Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ter-Petrosyanın etirafları və Qərbi Azərbaycan
Rüstəm Qaraxanlı yazır...
Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın 31 il sonra ictimailəşən qalmaqallı açıqlamaları Bakının Qərbi Azərbaycan davasında dönüş nöqtəsi ola bilər. Uzun illər boyu radikal daşnak dünyagörüşü və Koçaryan-Sarqsyan cütlüyünün ekspansionist platformasına alternativ görünən Ter-Petrosyanın heç də "liberal mələk" olmadığı faktı ortaya çıxır. Haqqında "Ter-Petrosyan torpaqları qaytarmağın tərəfdarı idi" deyə düşündüyümüz sabiq erməni prezident azərbaycanlıların hazırkı Ermənistan ərazisindən qanlı deportasiyası prosesinin önündə duran şəxslərdən biri və bəlkə də birincisi olub...
1993-cü ilin iyuluna, Ağdam şəhərinin işğalından dərhal sonraya təsadüf edən qalmaqallı bəyanatlar Levonun "Yerkrapa" terrorçuları ilə görüşündə edilib. Bu videogörüntülərin indi, üç onillik sonra nə məqsədlə ictimailəşdiriliməsi ayrı mövzunun predmetidir. Bizim üçün maraqlısı isə odur ki, əsas faktlar bütün çılpaqlığı ilə ortadadır:
- Azərbaycan ərazilərinin işğalı prosesinə keçmiş sovetlərin çöküşündən xeyli əvvəl, planlı şəkildə İrəvanda start verilib;
- Həm Ermənistanda, həm də Qarabağda erməni silahlı terrorçu dəstələrinin formalaşdırılmasına Azərbaycan ərazilərinin gələcək işğalı niyyəti ilə başlanılıb;
- Qərbi Azərbaycandan soydaşlarımızın zorla qovulması qarşıdakı işğal üçün əlverişli plasdarmın yaradılması tədbirlərinin tərkib hissəsi olub.
Ter-Petrosyan Ermənistanın iki çağırış prezidenti olub və bu gün ondan sonra gələnlərin yaxalarını 1993-cü ildə edilmiş aqressiv məzmunlu bəyanatlardan kənara çəkmək cəhdləri absurd görünə bilər. O vaxtdan bu yana Ermənistana üç şəxs rəhbərlik edib və onlardan heç biri Ter-Petrosyanın ekstremist və faşist təzahürlü sözlərini nə inkar ediblər, nə də pisləyiblər. Bu, onu göstərir ki, Levonun vizyonu tək özünün deyil, Ermənistan dövlətinin rəsmi mövqeyi və erməni cəmiyyətində hökm sürən ab-havanın inikasıdır. Onun "Bu hərəkat hesabına Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 il həll edə bilmədiyi problemin öhdəsindən gələ biliblər - Ermənistan və "Artsax" digər xalqlardan tamamilə təmizlənib" sözləri faşizmin və etnik təmizləmənin klassik nümunəsi deyilmi?
Ter-Petrosyanın etnik dözümsüzlük üzərində formalaşan təfəkkürü və bunun nəticəsi olaraq yüzminlərlə azərbaycanlının hazırkı Ermənistandan deportasiyası Paşinyan hökumətinin Qərbi Azərbaycan məsələsindəki arqumentsiz dirənişini alt-üst edir. Çünki sabiq prezident azərbaycanlıları sadəcə qovmadıqlarını deyir. Eyni zamanda, ovaxtkı Ermənistan SSR-in azərbaycanlıların üstünlük təşkil etdikləri coğrafiyasını gözlər önündə canlandırmaqla cinayətlərini etiraf etmiş olur:
"Təsəvvür edirsinizmi, bu gün 1988-ci ilədək burada yaşayan 170 min nəfər digər millətlərin nümayəndələri olsaydı, indi bizim dövlətçiliyimiz yox idi. Biz şimal və şərq bölgələrimizi, Sevan gölü rayonunu müdafiə etmək iqtidarında olmazdıq. Bundan əlavə, bizim daha üç problemimiz olacaqdı. Unutmayın ki, üç rayonda - Vardenis, Masis və Amasiyada azərbaycanlılar çoxluq təşkil edirdilər, habelə Zəngəzurda əhalinin böyük qismi azərbaycanlılar idi". Bu yerdə xatırlatmağa ehtiyac yoxdur ki, Ter-Petrosyanın eyham vurduğu 1988-ci ildə Qarabağda nəinki aktiv hərbi əməliyyatlar başlamışdı, sovet tərbiyəsi almış ictimaiyyətin "müstəqillik" iddialarından xəbəri, gələcək müharibə barədə isə təsəvvürləri belə yox idi...
Sabiq erməni liderinin işıq üzünə çıxan videogörüntüsü rəsmi İrəvanın daha bir mübarizə alətini heçə çevirir. Paşinyan Qərbi Azərbaycan mövzusuna toxunarkən "ermənilərin də Azərbaycandan - Bakıdan, Sumqayıt və Gəncədən köçürüldükləri"nə istinad edir. Yəni əgər siz qayıtmaq istəyirsinizsə, onda bizimkilər də Bakıya dönsünlər. Ter-Petrosyanın ifadələri isə aşkar şəkildə göstərir ki, ovaxtkı Azərbaycanda yaşayan etnik ermənilərin köçü Yerevanda start verilən geosiyasi oyunların birbaşa nəticəsidir. Levon Azərbaycandakı soydaşlarının firavan həyatı və rifahını bilərəkdən millətçi ambisiyalarının qurbanına çevirdiklərini gizlətmir:
"Əgər biz vaxtında başlamasaydıq, ən yaxşı halda 500 min erməni əsirlikdə olacaqdı (o vaxtadək onlar fiziki cəhətdən məhv edilməsəydilər). Bu, Ermənistanı dizi üstə qoymaq üçün güclü rıçaq ola bilərdi. Bir daha təkrarlayıram ki, onların böyük qismi əzab çəksələr də, bu ermənilər istənilən halda xilas oldular və 300 min nəfərdən çoxu Ermənistanda özlərinə sığınacaq tapdılar. 10-20 ildən sonra həmin 300 min insan bir milyon, yaxud milyon yarım olacaqlar. Milli miqyasda olan daha bir problem bizim hərəkatımızla həllini tapdı".
Ter-Petrosyanın bu sözləri faktiki olaraq Azərbaycanda yaşayan ermənilərin aqibətinin siyasi qumar predmeti olduğunu göstərir. Yəni İrəvan nəinki azərbaycanlıların deportasiyasını həyata keçirib, eyni zamanda, soydaşlarının Azərbaycandan köçürülməsini də özü təşkil edib. Qərbi azərbaycanlıların ən azı Ter-Petrosyanın qeyd etdiyi Vardenis, Amasiya, Masis və Zəngəzura - əzəli yurdlarına qayıdışına əngəl ola biləcək daha hansı "arqument"iniz var, cənab Paşinyan?