Azərbaycanda yeni Baş nazir təyin edilib. Novruz Məmmədovun əvəzinə ölkənin hökumətini Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov rəhbərlik edəcək. Yeni Baş nazirin namizədliyini Milli Məclis bu gün keçirilən plenar iclasda təsdiqləyib.
Hökumət başçısının dəyişdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi islahatların bir hissəsidir. Söhbət kadr islahatlarından, o cümlədən, hökumətin cavanlaşdırılmasından gedir. Bununla əlaqədar son bir il yarım ərzində ölkədə nazirlik və digər idarələrin rəhbərləri daxil olmaqla müvafiq kadr dəyişiklikləri baş verib.
“Önümüzdəki illərdə iş mühitinin yaxşılaşdırılması üçün əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadi sahədə tam şəffaflığı təmin etmək, bütün mənfi hadisələrə son qoymaq lazımdır”, - İ.Əliyev 2018-ci il aprelin 18-də keçirilən inauqurasiya mərasimində deyib.
Dövlət başçısı qeyd edib ki, ölkənin qarşısına qoyduğu məqsədlərə, o cümlədən, islahatların səmərəli həyata keçirilməsinə nail olmaq üçün yetişmiş kadr potensialı lazımdır.
2018-ci il aprelin 21-də - bir il yarım əvvəl – 71 yaşlı Novruz Məmmədov Baş nazir postunda 20 il Azərbaycan hökumətinə rəhbərlik edən (qısa fasilələrlə) 83 yaşlı Artur Rasizadəni əvəz etdi.
Prezident yeni Baş nazirə böyük ümidlər bəsləyirdi, ancaq zaman göstərdi ki, N.Məmmədov dövlət başçısının onun qarşısına qoyduğu vəzifələrin öhdəsindən gəlməyib. Xüsusilə, son bir il yarım ərzində respublikada iqtisadi islahatların təşkili kifayət qədər effektiv aparılmayıb. Ümumi daxili məhsulun nisbətində tələb olunan artım səviyyəsinə nail olmaq mümkün olmayıb. Hökumətin səmərəliliyinin artırılması baxımından ciddi problemlər mövcuddur.
Bununla yanaşı, onu qeyd etmək lazımdır ki, heç kim N.Məmmədovun sədaqətini şübhə altına almır. O, hələ Prezident Heydər Əliyev tərəfindən hökumətə daxil edilib. Son 16 ildə hazırkı dövlət başçısı İlham Əliyevin komandasında çalışır.
Növbəti dəfə qeyd etmək lazımdır ki, hökumət başçısının dəyişdirilməsi N.Məmmədovun sədaqəti ilə bağlı deyil. Problem ondadır ki, o, prezident tərəfindən qarşısına qoyduğu vəzifələrin öhdəsindən gəlməyib. Yəni bu gün yalnız sədaqət kifayət deyil. Həqiqi nəticələrə nail olmaq, həmişə təsirli olmaq və uğurlarımıza arxalanmamaq lazımdır. Keçmişin xidmətləri – bu, səmərəsizliyin və səriştəsizliyin bəxşişi deyil. Hazırkı vəzifələri və bu günün tələblərini yerinə yetirməyə hazır olmaq lazımdır. Bu siqnal ilk növbədə uzun müddət rəhbər vəzifələri tutanlara aiddir.
Bir qayda olaraq, hər hansı bir ölkədə hökumət başçısının dəyişdirilməsi bütün hökumət məmurları üçün bir xəbərdarlıqdır. Azərbaycan da istisna deyil. Şübhəsiz ki, artan tələblər onlara şamil ediləcək, çünki yuxarıda qeyd edildiyi kimi, nailiyyətlərə arxalanmaq cəmiyyətin, iqtisadiyyatın və bütövlükdə ölkənin sonrakı inkişafına mənfi təsir edə bilər.
Prezident ictimai-siyasi və iqtisadi proseslərin durğunluğunun qarşısını almaq üçün son bir il yarım ərzində bir neçə dövlət qurumunun rəhbərlərini əvəz edib.
Son dövrlərdə nazirlik rəhbərləri vəzifələrinə təyinatlar Azərbaycan siyasətinin cavanlaşma meylinin bariz nümunəsidir. Hazırda Nazirlər Kabinetinə daxil olan 43 vəzifəli şəxsin orta yaşı 55,09 təşkil edir, əvvəlki dövrlər və əvvəlki nazirlər ilə müqayisədə bu göstərici xeyli aşağıdır.
Sahil Babayevin (38 yaş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), İnam Kərimovun (42 yaş, Kənd Təsərrüfatı Nazirliyi), Ceyhun Bayramovun (45 yaş, Təhsil Nazirliyi), Ramin Quluzadənin (42 yaş, Azərbaycan Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi), Vüsal Hüseynovun (39 yaş, Azərbaycan Dövlət Miqrasiya Xidməti) və digərlərinin təyinatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cavanlaşma siyasətinə nümunə ola bilər.
Kabinetin cavanlaşması hökumətin əvvəlkindən daha yaxşı olacağına ümid etməyə imkan verir. Köhnə kadrların gənclərlə əvəzlənməsi prosesi təkcə ölkənin əsas dövlət strukturlarında deyil, digər qurumlarda da baş verir.
Azərbaycanın yeni baş nazirinin 62 yaşı var. Çox təcrübəli iqtisadçıdır - ölkənin ən güclü iqtisadi bilik sahiblərindən biridir. Buna görə də onun belə yüksək vəzifəyə təyin olunması, şübhəsiz ki, ölkə üçün bir xeyirdir.
Əminik ki, Azərbaycanın dövlət idarəçiliyində islahatlar bundan sonra da davam edəcək. Onların məqsədi idarəetmənin səmərəliliyini artırmaq, iqtisadi böyüməni lazımi səviyyədə təmin etmək və dövlət qurumlarının işində şəffaflığa nail olmaqdır.
Yüksək vəzifələrə təyinat prezidentin məmurlara potensiallarını reallaşdırmaq üçün verdiyi bir şansdır. Dövlət başçısı onların qarşısına dəqiq tapşırıqlar, aydın məqsədlər qoyur və onlara çatmaq üçün resurslar verir. Bir şəxs öhdəsindən gəlmirsə, onu başqa, daha effektli idaredici ilə əvəz edirlər. Bu, iqtisadiyyatın və cəmiyyətin uğurlu inkişafı üçün lazımdır.
Rasim Babayev