Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır. Altı gün ərzində (bazar günü istisna olmaqla) 193 üzv ölkənin, eləcə də Müqəddəs Taxt-Tac və Fələstin dövlətinin nümayəndələri öz mesajlarını dünyanın ən böyük diplomatik tribunasından çatdırmağa çalışacaqlar. Bu il Baş Assambleyanın gündəliyi müharibələr, enerji qiymətləri, qlobal iqtisadiyyat, süni intellekt və iqlim böhranı ilə yanaşı, bir sıra regional və ikitərəfli qarşıdurmaların kölgəsində keçirilir. Əsas sual isə dəyişmir: BMT Baş Assambleyasının 81-ci sessiyasında konkret hansı nəticələrin əldə edilməsi mümkündür?
ABŞ-li politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Con Kavuliç mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.

- Cənab Kavuliç, BMT Baş Assambleyasının 81-ci sessiyasından gözləntilər nədir?
- Sessiya çərçivəsində bir sıra liderlər və hökumətlər arasında mövcud fikir ayrılıqları xüsusi diqqət çəkə bilər. Belə ki, Böyük Britaniyanın baş naziri Endi Börnhem və israilli həmkarı Benyamin Netanyahu, Börnhem və ABŞ prezidenti Donald Tramp, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstan baş naziri Kiryakos Mitsotakis, həmçinin Ərdoğanla Netanyahlu, Netanyahu ilə Suriya iqtidarı, Venesuela prezidentinin vəzifələrini icra edən Rodriguez Delcie ilə Ağ Ev administrasiyası, Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya, Avropa İttifaqı, NATO, BMT və ABŞ qarşıdurmalarının birbaşa görüş formasında baş verməsi gözlənilməsə də, onların hər biri təşkilatın tribunasından verilən mesajların siyasi fonunu formalaşdıra bilər. İran, Ukrayna, Qəzza, enerji, qlobal iqtisadiyyat, iqlim və süni intellekt məsələləri üzrə ciddi diplomatik nəticələr əldə etmək mümkündür. Lakin bunun üçün nümayəndələrin yalnız çıxış etməsi deyil, danışıqlara hazır olması lazımdır.
- Mövcud enerji qiymətləri Qəzza və Ukrayna gündəmini kölgədə qoya bilərmi?
- Təbii ki, sessiyanın diqqət mərkəzində ABŞ-İran və Rusiya-Ukrayna müharibəsi və Qəzza böhranı ilə yanaşı, qlobal enerji bazarlarındakı qiymət artımı da olacaq. Çıxışçılar Donald Trampın qlobal enerji qiymətlərinə təsir edən qərarlarını tənqid etmək istəyə bilərlər. Lakin bunun siyasi nəticələrindən və mümkün cavab reaksiyalarından çəkinən hökumətlərin daha ehtiyatlı mövqe seçməsi mümkündür. Trampın isə öz növbəsində ABŞ-nin beynəlxalq sistemdəki roluna dair mövqeyini bir daha ifadə etməsi və BMT-nin ABŞ-nin liderliyi olmadan nə dərəcədə effektiv ola biləcəyi barədə arqumentlərini səsləndirməsi gözləniləndir. Beləliklə, enerji qiymətləri mövzusu Qəzza və Ukrayna məsələlərini əvəz etməsə də, bu iki münaqişə ilə bağlı siyasi mesajların mühüm tərkib hissəsinə çevrilə bilər.
- Sizcə, Trampın diplomatik gündəliyində hansı məsələlər var?
- Prezident Trampın diqqət yetirə biləcəyi məsələlər arasında yalnız Yaxın Şərq və Ukrayna deyil, başqa uzunmüddətli regional münaqişələr də var. Bunlara Şimali İrlandiyanın İrlandiya ilə münasibətlərinin gələcəyi, Folklend adaları ətrafındakı Argentina-Böyük Britaniya mübahisəsi, Cənubi Kipr-Şimali Kipr məsələsi, İsrailin Colan yüksəklikləri ilə bağlı mövqeyi, eləcə də Kuba və Venesuela ilə bağlı siyasət daxildir. Bu məsələlərin hər biri ABŞ-nin müttəfiqləri və tərəfdaşları ilə münasibətlərində əlavə diplomatik gərginlik yarada bilər.
- BMT Baş Assambleyasının 81-ci sessiyasında ABŞ və İsrailin mövcud həmfikir siyasəti ətrafında da hər hansı müzakirələr aparılması gözləniləndir?
- İsrailə qarşı tənqid bəzi hökumətlər üçün ABŞ-nin özünü birbaşa tənqid etməkdən daha az siyasi riskdir. Bu səbəbdən Qəzza, yaşayış məntəqələri və İsrailin regional siyasəti ilə bağlı çıxışların sayının artması mümkündür. Fələstində qeyri-qanuni hesab edilən məskunlaşmalara qarşı Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalara G7-nin bəzi üzvlərinin və bir sıra Aİ ölkələrinin dəstək verməsi də bu mövzunun Avropa daxilindəki siyasi çəkisini göstərir.
- Məlumdur ki, Avropa İttifaqının (Aİ) daxilində yaranan çatlar günbəgün dərinləşməkdədir, Ukrayna, müdafiə xərcləri, büdcə kəsirləri, borc yükü və ittifaqın gələcək institusional quruluşu ilə bağlı fikir ayrılıqları davam edir. İttifaqın taleyi ilə bağlı hansısa nəticələrin əldə edilməsi gözlənilir?
- 27 dövləti özündə birləşdirən Aİ və 32 üzvlü NATO-nun tərkiblərindəki dövlətlərin böyük çoxluqla üst-üstə düşməsi təhlükəsizlik və iqtisadi siyasət məsələlərini bir-birindən ayırmağı çətinləşdirir. Bir tərəfdən daha böyük iqtisadiyyata malik bəzi üzvlər Aİ büdcəsində xərclərin məhdudlaşdırılmasını istəyirlər. Digər tərəfdən Brüsseldəki siyasi rəhbərlik daha böyük maliyyələşməyə və bəzi sahələrdə üzv dövlətlər üzərində daha geniş səlahiyyətlərə ehtiyac olduğunu müdafiə edir. Aİ-nin genişlənməsi də bu müzakirələrin bir hissəsidir. Yeni üzvlərin qəbul edilməsi həm ittifaqın geosiyasi çəkisini artıra, həm də mövcud fikir ayrılıqlarını daha mürəkkəb hala gətirə bilər.
- Sessiyada ən çox diqqət çəkən məqamlardan biri də Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışı olacaq. Vladimir Putin və Aleksandr Lukaşenkonun sessiyada iştirak etməyəcəyini də nəzərə alsaq, Zelenski üçün bu iclas yeni tələblər və əldə ediləcək dəstəyin artması baxımından nə ilə yadda qala bilər?
- Rusiya-Ukrayna müharibəsinin uzanması fonunda Kiyevin hərbi, maliyyə və siyasi dəstək tələbləri davam edir. Eyni zamanda, Ukraynanın Aİ və NATO üzvlüyü ilə bağlı tələbləri də gündəmdə qalır. Ukrayna hökumətinin qarşıdakı illər üçün üçüncü tərəflərdən böyük həcmdə maliyyə və hərbi dəstək tələb etməsi bu məsələnin yalnız təhlükəsizlik deyil, həm də fiskal davamlılıq məsələsinə çevrildiyini göstərir. Bununla belə, əlavə maliyyə və hərbi yardımın müharibənin hərbi mərhələsini nə vaxt başa çatdıracağı və hazırda işğal altında olan ərazilərin hansı hissəsinin Ukraynanın nəzarətinə qaytarılacağı barədə avtomatik zəmanət vermədiyi də nəzərə alınmalıdır. Zelenskinin qarşısında başqa bir mürəkkəb məsələ də var: Ukraynanın Aİ və NATO-ya inteqrasiyası üçün siyasi dəstəyi qorumaq və eyni zamanda üzv dövlətlərin maliyyə, təhlükəsizlik və daxili siyasi məhdudiyyətlərini nəzərə almaq. Baş Assambleyanın 81-ci sessiyasında Rusiya Prezidenti Vladimir Putinin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirak etməməsi də sessiyanın siyasi mənzərəsinin bir hissəsidir. Putinin ABŞ-yə səfəri üçün hüquqi maneələrin olub-olmaması ayrıca məsələdir. Lakin onun BMT Baş Assambleyasına gəlməsi halında mümkün siyasi etirazlar və nümayəndə heyətlərinin reaksiyası çıxışın özündən daha çox diqqət çəkə bilərdi. Lukaşenkonun iştirakı isə ABŞ Administrasiyası ilə münasibətlər fonunda fərqli siyasi məna daşıya bilər. Əgər Lukaşenko Nyu-Yorkda olsaydı, onun Zelenski ilə mümkün görüşü xüsusilə diqqət çəkərdi. Lukaşenkonun Zelenski ilə görüşməyə hazır olduğu barədə açıqlamaları da bu kontekstdə əhəmiyyət qazanır.
- Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbasın ABŞ-yə gələ bilməməsi hansı mənanı daşıyır?
- Fələstin Prezidenti Mahmud Abbasın BMT Baş Assambleyasının 81-ci sessiyasından iştirak edə bilməməsi ayrıca diplomatik hadisədir. Vaşinqtonun ona viza verməməsi Fələstin məsələsinin BMT platformasında birbaşa siyasi dialoq imkanlarını məhdudlaşdırır. Başqa ssenaridə isə M.Abbasın Nyu-Yorkda olması ABŞ Prezidenti Tramp, Abbas və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mümkün üçtərəfli görüş üçün imkan yarada bilərdi. Belə bir görüş ABŞ-nin Yaxın Şərq siyasəti, Fələstin məsələsi və Türkiyənin regional rolu baxımından əhəmiyyətli siyasi mesaj verə bilərdi. Bu baxımdan, İsrail baş naziri Benyamin Netanyahunun sessiyada iştirakı ən çox izlənilən hadisələrindən biri olacaq. Onun çıxışı zamanı etiraz xarakterli nümayəndə heyətlərinin zalı tərk etməsi ehtimalı da yüksəkdir və siyasi diqqətin əsas istiqamətlərindən birinə çevrilə bilər.