Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rizvan Hüseynov: "Ermənistanın sülh müqaviləsi imzalamaqdan başqa seçimi yoxdur!"
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə verdiyi açıqlamada Ermənistanla aparılan danışıqlar nəticəsində sülh müqaviləsi mətni ilə bağlı müzakirələrin tamamlandığını və qarşı tərəfin Azərbaycanın təkliflərini qəbul etdiyini bildirib.
Bu mövzuda razılığa gəlmək hansı mənanı daşıyır? Həqiqi anlamda davamlı sülh və sabitliyin təmin edilməsi üçün Ermənistanın növbəti mərhələdə nə etməsi lazımdır?
Oxu.Az-a müsahibə verən Azərbaycan Qafqaz Tarixi Mərkəzinin rəhbəri, siyasətşünas Rizvan Hüseynov Ermənistanı sülh müqaviləsi imzalamağa məcbur edən beynəlxalq səviyyədə dəyişən geosiyasi şəraitdən danışıb:
"Son hadisəni Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında böyük irəliləyiş kimi qiymətləndirə bilərik. Nəticə etibarilə tərəflər regionda sabitliyi təmin edəcək sülh müqaviləsinin imzalanmasına çox yaxınlaşıblar. Prosesin belə inkişaf etməsinə səbəb olan özünəməxsus amillər və xarici təsirlər mövcuddur. Əlbəttə, burada ABŞ-də Trampın, yəni Respublikaçılar Partiyasının qələbəsinin böyük rolu var. Demokratik Partiyadan fərqli olaraq Tramp administrasiyası dünyanın müxtəlif regionlarındakı münaqişələrə müdaxilə etməyə o qədər də maraqlı deyil. Ermənistan da bunu anlamağa başlayıb. Yaranan yeni geosiyasi kontekstdə İran və Fransadan Ermənistana yardım yolları bağlanıb. ABŞ də buna maraq göstərmir. Digər bir məsələ isə Suriyada baş verən son hadisələrdir. Türkiyənin Suriya və Yaxın Şərqdə mövqeyinin güclənməsi onun və Azərbaycanın Cənubi Qafqazda təsirinin artmasına səbəb olub. Üçüncü səbəb isə Ermənistanla Rusiya münasibətlərinin pisləşməsidir. Paşinyanın üzünü tamamilə Qərbə çevirməsi onu Rusiyanın təhlükəsizlik çətirindən məhrum edib. Bütün bunlara görə, Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməyə məcbur qalıb".
Rizvan Hüseynov Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq üçün atması lazım olan digər addımlardan da danışıb:
"Digər tərəfdən sülh müqaviləsi mətni ilə bağlı razılığa gəlmək prosesin bitməsi mənasına gəlmir. Ermənistan Konstitusiyasını dəyişməli, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından, uydurma soyqırımı ittihamlarından əl çəkməlidir. Bunun təmin edilməsi halında tərəflər arasında bu ilin sonunda və ya 2026-cı ilin əvvəlində sülh müqaviləsi və ya ona yaxın sənədin imzalanması mümkün ola bilər".
Söhrab İsmayıl
"Azərbaycanla Ermənistan arasında sülh sazişi" teqi üzrə xəbərlər
- Paşinyan Makronla Cənubi Qafqazdakı sülh prosesini müzakirə edib
- Ərdoğanın müşaviri: "Azərbaycanla Ermənistan arasında davamlı sülhün olacağına inanırıq"
- Türkiyənin sabiq xarici işlər naziri: "İşğal dövründə Ermənistana xəbərdarlıq etmişdim"
- Səudiyyə Ərəbistanından Azərbaycan-Ermənistan sülh sazişi ilə bağlı paylaşım
- Moldova Azərbaycan-Ermənistan sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayır