Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Prezident BMT-dəki çıxışında Azərbaycanın Ermənistan qarşısında şərtini açıqladı
BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın təxribatları barədə geniş danışıb.
Oxu.Az-ın müxbiri xəbər verir ki, Prezident İlham Əliyev Ermənistanın bu ilin martın 30-da Azərbaycanın işğal altındakı torpaqlarında qondarma seçki keçirdiyini xatırladıb.
İlham Əliyev Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməsinin regional sülhə və təhlükəsizliyə təhdid olduğunu bildirib.
“Ermənistan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesini pozmağa cəhd edir. Ermənistan status-kvonu saxlamaq və işğal edilmiş torpaqların ilhaqını həyata keçirmək istəyir. Ermənistanın baş naziri qəsdən danışıqlar prosesinin formatını və mahiyyətini dəyişmək istəyir. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesi üçün ciddi zərbədir”, - deyə İlham Əliyev əlavə edib.
Prezident Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı 7 şərt irəli sürməsinin qəbuledilməz olduğunu da diqqətə çatdırıb:
“Onun 7 şərti bizim tərəfimizdən rədd edilib. Bizim sülhə nail olmaq üçün yalnız bir şərtimiz var. Bunun üçün isə Ermənistan qoşunları Azərbaycanın işğal altındakı bütün torpaqlarından çıxarılmalıdır”.
Prezident İlham Əliyev bildirib ki, Ermənistan müdafiə naziri “yeni ərazilər üçün yeni müharibə” barədə məlumat verib:
“Ermənistan həm də Azərbaycanın əsas şəhərlərini, sivil infrastruktur obyektlərini – Mingəçevir Su Anbarını və Səngəçal terminalını təhdid edir. Səngəçal dünyanın ən böyük neft-qaz terminallarından biridir, Bakının yaxınlığında yerləşir, 10-larla ölkənin enerji təhlükəsizliyini təmin edir”.
Prezident onu da bildirib ki, Ermənistan müxtəlif ölkələrdən yığdığı muzdluları və terrorçuları Azərbaycana qarşı istifadə edir.
“Ermənistan bu gün terrorçuluğun sponsorudur”, - deyə İlham Əliyev əlavə edib.
Aqşin Kərimov