"İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi ölkənin həm regionda, həm də qlobal miqyasda mövqeyini möhkəmləndirib".
Oxu.Az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzetinin "Azərbaycan hərbi qələbəni necə sülhə çevirdi?" başlıqlı məqaləsində deyilir.
Nəşr qeyd edir ki, 2020-ci ilin payızında Azərbaycanın qələbəsi beynəlxalq hüququn bərpasına, regionda sülhün və sabitliyin bərqərar olmasına töhfə verib.
Bildirilir ki, məhz bu qələbə 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına yol açıb və bu, nəhayət, Cənubi Qafqazda sülhə imkan yaradıb.
"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan əl sıxışdılar. Bu, davamlı sülhə doğru ilk addım idi. Xalqlar tarixin səhifəsini çevirir, keçmişi unutmur, ədalətə, sülhə və əməkdaşlığa doğru irəliləyirlər. Azərbaycan sülhün, sabitliyin və iqtisadi rifahın tərəfdarıdır və bunu öz hərəkətləri ilə sübut edir. Azərbaycanın sərhədləri artıq Ermənistana ixrac üçün açıqdır. Beş il əvvəlki qələbə olmasaydı, qarşılıqlı hörmətə və ərazi bütövlüyünün tanınmasına əsaslanan bu sülh mümkün olmazdı. Beləliklə, Azərbaycan hərbi qələbəni sülhə çevirir", - deyə nəşr yazır.