İran ABŞ-yə hərbi əməliyyatların dayandırılması ilə bağlı təklifini çatdırıb. Qeyd olunub ki, Birləşmiş Ştatlar hərbi təzyiqi azalda və İran limanlarına tətbiq olunan blokadanı aradan qaldırarsa, Tehran Hörmüz boğazını yeddi gün ərzində yenidən aça bilər. İranın BMT Baş Assambleyasının toplantısında iştirak üçün Nyu-Yorkda olan nümayəndə heyətinin Vaşinqtonla diplomatik danışıqları bərpa etmək üçün tam səlahiyyəti olduğu qeyd edilib.
Həmçinin vurğulanıb ki, mümkün razılaşmanın detalları Nyu-Yorkda vasitəçilər vasitəsilə müzakirə oluna bilər.
Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Rəşad Bayramov qeyd edib ki, Nyu-Yorkdakı BMT Baş Assambleyasının növbəti sessiyasıəslində tərəflərə danışıqları bərpa etmək üçün mühüm diplomatik imkan yaradır.
O bildirib ki, prezidentlər Donald Tramp və Məsud Pezeşkianın eyni tədbirdə iştirak etməsi birbaşa görüşün baş tutacağı anlamına gəlməsə də, İran nümayəndə heyətinin danışıqlar üçün geniş mandat alması və ABŞ dövlət katibi Marko Rubionun nəticə verə biləcəyi təqdirdə iranlılarla danışmağa açıq olduqlarını bildirməsi vasitəçilər üzərindən diplomatik kanalın yaradılması üçün müəyyən zəmin formalaşdırır:

"Mümkün prosesin ilk mərhələsində tərəflərin qarşılıqlı atacağı addımların müzakirəsi mümkündür. İran üçün əsas məsələ hərbi təzyiqin və liman blokadasının azaldılması, ABŞ üçün isə Hörmüzdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunması və İranın hərbi fəaliyyətinə dair təminatlar olar. Burada əsas çətinlik ondan ibarətdir ki, tərəflər bir-birindən əvvəl güzəşt etməyə ehtiyat edə bilərlər. Buna görə vasitəçilərin mərhələli mexanizm təklif etməsi mümkündür. Yəni əvvəlcə məhdud hərbi deeskalasiya, daha sonra limanlara çıxışın bərpası və bunun ardınca Hörmüzdə naviqasiyanın normallaşdırılmasıdır. Hörmüz boğazının açılması məsələsi danışıqlarda həm təhlükəsizlik, həm də iqtisadi rıçaq rolunu oynayır. Münaqişədən əvvəl qlobal neft və qaz daşımalarının təxminən beşdəbiri bu marşrutdan keçirdi. Hazırda boğazdan cəmi dörd əmtəə gəmisinin keçməsi isə onun fəaliyyətinin ciddi şəkildə məhdudlaşdığını göstərir. Buna görə İranın "yeddi gün" təklifi yalnız ikitərəfli münasibətlərə deyil, qlobal enerji bazarlarına da təsir edən mühüm diplomatik siqnaldır".
Ekspert əlavə edib ki, artıq bu açıqlamadan sonra neft qiymətlərində müəyyən eniş də müşahidə olunmağa başlayıb:

"Digər mühüm amil regional dövlətlərin mövqeyidir. Körfəz ölkələri həm İranla müharibənin genişlənməsini, həm də enerji və dəniz nəqliyyatının uzun müddət pozulmasını istəmirlər. Qətər İran və Körfəz ərəb dövlətlərini əhatə edən regional təhlükəsizlik mexanizmi ideyasını da irəli sürüb. Çin də ABŞ-ni danışıqlara qayıtmağa və Hörmüzdə təhlükəsiz gəmiçiliyin bərpasına çağırıb. Beləliklə, ən mümkün diplomatik ssenarilərdən biri Hörmüz müqabilində deeskalasiya formatında ilkin razılaşmanın əldə edilməsidir. Bunun ardınca nüvə məsələsi, sanksiyalar, təhlükəsizlik təminatları və regional hərbi fəaliyyət kimi daha mürəkkəb məsələlər üzrə uzunmüddətli danışıqlar başlaya bilər. Lakin hazırkı mərhələdə yekun sazişdən danışmaq hələ çox tezdir. Çünki tərəflərin əsas tələbləri arasında ciddi fərqlər qalır və əvvəlki razılaşmaların pozulması qarşılıqlı etimadsızlığı artırıb. Buna görə, Nyu-York görüşlərinin əsas nəticəsi, əgər təbii ki, görüş baş tutarsa, müharibəni dərhal bitirən yekun sənəddən çox eskalasiyanı dayandırmaq üçün yeni diplomatik mexanizmin formalaşdırılması ola bilər".