Sumqayıt şəhərindəki avtomobil təmiri sexlərinin birində yanğın hadisəsi baş verib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının bir dam altında tikilmiş ümumi sahəsi 1600 kv.m olan obyektlərdən avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazası kimi fəaliyyət göstərən hissədə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək digər obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində iki boksun yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Xəsarət alan olmayıb. Bitişik yerləşən digər obyektlər yanğından mühafizə olunub", - deyə məlumatda bildirilib.