"Ötən 30 ildə Azərbaycan-Xorvatiya əlaqələri müxtəlif sahələr üzrə uğurla inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova xorvatiyalı həmkarı ilə birgə keçirilən brifinqində deyib.
Spiker bildirib ki, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərinə nəzər yetirdikdə, qarşılıqlı ticarət göstəricilərinin yüksək səviyyədə olduğunu müşahidə edirik:
"Enerji sahəsi iqtisadi əlaqələrimizdə mühüm yerə malikdir. Bildiyiniz kimi, bu gün Azərbaycan on Avropa, o cümlədən səkkiz Avropa İttifaqı ölkəsinə qaz ixrac edir ki, Xorvatiya da bu ölkələrdən biridir.
Müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün müntəzəm müzakirələr aparılır. Bu mənada, "İqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiya"nın fəaliyyəti xüsusi aktuallıq kəsb edir.
Mən, həmçinin Azərbaycanla Xorvatiya arasında minatəmizləmə sahəsində əməkdaşlığı vurğulamaq istərdim ki, bu əməkdaşlıq işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi baxımından əhəmiyyətə malikdir".
"Düşünürük ki, iqtisadiyyat, enerji, nəqliyyat, sahibkarlıq, təhsil, mədəniyyət kimi istiqamətlər üzrə fəaliyyət göstərən komitələrimiz arasında sıx işbirliyi, təcrübə mübadiləsi çox faydalı olacaq. Təbii ki, bütün bu işlərin həyata keçirilməsində əsas məqsədimiz odur ki, xalqlarımızın təmsilçiləri olaraq, biz parlament üzvləri daha da sıx əməkdaşlıq edərək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıraq və ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəmizi verək. İnanıram ki, biz birgə səylərimizlə bu məqsədə nail olacağıq", - deyə parlament sədri fikrini yekunlaşdırıb.
Mərahim Nəsib