Böyük Britaniyanın paytaxtında televiziya prodüseri kimi çalışan Meq Fozzard həkimlərin səhlənkarlığı nəticəsində yerimə qabiliyyətini itirib. Qadının ürəyi dayandığı vaxt çağırışa gələn tibbi briqada defibrillyator aparatının düyməsini yanlış basıb və həyati əhəmiyyət daşıyan vaxt itkisinə yol verilib.
Oxu.Az "Mirror"a istinadən xəbər verir ki, məhkəmə sənədlərinə əsasən, səhiyyə işçiləri elektrodların yerini səhv salaraq yanlış cihazları əlaqələndiriblər. Bu kobud xəta səbəbindən xəstəyə lazım olan elektroşokun verilməsi səkkiz dəqiqə gecikib.
Onun həyat yoldaşı Xander Font Freyde isə qorxu içərisində təcili yardıma zəng vurduğunu və həkimlər gələnədək ürək masajı etdiyini bildirib.
Bildirilib ki, zərərçəkənin ürək çatışmazlığına əvvəlcədən təyin edilməmiş xəstəlik səbəb olub. Hazırda 33 yaşı olan televiziya işçisi nitq problemi yaşayır. O, Milli Səhiyyə Xidmətini məhkəməyə verərək prosesi qazanıb və məbləği gizli saxlanılan kompensasiya əldə edib.
Fiziki məhdudiyyətlərinə baxmayaraq, Meq yarımştat olaraq işinə geri dönüb. O, əlavə olaraq akrobatika ilə də maraqlanmağa başlayıb.

