Türk Dövlətləri Təşkilatı (TDT) hazırda ciddi dəyişikliklər mərhələsindən keçir. Qısa müddət öncəyə qədər yalnız türk xalqlarının tarixi və mədəni dəyərlərinin müzakirə edildiyi bir platforma kimi tanınan bu qurum bu gün texnoloji, iqtisadi və hərbi-siyasi sahələrdə dərin inteqrasiya üçün mühüm mexanizmə çevrilməkdədir.
Oxu.Az xəbər verir ki, Türküstan şəhərində baş tutacaq qeyri-rəsmi zirvə görüşü ərəfəsində azərbaycanlı və qazaxıstanlı ekspertlər "24kz" telekanalının efirində türk dövlətləri arasındakı müttəfiqliyin cari durumunu və gələcək inkişaf yollarını təhlil ediblər.
Azərbaycan Milli Məclisinin deputatı Fariz İsmayılzadə baş verən proseslərin əhəmiyyətinə toxunaraq qeyd edib:
"Son illərdə Türk Dövlətləri Təşkilatı dinamik şəkildə inkişaf edir, inteqrasiya prosesləri daha da dərinləşir. Biz işə iqtisadi əlaqələrlə başladıq, lakin indi təhlükəsizlik, müdafiə sənayesi, hərbi məsələlər, İT və kibertəhlükəsizlik kimi istiqamətlər də prioritet təşkil edir".
Onun sözlərinə görə, təşkilata üzv dövlətlər aktiv şəkildə bilik mübadiləsi aparır, innovativ layihələr və startaplar üzərində birgə çalışır, həmçinin magistratura da daxil olmaqla müxtəlif yeni təhsil proqramlarına start verirlər.
"Bu sammitin qeyri-rəsmi xarakter daşımasına baxmayaraq, dövlətlərimiz arasındakı tərəfdaşlığı möhkəmləndirəcək və növbəti əməkdaşlıq fəaliyyətləri üçün geniş üfüqlər açacaq", - deyə azərbaycanlı parlamentari vurğulayıb.
Xarici Siyasət Tədqiqatları İnstitutunun eksperti Almat Toekin isə Türküstan sammitinin diqqət mərkəzində rəqəmsallaşma və süni intellekt məsələlərinin dayanacağını bildirib. Zirvə görüşünün əsas hədəflərindən danışan ekspert gündəliyin çoxşaxəli olduğunu diqqətə çatdırıb:
"Dünyada geosiyasi gərginliklər artmaqdadır. Belə bir fonda TDT-yə daxil olan ölkələr Mərkəzi Asiya və Cənubi Qafqazda baş verən proseslərə rəğmən, qlobal ictimaiyyətə iqtisadi tərəqqi və davamlı sabitlik nümayiş etdirirlər".
Ekspertin fikrincə, qeyri-rəsmi yığıncaqda regional siyasi vəziyyətlə yanaşı, qlobal gündəlikdəki mövzular ətrafında da fikir mübadiləsi aparılacaq.
"Onlar mövqelərini uzlaşdıracaq və müttəfiq ölkələr çərçivəsində daha sıx tərəfdaşlığı təşviq edəcək müvafiq qərarlar hazırlayacaqlar", - deyə o qeyd edib.
Gələcək perspektivləri dəyərləndirən tədqiqatçı mövcud ittifaqın tamhüquqlu siyasi birliyə çevrilməsi variantını da istisna etməyib:
"Hazırda genişmiqyaslı hüquqi-normativ sənədlər paketi formalaşdırılır. Bütün istiqamətlər üzrə sıx inteqrasiya prosesi gedir. Hələlik bunu tam mənada siyasi təşkilat adlandıra bilməsək də, gələcəkdə belə bir strukturun yaranması ehtimalları yüksəkdir. Mümkündür ki, yaxın zamanlarda bu birlik Avropa İttifaqı modelinə uyğun bir formata keçid etsin".
"Niyə də belə olmasın? Mühəndislərin təbiri ilə desək, əgər bir mexanizm işləyirsə, deməli, o, düzgün dizayn edilib", - deyən Almat Toekin üzv dövlətlərin artıq müdafiə sənayesi sektorunda əməkdaşlıq qurduğunu və ortaq layihələrin reallaşdırıldığını da sözlərinə əlavə edib.