"Türkmənistan Azərbaycanın alternativ enerji mənbələri ilə iş təcrübəsini mənimsəyir".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkmənistan Prezidenti yanında Arkadak Şəhər Tikinti Komitəsinin əməkdaşı İrina Qrişkova bildirib.
"Bu konfransda iştirakdan və şəhərimi təqdim etməkdən məmnunam. Ümid edirəm ki, bir çox insan təkcə Türkmənistan haqqında deyil, həm də Arkadak haqqında məlumat əldə edəcək. Və yaxın gələcəkdə onu ziyarət etməkdən məmnun olacaq", - deyə o bildirib.
İrina Qrişkovanın sözlərinə görə, Azərbaycan ətraf mühitə (ekologiyaya) xüsusi diqqət yetirir:
"Sizin hazırda alternativ enerji mənbələri ilə bağlı çox yüksək nisbətdə işləriniz var. Və sizin təcrübənizə baxdıqda, biz də bunu mənimsəyirik.
Və bu gün Arkadakda bərpaolunan enerji mənbələrindən istifadə edilməklə qurğular tikilir. Xüsusilə söhbət dəmiryolu vağzalı və avtovağzaldan gedir.
Dövlət şəbəkəsində elektrik enerjisi istehlakını azaltmaq üçün bu obyektlərdə günəş elektrik enerjisi quraşdırılır. Bununla da qazdan hasil olan elektrik enerjisindən daha az istifadə etməklə, biz atmosferə tullantıları azaldırıq".