Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Suverenliyimizə uzanan əllər: "Dünya düzənində beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb"
"30 illik işğal dövründə Ermənistan BMT Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə bağlı qətnamələrinə məhəl qoymayaraq işğalçılıq siyasətini davam etdirirdi. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğal edilmiş, xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilmiş və mədəni irsimizə qarşı vandalizm aktları törədilmişdir. İşğal olunan ərazilərimizdə Ermənistan hökuməti tərəfindən bütün yaşayış məntəqələrinin və toponimlərinin adları dəyişdirilmiş, Azərbaycanın tarixi-mədəni irsi, habelə məscidlər və qəbiristanlıqlar qəsdən hədəfə almış və məqsədli şəkildə məhvə məruz qalmışdı. Vandalizmə məruz qalan əksər tarix və mədəniyyət abidələrimiz yer üzündən silinmişdi.
Ali Baş Komandan İlham Əliyevin yüksək siyasi iradəsi və liderliyi sayəsində rəşadətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən 30 ilə yaxın davam edən işğala 44 gün ərzində son qoyuldu".
Bunu Oxu.Az-a müsahibəsində 7-ci çağırış Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O bu istiqamətdə dövlət başçısının sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışına toxunub:
"Ölkə başçısı çıxışında dövlətimizin qarşısında böyük vəzifələr durduğunu, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsinin dayandığını bildirdi: "Əbəs deyil ki, bu gün regionun əsl və tarixi simasını geri qaytarmaq və keçmiş ruhunu dirçəltmək üçün tammiqyaslı yenidənqurma və bərpa işləri uğurla davam etdirilir. 8 minə yaxın insan artıq öz ata-baba yurduna geri qayıda bilib. "Böyük Qayıdış Proqramının" icrası ilə qarşıya qoyulan məqsədlərdən biri də 20 minə yaxın əhalinin 2026-cı ilədək bu ərazilərə köçürülməsinin təmin edilməsidir. Ancaq Ermənistanda revanşist qüvvələr yenidən baş qaldırmağa cəhd edir. Ermənistana bu hissləri aşılayan, ona dəstək verən və intiqam almağa "həvəsləndirən", Qarabağ xülyaları ilə separatçıları silahlandıran havadarları bilməlidir ki, bu, iki ölkənin əlaqədar olduğu məsələdir və iki dövlət bir-biri ilə danışaraq razılığa gəlməlidir, burada manipulyatora gərək yoxdur. Sülh müqaviləsinin imzalanmasına hər cür cəhdlə mane olmağa çalışan Avropanın "sülh elçiləri"nin bu fəaliyyətinə nə ad vermək olar?! Müstəmləkəçiliyin 21-ci əsr təzahürlərini öz neokolonializm siyasəti ilə davam etdirən bu "sülhsevərlər" öz ölkələrində hüquq və azadlıqları pozulan vətəndaşlarının hüquqi, sosial, iqtisadi vəziyyətinin yaxşılaşdırılması barədə niyə düşünmürlər?!"
"Başqa dövlətlərin problemlərinin həllində maraqlı kimi görünən G7 ölkələri dünyanın üzləşdiyi qlobal problem olan iqlim dəyişmələri ilə mübarizə istiqamətində güclü daşqınlardan, tufanlardan, quraqlıqdan təsirlənən ən az inkişaf etmiş Afrika və kiçik ada dövlətlərinə maliyyə yardımı etməkdə bəs niyə maraqlı deyillər? Kiçik ada dövlətlərinin borcu ilə iqlim dəyişmələrinin fəsadları düz mütənasib olaraq artmaqda davam edir. Bu ölkələr iqlim dəyişmələri üzrə mübarizə proqramları üçün aldıqları vəsaitdən 18 dəfə çox borc ödəyirlər. Vəsaiti isə çoxtərəfli banklar kredit əsaslı təmin edirlər. Qlobal Cənub iqlim böhranının aradan qaldırılması üçün aldığı maliyyədən 5 qat daha çox borc ödəyir. G7 ölkələri iqlim maliyyəsinin artırılmasından imtina edir və maraqlı deyillər. Bu ölkələr özünün hərbi investisiyalarını ildən-ilə qat-qat artırırlar. Onlar digər yaxın regionlarda münaqişə ocaqları, müharibələr yaratmağa maraq göstərirlər. Ona görə biz də ölkəmizin hərbi gücünü, müdafiə qabiliyyətini artırmalıyıq ki, xarici təsirlərə qarşı hazırlıqlı olaq"-deyə, deputat vurğulayıb.
Müsahibimiz hesab edir ki, hazırda dünya düzənində beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb:
"BMT-nin qəbul etdiyi qətnamələr, saysız-hesabsız Konvensiyaların tələblərinə əməl olunmur. Ölkəmiz 30 illik işğal dövründə bir çox beynəlxalq təşkilatlara çağırış edərək Ermənistan tərəfindən tələbləri kobud şəkildə pozulan beynəlxalq hüququn norma və prinsipləri barədə bəyanatlar, məlumatlar verib, haqq-ədalətin bərqərar olunmasını tələb edib. Lakin beynəlxalq təşkilatlardan gözləntilərin əksinə, ölkəmizə qarşı daim ikili standartlar, haqsız bəyanatlar, illər boyu nəticəsiz danışıqlardan başqa bir şey görmədik. Ərazi bütövlüyünün və suverenliyinin bərpasına öz gücünə, öz güclü siyasi iradəsi ilə nail olan Azərbaycan bundan sonra xarici siyasətdə daha da güclənərək 30 il sonra bərqərar etdiyi tarixi qələbəsini qoruyub-saxlayacaq, regionda daha da möhkəmlənəcək".
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
- Çoxdandır anons edilən reyestr ləngiyir, zərərçəkənlərin sayı isə artır - "Kaspi"nin ARAŞDIRMASI
- İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib