Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar “Amerikanın Səsi”-nə müsahibəsində ABŞ - Azərbaycan diplomatik münasibətlərinin 22-ci ildönümündən danışıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, səfir Morninqstar onu dövlət çevrilişində ittiham edənlərə cavab verib.
ABŞ-Azərbaycan münasibətlərindən danışan səfir vurğulayıb ki, “ilk öncə, bu münasibətlərin qurulmasından 22 il keçməsinə inanmaq çətindir”.
“Mən Azərbaycana 19 il bundan əvvəl ilk dəfə səfər etmişəm. Vaxt sürətlə keçib gedir.
Ümumilikdə deyə bilərəm ki, əlaqələrimiz yaxşı olub. Ölkələrimiz arasında bir sıra məsələlərdə ortaq maraqlar var. Bunların arasında demokratik və iqtisadi islahatlar da var və bu sahələrdə ölkələrimiz arasındakı əməkdaşlığı davam etdirməliyik.
Eyni zamanda, ölkələrimiz arasında çoxlu ortaq maraqlar olan sahələr var ki, bu sahələr üzrə işimizi davam etdirməliyik. Geosiyasi, təhlükəsizlik sahələrində əməkdaşlığımız mövcuddur və təhlükəsizlik sahəsinə aid olan məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, terrorizmlə mübarizə, eyni zamanda ölkələrimiz arasında yaxşı əlaqələrin olduğu Əfqanıstan məsələsini qeyd etmək istəyirəm. Bütün bu əlaqələr həm ABŞ, həm də Azərbaycanın marağındadır. Bu qeyd etdiyimiz məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi hər iki ölkənin marağındadır”.
Bundan başqa, Morninqstar iki ölkə arasında enerji əməkdaşlığından da bəhs edib:
“Eyni zamanda, enerji məsələləri üzrə və həmçinin qeyri-enerji sahələrində də əməkdaşlığımızı davam etdirməliyik. Buraya Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi də daxildir.
Bildiyiniz kimi, bizim ən güclü əlaqələrimiz demokratik ölkələrlədir və bu baxımdan Azərbaycanla sıx əməkdaşlığımızı davam etdirməliyik.
Birləşmiş Ştatlar Azərbaycanda rejim dəyişikliyində, Azərbaycanda çevriliş edilməsində maraqlı deyil. Azərbaycanın siyasi gələcəyi tamamilə Azərbaycan xalqının özündən asılıdır”.