Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ömər Eldarov: “Heydər Əliyev heykəltaraşın azərbaycanlı olmasını israr etdi” - MÜSAHİBƏ + FOTO
“Heydər Əliyev çox ziyalı, kübar, eyni zamanda sadə insan idi. Sağlığında ona heykəl qoyulmasına heç vaxt icazə vermirdi. Amma o dövrdə qüvvəyə minən qanuna görə, iki dəfə dövlət mükafatı alan rəhbər şəxslərin heykəli mütləq qoyulmalı idi. Elə o zaman Moskvada olmasına baxmayaraq, Heydər Əliyev tapşırdı ki, büstü azərbaycanlı memar hazırlamalıdır. Özü şəxsən mənimlə əlaqə saxladı və heykəli mənim düzəltməyimi istədi”.
Xalq rəssamı, heykəltaraş, “Şərəf”, “İstiqlal”, 1-ci dərəcəli “Əmək” və “Heydər Əliyev” ordenlərinin sahibi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sabiq rektoru Ömər Eldarov Oxu.Az ilə müsahibəsində ulu öndərlə bağlı dəyərli xatirələrini bölüşüb.
95 yaşlı rəssamla müsahibəni təqdim edirik:
- Heydər Əliyevin sağlığında qoyulan ilk büstünün müəllifi sizsiniz, elə deyilmi?
- Heydər Əliyev heç vaxt heç kimə icazə vermirdi ki, onun büstünü, heykəlini hazırlasın. Neçə dəfə ona təkliflər edilib, amma o qətiyyən razılıq verməyib. O qədər sadə insan idi. Sovet dövründə Ali Sovetin qəbul etdiyi bir qərar artıq məcburiyyət yaratdı ki, onun da heykəli ucaldılsın. Həmin qərara əsasən, kim iki dəfə qəhrəmanlığa görə təltif edilirdisə, onun mütləq büstü ucaldılmalı idi. Heydər Əliyev nizam-intizama, qayda-qanuna çox diqqət edən adam olub. Amma qərar qəbul edildikdən sonra başqa çıxış yolu qalmırdı. Qərarda ucaldılacaq büstün hansı materialdan, hansı ölçülərdə olması standartlar əsasında qeyd edilirdi. Üstəlik, büstün hazırlanması üçün şəxsin poza verməsi vacib idi.
- Bildiyim qədər, o dövrdə ulu öndər Moskvada idi. Necə oldu ki, büstü məhz siz hazırladınız?
- Bəli, Moskvada idi. Orada ona bir çox memarlar təklif edilib, əl işləri göstərilib. Amma Heydər Əliyev israrla büstü azərbaycanlının hazırlamasını istəyib. “Azərbaycanlı memarlar arasında büstü Ömər Eldarov hazırlasın”, - deyib. Bu mənim üçün çox böyük fəxrdir. Mən Moskvaya getdim və etüd hazırladım.
İş prosesində Heydər Əliyev düz iki saat eyni pozada dayandı. Öncə oturmuş vəziyyətdə təsvirini götürdüm, sonra xahiş etdim ki, daha şux görüntü üçün ayağa qalxsın. O da etiraz etmədi, çox sadə və mehriban insan idi. Daha sonra bu etüd əsasında onun ilk heykəlini ucaltdıq.
- Ömər müəllim, həmin heykəl harada ucaldıldı?
- Heykəlin ucaldılması üçün yer seçilməli idi. Qərar verildi ki, heykəl Naxçıvan Muxtar Respublikasında ucaldılsın. Mən, Tahir Salahov, Rasim Əliyev, Heydər Əliyevin qardaşı oğlu, köməkçisi birlikdə Naxçıvana yollandıq. Heydər Əliyevin köməkçisi deyirdi ki, heykəl bir az irəlidə, mərkəzi küçənin qarşısındakı parkın ortasında olsun. Mən isə məsləhət bildim ki, büstü Möminə Xatun meydanında bir qədər geridə qoyaq, arxa fonda isə Naxçıvanın əsas və mərkəzi hissələri görünsün. Bu, kompozisiyaya dərinlik qatırdı.
Heydər Əliyev sual verdi ki, “Seçimlərinizi deyin, görək, hara məsləhətlidir?” Hər kəs öz fikrini söylədi. Sonda soruşdu ki, Ömər Eldarov, siz heykəlin harada qoyulmasını tövsiyə edirsiniz? Mən də dedim ki, giriş hissədənsə bir qədər içəridə ucaldılsa, daha mötəbər görüntü olar. O mənim seçdiyim yeri təsdiqlədi və heykəl də orada ucaldıldı.
- Heykəlin açılış mərasimini necə xatırlayırsınız?
- Yaddaşım o qədər zəifləyib ki, tam detallı xatırlamıram. Amma təntənəli açılış mərasimi həyata keçirildi.
- Ulu öndərin sağlığında yalnız bir heykəl ucaldılıb?
- Bəli, yalnız bir heykəlin açılışında şəxsən özü iştirak etdi, bəyəndi. Digər heykəllərin, büstlərin hamısı onun vəfatından sonra hazırlanıb.
- Heydər Əliyevin həyat yoldaşı Zərifə xanımın ilk heykəlini də siz hazırlamısınız?
- Bu barədə Heydər Əliyev mənə zəng edəndə çox kövrəlmişdi. O məni Moskvaya, Kremlə dəvət etdi. Zərifə xanımın vəfatı onu çox üzmüşdü. Mənə dedi ki, Zərifə xanım Əliyevanın heykəlini hazırlayım.
- Heykəli Moskvada ucaltdınız, yoxsa buraya gətirdiniz?
- Əslində, heykəlin ilk olaraq Moskvada, Kremldə qoyulması nəzərdə tutulurdu. Heykəlin tanınmış, ziyalı insanların heykəllərinin ucaldıldığı məzarlıqda qoyulmasını düşünürdük. Orada 2x2 metrlik yer ayrılmışdı. Qərara gəldik ki, heykəli oturmuş vəziyyətdə, rus klassik üslubunda hazırlayaq. Materialın isə ağ mərmər olmasını düşündük. Bu heykəl üçün 50-dən çox eskiz hazırladıq, sonda qərar verdik ki, oturmuş halda hazırlansın.
Heydər Əliyev Naxçıvana gələndə heykəlin Kremldə yox, Bakıda qoyulmasını istədi. Heykəlin yeri dəyişdiyi üçün biz onun materialını dəyişməli olduq. Ağ mərmər elə materialdır ki, üzərinə ləkə düşdüsə, bərpa edilmir. Hər hansı zədələnmə olanda çox tez büruzə verir. Təklif elədim ki, heykəli bürüncdən hazırlayaq. Bu material min il davamlıdır. Nəhayət, heykəli hazırkı yerində ucaltdıq.
- Heydər Əliyev incəsənətə, mədəniyyətə önəm verən şəxsiyyətlərdən olub. Onun sizinlə səmimi söhbətləri olurdumu?
- Bəzi insanlar bilmirlər, amma Heydər Əliyevin arzusu rəssam olmaq idi. Amma həyat ona daha uca və məsuliyyətli mərtəbəni, ulu öndər və dahi şəxsiyyət olmağı nəsib etdi. O, Naxçıvanda Pedaqoji Texnikumda təhsilini bitirəndən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdu. 1941-45 müharibəsi başlayanda ikinci kursda idi. O, təhsilini yarımçıq qoydu və Daxili Qoşunlara yazıldı. Daha sonra həyat onu tam fərqli sferaya yönləndirdi.
O mənim emalatxanama gəlib, amma burada rəsm çəkməyib. Uşaq yaşlarında çəkdiyi rəsmləri mənə göstərirdi. O yaş üçün çox gözəl əl işləri var idi. Şamil Qazıyev Naxçıvanda Heydər Əliyevin orta məktəbdə ilk rəsm müəllimi olub. İndi o illəri adam xatırlayanda qəribə hisslər keçirir. Onun böyük qardaşı Hüseyn Əliyev Xalq rəssamı olub. Heydər Əliyev rəssamlarla çox yaxın, səmimi olub.
Bu il ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi qeyd edilir. Onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
- Heykəl hazırlayan digər memarlar haqqında danışdığımız etüdü heç sizdən istəyiblərmi?
- Xeyr, heç kim istəməyib. Bu büstü yalnız mən özüm üçün istifadə etmişəm. Digər heykəlləri hazırlayan memarlar fərqli üslublarda çalışıblar.
Daha çox foto burada: PhotoStock.Az
Könül Cəfərli