Bu gün Qarabağ məsələsində çox həssas bir məqam yaşanır.
Xüsusilə Vyana görüşündə danışıqların formatının dəyişdirilməsinin qeyri-mümkünlüyünün və sülh danışıqlarının davam etdirilməsinin, o cümlədən, Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin telefon danışıqlarında prosesin fəallaşdırılmasının vurğulanması çox önəmli bir məsələdir.
Azərbaycanın danışıqlar prosesində üstünlüyü açıq-aşkardır və bu, bizim Qarabağla bağlı arzularımızı, işğalın bitməsinə olan inamımızı bir daha artırmaqdadır.
Oxu.Az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.
O qeyd edib ki, Qarabağ təkcə Azərbaycanın deyil, bütün türklərin, Türk dünyasının məsələsidir.
Onun sözlərinə görə, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır.
“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyası ilə bağlı məsələlərdə, xüsusilə Qarabağ məsələsində bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.
Bu məsələdə alimlərimizin, aydınlarımızın, şairlərimizin, yazar və jurnalistlərimizin üzərinə çox böyük missiya düşür. Daha fəal olmalıyıq, daha fəal olmalıdırlar. Ümumiyyətlə, bütün türk-müsəlman coğrafiyasında yaşayan, acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq.
Bu gün Suriyada Bayırbucakda, İraqda Təlafərdə, Kərkükdə, Ahısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa, onlara hər zaman əlimizdən gələn köməyi əsirgəməməliyik”, - deyə millət vəkili əlavə edib.
Kamil HƏMZƏOĞLU