Əməkdar artist Naibə Allahverdiyeva “Şou+” verilişinə xalq artisti Məleykə Əsədova ilə bağlı açıqlama verib.
Oxu.Az xəbər verir ki, aktrisa xalq artistinin özü-özünə “kraliça” titulunu verməsini pis qarşıladığını bildirib:
“Aktrisa bütün obrazları oynamağı bacarmalıdır. Mən də Kleopatra obrazını oynamaq istəyirəm. Hələlik buna nail olmamışam. Bəziləri deyir ki, Məleykə sizdən inciyər. Bu, obraz təkcə Məleykə xanım üçün yazılmayıb. Bütün dünyada aktrisalar bu obrazı oynayırlar. Mənə elə gəlir ki, ifam pis qarşılanmaz. Mən Məleykənin özünə səhnəmizin “kraliçası” adını verməyini pis qarşılayıram. İnsan özü-özünə ad verməməlidir. Adı aktrisaya gərək xalq versin. Adam özünə ad qoyanda gülməli görünür. Məleykə bacarırsa, gəlsin, mənim Pəri Cadu, Tomka rollarımı oynasın. O, mənim kimi oynaya bilməz. Mən həmin obrazlara öz möhürümü vurmuşam”.
Məleykə Əsədovanın əməkdar artistin bu sözlərinə cavabı belə olub:
“Mənim oynadığım obrazların hər biri kraliçadır. Sonuncu obrazım İngiltərənin kraliçasıdır. Aktrisalarımıza böyük hörmətim var. İstedadlı aktyor və aktrisalarımız çoxdur. Naibə xanım da istedadlıdır. Kimin ürəyi hansı obrazı istəyirsə, özünə inanırsa, gəlsin, oynasın”.