"Avqustun 8-i Azərbaycan diplomatiyasının müasir tarixində mühüm mərhələ kimi yadda qalıb. Həmin gün Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına tarixi səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamə imzalandı. Bu hadisə Cənubi Qafqazda uzun illər davam edən münaqişə dövründən sonra sülh gündəliyinin yeni mərhələyə keçidini simvolizə etdi və regionun gələcək inkişaf perspektivlərinə yeni impuls verdi".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşünün ildönümü, həmçinin sözügedən görüşdən sonra əldə edilən uğurları şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyi daim dəstəkləyib, Rusiya, İran, Gürcüstan və Mərkəzi Asiya dövlətləri də daxil olmaqla bütün qonşuları ilə konstruktiv münasibətləri qoruyub saxlayıb:

"2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan regionu əsaslı şəkildə yenidən formalaşdırdı. Azərbaycanın strateji vizyonu Cənubi Qafqazı münaqişə meydanından imkanlar məkanına - tərəfdaşlıqlar, investisiyalar və qarşılıqlı bağlantılarla xarakterizə olunan bir regiona çevirməkdir. Ağ Evdə keçirilmiş və Prezident Donald Trampın şahidliyi ilə baş tutmuş Azərbaycan ilə Ermənistan arasında Vaşinqton razılaşmaları Cənubi Qafqazda yeni bir dövr açdı və xüsusilə Orta Dəhlizin funksionallığını artırmaqla regional iqtisadi imkanları genişləndirməyə xidmət edəcək.
Sülh müqaviləsinin mətninin paraflanması tərəflərin sənədin müddəaları üzrə razılığa gəldiyini təsdiqlədi. Bununla belə, sülh təkcə sənədləri imzalamaq demək deyil - ictimai konsensus da tələb edir. İctimai dəstək, açıq ünsiyyət və etimadın qurulması əsas şərtlərdir. Bu kontekstdə bir sıra etimadqurucu addımlar atılıb. Tərəflərin sərhədlərin delimitasiya komissiyalarının üzvləri bir-birilərinin ərazilərinə daxil olublar. Delimitasiya və demarkasiya prosesini müzakirə etmək üçün Qəbələdə, İrəvanda görüşlər keçirilib. Normallaşma prosesi çərçivəsində iki ölkə arasında vətəndaş cəmiyyəti üzvlərinin görüşlərinin mübadilələrinə başlanılıb. Bakıdan İrəvana, İrəvandan Bakıya "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində eyni məqsədli səfərlər həyata keçirilib, Qəbələdə, ümumilikdə 4 görüş baş tutub. Bu proses sülh gündəliyinin perspektivləri üzrə vətəndaş cəmiyyətlərinin dialoqunu gücləndirir. Bu hadisələr mühüm bir reallığı əks etdirir: paraflanmış sülh müqaviləsinin nəticələri artıq təkcə kağız üzərində deyil, praktiki müstəvidə də özünü göstərir".
Deputat xatırladıb ki, 2025-ci ilin oktyabrında Azərbaycan ticarət yükləri üçün Ermənistana tranziti açdı:

"Bu, Qazaxıstan və Rusiya buğdasının Azərbaycan ərazisindən keçərək Gürcüstan vasitəsilə Ermənistana çatdırılmasına imkan verdi. Paralel olaraq tərəflər qarşılıqlı ticarət əlaqələrini də qurublar, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı baş tutub. Münaqişədən sonrakı mərhələdə formalaşan yeni status-kvo Azərbaycanın təşəbbüsləri əsasında yaranıb və regionun gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amillərdən birinə çevrilib. Azərbaycan yekun sülh müqaviləsinin imzalanması üçün gözləntilərini dəfələrlə vurğulayıb. Sənədin imzalanması və ratifikasiyası istiqamətində irəliləyiş, qalan şərtin həyata keçirilməsinə - Azərbaycan əleyhinə ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasına düzəliş edilməsi şərtinə əsaslanır. Təklif edilən Zəngəzur dəhlizi (TRİPP layihəsi) regional transformasiyanın əsas elementlərindən biridir. Dəhliz işə düşdükdən sonra Şərq-Qərb marşrutu boyunca yeni logistika imkanları yaradacaq - bu, həm Avropa, həm də Asiya üçün əlverişli layihə olacaq. Tranzit ölkələr kimi Azərbaycan və Ermənistan bu layihədən əhəmiyyətli fayda əldə edə biləcək. Yekun sülhə gedən yolda beynəlxalq ictimaiyyətin - xarici hökumətlər, media qurumları, akademik dairələr və vətəndaş cəmiyyətinin - regionu keçmişə qaytaran köhnəlmiş narrativləri yenidən dirçəltmək əvəzinə, sülh gündəliyini dəstəkləməsi məqsədəuyğun olardı. Bununla belə, yekun sülh müqaviləsi imzalanmasa da, iki ölkə de-fakto sülhə nail olub. Yalnız davamlı qarşılıqlı məsuliyyətli siyasi iradə və beynəlxalq dəstək sayəsində region sülh, inkişaf və tərəqqi istiqamətində birgə addımlaya bilər".