15 oktyabrda Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun, Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidovun və Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə üçtərəfli görüş keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XIN) məlumat yayıb.
Görüşdə üç ölkə arasında qardaşlıq və dostluq və münasibətlərinin mövcud vəziyyəti və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Azərbaycan, Özbəkistan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatının yaradılmasının regional əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı vurğulanıb.
Görüş zamanı nəqliyyat və tranzit bağlantılarının genişləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.