Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Rio Trio" təşəbbüsü iqlim dəyişikliyi ilə mübarizədə kollektiv fəaliyyətin simvoludur
COP29 çərçivəsində Kolumbiya, Azərbaycan və Səudiyyə Ərəbistanının "Rio Trio" təşəbbüsü tərəfindən təşkil olunmuş "Ekosistemlərin dayanıqlığının təmin edilməsi məqsədilə konvensiyalar arasında bilik mübadiləsinin genişləndirilməsi" mövzusunda yüksəksəviyyəli dialoq keçirilib.
Oxu.Az-ın verdiyi məlumata görə, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva vurğulayıb ki, iqlim dəyişikliyi problemləri sərhədlərdən və sahələrindən kənara çıxır və onların həlli "Rio"nun bütün konvensiyaları üzrə əlaqələndirilmiş iş tələb edir.
"Uğur əldə etmək üçün biz təcrid olunmuş qaydada işləməməliyik, birgə həll yolları tapmaq üçün bütün konvensiyalar üzrə səylərimizi əlaqələndirmək lazımdır", - deyə U.Tağıyeva qeyd edib.
Onun sözlərinə görə, bütün "Rio" konvensiyaları üzrə birgə iş göstərir ki, səyləri birləşdirmək bizə daha çox nailiyyətlər əldə etməyə imkan verir.
Nazir müavini problemsiz inteqrasiyanı təmin etməklə, hər bir konvensiyanın unikal roluna hörmətlə yanaşan məlumatların paylaşılması yollarının yaradılmasının zəruriliyini vurğulayıb.
"Bu platforma iqlim, biomüxtəliflik və torpaqların bərpası ilə bağlı irəliləyişi izləmək üçün aydın, ümumi metrika və indikatorlara malik olmalıdır. Bütün konvensiyalar üzrə üsullarımızı razılaşdırmaqla biz təkrarlamanın qarşısını ala, hesabatlılığı sadələşdirə və səylərimizin bir-birini dəstəkləməsinə əmin ola bilərik", - o bildirib.
U.Tağıyeva yerli xalqların və icmaların biliklərinin nəzərə alınmasının vacibliyini də qeyd edib.
"Onların fikirlərini məlumat sistemlərimizə daxil etməklə, biz öz anlayışımızı dərinləşdirə bilərik. Bu yanaşma həllərin təkcə texniki cəhətdən düzgün olmasını deyil, həm də praktiki cəhətdən aktual olmasına zəmanət verir", - nazir müavini vurğulayıb.
"Problemlərimiz böyükdür, lakin fəaliyyət üçün imkanlarımız da çox böyükdür. Biz bilikləri necə paylaşdığımızı harmonizasiya etməklə daha yaxşı siyasətin ərsəyə gətirilməsinə, daha güclü hesabatlılığa və daha güclü tərəfdaşlığa töhfə verə bilərik", - deyə U.Tağıyeva yekunlaşdırıb.
Daha sonra Kolumbiyanın ətraf mühit və davamlı inkişaf nazirinin müavini Tatyana Roa Avendanyo çıxış edib.
Onun sözlərinə görə, 2022-ci il üçün "Canlı planet" hesabatı planetimizdə biomüxtəlifliyin itkisinin təhdidedici səviyyəsini göstərib.
"Bir milyondan çox növ, əsasən yaşayış yerlərinin məhv olması və iqlim dəyişikliyi səbəbindən yox olmaq təhlükəsi altındadır.
Söhbət üçqat ekoloji böhrandan gedir, hətta bəziləri bunu sivilizasiya böhranı adlandırırlar. Dünyanın ÜDM-inin 50%-dən çoxu birbaşa təbii ehtiyatlardan və ekosistemlərdən asılıdır. Ona görə də, bu böhranı aradan qaldırmaq üçün birlikdə hərəkət etmək son dərəcə vacibdir", - Avendanyo vurğulayıb.
O qeyd edib ki, biomüxtəlifliyin qorunmasında Kolumbiyada daha sağlam ərazilərin idarə olunmasında əsas rol oynayan yerli xalqlar və icmalardır.
"Bizim onlardan öyrənəcəyimiz şeylər var", - nazir müavini bildirib.
Avendanyonun sözlərinə görə, Kalidə (Kolumbiya) sonuncu dəfə keçirilən biomüxtəliflik üzrə konfrans yerli və afro-kəndli xalqların geniş iştirakını təmin etmək müvəffəq olub. O, biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyi ilə mübarizə arasında sinerjinin zəruriliyini vurğulayıb.
"Yaşayış üçün uyğun olan iqlimin təmin edilməsi və biomüxtəlifliyin qorunması bir-birinə kömək edən əsas məqsədlərdir. Bu istiqamətdə COP16-da əldə olunan irəliləyiş gələcək uğurlara ümid verir", - nazir müavini yekunlaşdırıb.
Öz növbəsində, Səudiyyə Ərəbistanının nümayəndəsi, "National Center for Vegetation Cover"in baş direktoru Xalid bin Abdulla Əl-Əbdülqadir çıxışı zamanı deyib:
"Bizim COP konferensiyaları çərçivəsində səyahətimiz Kanadada başladı, burada bizi təbiətin mühafizəsinə dair ortaq bağlılıq birləşdirdi. Bu gün biz insanlar, təbiət və iqlimə xeyir naminə fəaliyyətə dəstək olmaq üçün Bakıdayıq. Səyahətimiz Ər-Riyadda başa çatacaq və burada quraqlığa və torpağın deqradasiyasına davamlılığın artırılması üzrə üsullar müzakirə olunacaq".
Xalid bin Abdulla Əl-Əbdülqadir vurğulayıb ki, bu görüş istənilən tərəqqinin təməl daşı olan əməkdaşlığın gücünü nümayiş etdirir.
"Təklikdə biz az bir şey əldə edə bilərik. Birlikdə isə biz transformativ dəyişikliyə nail ola bilərik.
Bu ruhda Səudiyyə Ərəbistanı Kolumbiya və Azərbaycanla birlikdə planetin gələcəyi naminə radikal əməkdaşlığa sadiqliyi gücləndirən "Rio Trio" Bəyannaməsini irəli sürüb. Torpaq həm biomüxtəliflik, həm də iqlim fəaliyyəti üçün əsasdır və çox ehtiyac duyulan sinerjini dəstəkləmək üçün bu fundamental resursdan istifadə etmək bizim borcumuzdur", - o qeyd edib.
Səudiyyə Ərəbistanının nümayəndəsi əlavə edib ki, 2024-cü il dekabrın 2-dən 13-dək Ər-Riyadda keçiriləcək tədbirdə ölkə etibarlı gündəmi müəyyən etməklə, "Rio Trio" Bəyannaməsinin impulsunu artırmağı planlaşdırır.
"Məqsədimiz aydındır: davamlı əməkdaşlıq və ölçülə bilən təsiri təmin edəcək hərtərəfli iş planı və dinamik kommunikasiya strategiyası hazırlamaq", - Xalid bin Abdulla Əl-Əbdülqadir bildirib.
Gündəmin həyata keçirilməsini dəstəkləmək üçün qeyri-dövlət subyektlərinin cəlb edilməsinə xüsusi diqqət yetiriləcək. Səudiyyə Ərəbistanı torpağa, təbiətə və iqlimə üçqat fayda verəcək yüksəkkeyfiyyətli və effektiv tədbirlərə ümid edir.
"Bu missiya iddialıdır, lakin heç birimizin təkbaşına edə bilmədiyi şeyə birlikdə nail ola bilərik. Mən hər kəsi "Rio Trio"nun gündəmini bizimlə istiqamətləndirməyə çağırıram", - Səudiyyə Ərəbistanının nümayəndəsi yekunlaşdırıb.
Rufina Abdullayeva
"COP29" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT