Qarşıdan gələn yeni dalğa müsəlmanların inkişafına səbəb olacaq.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu politoloq Vəfa Quluzadə dünyada cərəyan edən hadisələrdən danışarkən söyləyib.
O deyib ki, tarixdə elm, incəsənət, ədəbiyyat və məişət mədəniyyəti müsəlman aləmində inkişaf edib. Qərbin müsəlman aləminin parıltısı qarşısında gözü həmişə qamaşıb: “Təəssüflər olsun ki, indi proseslər başqa istiqamətə yönəlib. Qərb inkişaf edir Bu gün müqayisəolunmaz vəziyyət yaranıb.”
Dünyanın dəyişməyə doğru getdiyini bildirən politoloq vurğulayıb ki, bu gün xristian aləmi böhran içindədir. ABŞ-da və Rusiyada müəyyən hadisələr cərəyan edir:
“Son illər miqrant axınları ABŞ-ı tamamilə dəyişib. İndi bu ölkənin ikinci dili ispan dilidir. Barak Obama iqtidarı olduqca zəifləyib.
Suriyaya hərbi gəmiləri göndərsə də, zərbə endirə bilmədi. Bu zəiflik əlamətidir. Əslində, zərbənin endirilməsi məqsədəuyğun deyildi. Çünki nəticələri olduqca pis olacaqdı. Bir çox məsələlərdə ABŞ-ın zəifliyini hiss edən Rusiya indi meydan oxumağa başlayıb. Bunun hamısı Qərb və xiristian aləminin böyük böhranının nümunələridir və bunlar artmağa doğru gedəcək”.