Şərqi Qüdsün işğalının 50 illiyi ilə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekunları üzrə İsrail tərəfindən Məbəd dağındakı Əl-Əqsa məscidinin ziyarət edilməsinə qoyulmuş qadağa ilə əlaqədar kommunike qəbul edilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Fələstin xalqının ayrılmaz hüquqlarının icrası üzrə BMT Komitəsi adından qəbul edilən kommünikedə bu qərarla əlaqədar ciddi narahatlıq ifadə olunur.
Bildirilir ki, bu tədbirlər tarixi status-kvo və beynəlxalq hüququ pozur.
“Beynəlxalq ictimaiyyəti tarixi status-kvonu dərhal təsdiqləməyə və işğalçı tərəf olan İsrailə həyata keçirdiyi tədbirlərin, o cümlədən metal detektorların quraşdırılmasının dayandırılması və beynəlxalq öhdəliklərə əməl edilməsi üçün təzyiq göstərməyə çağırırıq”, - sənəddə deyilir.
Konfrans iştirakçıları 1967-ci ildən işğal olunmuş Fələstin ərazilərində, o cümlədən Şərqi Qüdsdə demoqrafik tərkibin dəyişdirilməsi istiqamətində addımların beynəlxalq qınağını təsdiqləyiblər. Həmçinin vurğulanır ki, yalnız İsrail işğalının dayandırılması ədalətli və uzunmüddətli sülhə yol açacaq.
N.О.