Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Politoloq: Üçüncü tərəf “Keşikçidağ” böhranından istifadə edir
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Keşikçidağ” abidələr kompleksi ətrafında gərginlik bir qədər səngiyib. Lakin problemin həll edildiyini demək çətindir.
Gürcüstanlı politoloq Qela Vasadze Media.Az-a bəyan edib ki, sərhəddəki məsələlər uzun illər həll edilməyəndə hər şeyi gözləmək olar.
Onun sözlərinə görə, 2012-ci ildən sonra tərəflər arasında əlaqə kəsilib, heç kəs problemə diqqət yetirməyib:
“Bu il, iki ay əvvəl vəziyyət gərginləşib. Elə həmin vaxt danışıqlar başlayıb. Axı problemi çox tez həll etmək olar. Ekspertlərin işi kömək etməkdir. Lakin yekun qərarı hakimiyyət qəbul etməlidir”.
- Sizə elə gəlmirmi ki, gərginlik kənar qüvvələr tərəfindən süni şəkildə yaradılır? Ola bilməz ki, uzun illər hər şey sakit olsun və qəflətən 2019-cu ildə iki dəfə gərginlik qeydə alınsın...
- Şübhəsiz. Üçüncü tərəf problemimizi həll etməməyimizdən istifadə edir. Bir addım geri ataraq təcili şəkildə bu məsələ ilə məşğul olmalıyıq. Lakin Gürcüstan və Azərbaycan özlərini pis vəziyyətə qoyublar, kənar qüvvələrin istifadə etdiyi vəziyyət yaranıb.
- Belə bir versiya var ki, indiki gərginlik ABŞ-İran qarşıdurması və ABŞ-ın İrana zərbə endirmək niyyəti ilə bağlıdır. Bu plan çərçivəsində Cənubi Qafqazda sərhədlərin hər hansı yenidən dəyişdirilməsi imkanı müzakirə edilir...
- Yenidən necə dəyişdirmək? Belə versiyaları irəli sürən ekspertlər Gürcüstanın harada yerləşdiyini bilirlərmi? Yaxşı, deyək ki, ABŞ İrana hücum etmək qərarına gəldi. Cənubi Qafqaz onların nəyinə lazımdır? ABŞ-ın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi müttəfiqləri var. Orada onların bazaları, aviasiya daşıyan gəmiləri mövcuddur.
- Söhbətimizin başlanğıcında dediniz ki, monastır kompleksi məsələsini tez və asan həll etmək mümkündür.
- Mən bu barədə çox danışmışam. Ümumi tarixi-mədəni qoruq yaradılır. Sərhəd postları bu qoruqdan kənar qoyulur. Gürcüstan tərəfindən bu zonaya daxil olan turistlər, qonaqlar məhz Gürcüstanın nəzarət-buraxılış məntəqəsi vasitəsilə girirlər. Azərbaycan tərəfindən bu kompleksə gələnlər isə eyni yolla Azərbaycan postları vasitəsilə daxil olurlar.
- Axı siz bilirsiniz ki, bu qərarı süngü ilə qarşılayan insanlar həmişə tapılacaq.
- Bax, hakimiyyət bunun üçündür ki, cəmiyyətə nəyin nə olduğunu izah etsin. Bir şey olsa, biz ekspertlər birliyi kömək edəcəyik.
- Yaxşı ki, bu yaxınlarda azərbaycanlı sərhədçinin avtomatının əlindən alınmasına cəhdlə bağlı insidentdə ölən olmayıb. Bəs bundan sonra nə olacaq?
- Sadəcə olaraq, təxribata əsas vermək lazım deyil. Mən Gürcüstan tərəfinin təqsiri barədə çox demişəm və deyirəm. Unutmayaq ki, bu, bizim ümumi – Gürcüstan-Azərbaycan problemidir və məsuliyyətidir. Bakı və Tbilisinin hərəkətləri sinxronlaşdırılmalıdır. Gürcüstan və Azərbaycandakı vətəndaş cəmiyyətləri isə qarşılıqlı anlayış tapacaqlar. Mən buna əminəm. Əlbəttə ki, gərginliyin davam etməsini istəyən qüvvələr də var.
- Gürcüstan mətbuatında monastır kompleksi ətrafındakı vəziyyətlə bağlı məqalələrin tonallığı necədir?
- Tonallıq müxtəlifdir. Siyasi isteblişment hər şeyi yaxşı başa düşür və sakitliyə çağırışlar edir. Axı hər şeyi korlamaq üçün bir axmaq kifayət edir, axmaqlar isə çoxdur. Lakin hakimiyyətlərimiz axmaq deyil. Sakitləşmək və dinc şəkildə razılaşmaq lazımdır. Bu, Gürcüstan və Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir.
Mövzuya aid xəbərlər
- Gürcü jurnalist: “Keşikçidağ” böhranı Zurabişvilinin məsuliyyətsiz bəyanatlarının nəticəsidir
- Azərbaycan sərhədçiləri Gürcüstana niyə atəş açmadılar?
- Prezidentin xüsusi nümayəndəsi: Keşikçidağ hər zaman Azərbaycan ərazilərinə aid olub
- Gürcüstandan “Keşikçidağ” qadağası - Hərbçilərə əmr verildi
- “Azərbaycan Gürcüstanla sərhədi bağlamalıdır” - Deputatlardan sərt çıxış