb:
“Bununla bağlı narahatlığımız üçün heç bir əsas yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı mövqeyini bildirib. Bu mövqe Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən həmin iclasda ortaya qoyulub. Ermənistan da o tələblərə uyğun olaraq hansı quruma üzv olur-olsun, özünün suveren hüququdur. O, BMT-yə, Ümumdünya Ticarət Təşkilatına üzv olduğu şərtlərlə istənilən təşkilata qoşula bilər. Başqa söhbət ola bilməz! Bu, bizim tələbimizdir və o da yerinə yetiriləcək” – Novruz Məmmədov vurğulayıb.
Xatırladaq ki, may ayının 29-da Astanada Ali Avrasiya İqtisadi İttifaqının iclasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistan prezidenti Serj Sarkisyana müraciət edərək Ermənistanın Gömrük İttifaqına daxil olarkən BMT-nin sərhədlərə dair prinsiplərinə riayət etməyə çağırıb.
“Əgər bütün ticari məsələlər həll edilərsə, o zaman Ermənistan prezidenti ölkəsinin Gömrük İttifaqına BMT-nin qəbul etdiyi sərhədlərlə daxil olması məsələsini həll etməlidir”, - o deyib. Nazarbayevin sözlərinə görə bu məsələ iyun ayı ərzində bütün tərəflər arasında müzakirə edilməlidir.
Avrasiya İqtisadi İttifaqı Avrasiyaya inteqrasiya çərçivəsində 2015-ci ilin yanvar ayının 1-dən Rusiya, Qazaxıstan və Belarusiya Gömrük İttifaqı bazasında yaranan iqtisadi İttifaqdır.
Aİİ-nin yaradılmasına dair üçtərəfli müqavilə 2014-cü ilin may ayının 29-da Astanada sammitdə imzalanıb (Trend).