Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinin Azərbaycana gözlənilən səfəri dünən çox yüksək səviyyədə baş tutdu. Bu, Putinin Azərbaycana son beş il ərzində dördüncü, son dörd ay ərzində ikinci səfəri idi. Ümumiyyətlə, bu iki dost dövlətin prezidentləri arasında son dörd ay ərzində baş tutan dördüncü görüş idi.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Eldar İbrahimov deyib.

“Cənab Putinin səfəri əvvəlcədən elan edildiyi kimi, daha çox Azərbaycanda keçirilən cüdo üzrə dünya çempionatını izləmək və IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasiminə qatılmaq olsa da, təbii ki, bu səfərdə və səfər zamanı iki dövlət başçısının keçidiyi təkbətək görüşdə digər bir sıra mühüm məsələlər də müzakirə mövzusu oldu.
Bu, əvvəlcədən də ehtimal olunurdu və gözlənilənlər baş verdi”, - deyən millət vəkilinin sözlərinə görə, iki ölkə rəhbərinin təkbətək görüşündə həm cüdo yarışlarının ölkəmizdə keçirilməsi, həm də növbəti forumun reallaşması məsələsinə toxunuldu:
“Rusiya prezidenti “Mən bunun necə layiqli, çox yüksək beynəlxalq səviyyədə təşkil edildiyini, təşkilatçıların, cənab Vizer başda olmaqla, Cüdo üzrə Beynəlxalq Federasiyanın məmnunluğunu görürəm. Mənə indi burada hər şeyin necə peşəkarlıqla təşkil edildiyini dedilər”, - deyərək, Bakıda keçirilən yarışın təkcə cüdonun deyil, bütövlükdə dünya idmanının inkişafına böyük töhfə olduğunu bildirdi.
Daha sonra forum haqqında fikirlərini bildirərək, “Əlbəttə ki, bu gün regionlararası forumda bizim iştirakımız bu qısa işgüzar səfərin əhəmiyyətli tərkib hissəsidir”, - dedi və əlavə etdi ki, bu yaxınlarda Soçidə görüşülsə də, münasibətlərin yüksək səviyyəsi və həcmi imkan verir ki, həmişə danışmağa söz var.

O, sonra “Necə deyərlər, MDB-nin sammitində də ünsiyyətimiz gözlənilir. Amma, şübhəsiz, çox əladır ki, bu şəraitdən istifadə edərək, ikitərəfli münasibətlər haqqında danışmaq imkanı var”, -deyə fikirlərini tamamladı.
Azərbaycan prezidenti cənab İlham Əliyev səfərin xüsusi xarakter daşıdığını bildirdi və bu səfəri reallaşdırdığına görə Rusiya prezidentinə minnətdarlığını ifadə etdi.
Dövlət başçımız “Biz bu gün ilk dəfə olaraq rekord miqdarda - minə yaxın iştirakçı toplayan Azərbaycan-Rusiya Regionlararası Forumunun işində iştirak edirik. Bu da tədbirə göstərilən böyük marağa dəlalət edir. Biz sizinlə bu ayın əvvəlində Soçidə görüşmüşdük, bu gün isə Bakıda görüşürük”, - deyərək, bunun münasibətlərin səviyyəsinin parlaq göstəricisi olduğunu vurğuladı.
Bundan sonra hər iki dövlət başçısı cüdo yarışlarını izlədi, sonra isə forumun açılış mərasiminə qatılaraq, orada geniş nitq söylədilər.
Hər iki çıxışda münasibətlərin yüksək səviyyəsindən, əldə edilən iqtisadi, siyasi, ticari, mədəni-humanitar uğurlardan, onların davam etdirilməsindən, əlaqələrin gələcək inkişafından bəhs edildi. Ən əsası, qarşılıqlı mübasibətlərin və əlaqələrin hər iki xalqın və dövlətin mənafelərinə cavab verməsindən məmnunluq dilə gətirildi”.
E.İbrahimovun dediyinə görə, burada ən vacib məqamlardan biri məlum görüşün və səfərin BMT Baş Assambleyasının növbəti sessiyası günlərinə təsadüf etməsi idi.
“Belə ki, bu görüş Ermənistanın avantürist və artıq hər kəs tərəfindən qeyri-ciddi şəxs kimi qəbul etdiyi baş nazir Paşinyanın BMT-nin ali kürsüsündən erməni mahiyyətinə uyğun çıxışı, daha doğrusu, sərsəmləməsi ərəfəsində baş tutdu.
Əslində, bu görüş Ermənistana və onun küçə psixologiyasından uzaqlaşmayan, Gümrü və Yerevan küçələri ilə BMT kürsüsünü səhv salan Paşinyana bir mesaj idi. Yəni, cənab Putin bu səfəri ilə ermənilərə, Ermənistana açıq-aşkar inanmadıqlarının, güvənmədiklərinin və etibar etmədiklərinin mesajını vermiş oldu.
Eyni zamanda, bu bölgədə əsas söz və nüfuz sahibi kimi Azərbaycanın önəminə diqqət çəkmiş, artıq Ermənistanın və Paşinyanın “özünü yandırdıqlarının” siqnalını vermiş oldu.


Bildiyiniz kimi, Soçi görüşündən sonra Paşinyan tələm-tələsik Moskvaya səfər edərək, Vladimir Putinlə görüşdü. Həmin görüşdəki üz cizgiləri, Putinin baxışları, əslində, çox şey söyləyirdi, yəni, Ermənistana, onun baş nazirinə güvənsizlik açıq-aşkar sezilirdi.
Ancaq Azərbaycana səfərində, Azərbaycan prezidenti ilə görüşündə tamam başqa ab-hava, mənzərə vardı. Yəni, ölkəmizə, onun rəhbərinə əsl dostluq və səmimiyyət üzərində qurulan bir münasibət, ifadə vardı. Bu, elə bilirəm ki, ermənilərə, onların baş nazirinə ciddi dərs, mesaj və siqnal olmalıdır.
Bilməlidirlər ki, artıq onların dövranı keçib, onlar əzilmiş kart kimi kənara tullanılıblar, kimsəyə yaramırlar, sərf etmirlər, tormoz rolunu oynamaqdan savayı, heç nəyi ifadə etmirlər. Bu, əlbəttə ki, bizim üçün çox vacib və əhəmiyyətli məqamlardandır. Bundan hər birimiz çox razıyıq və hesab edirik ki, hər zaman münasibətlərin, əlaqələrin, əməkdaşlığın bu inkişaf səviyyəsi, bu tempi qorunub-saxlanılmalıdır. İnanırıq ki, bu, belə olacaq.

Çünki həm Azərbaycan xalqı, həm rus xalqı, həm də hər iki ölkənin prezidentləri kifayət qədər yetkin, uzaqgörən və müdrikdirlər. Onlar münasibətlərin, əlaqələrin bundan sonra kimsə tərəfindən korlanmasına imkan, fürsət verməyəcəklər və bu, hər iki dövləti və xalqı hələ bir çox qarşılıqlı uğurlara, zəfərlərə imza atdıracaq”, - deyə E.İbrahimov əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az