"Güclü mənzil sektoru iqtisadi artımın mühərrikidir. Orta hesabla, o, ÜDM-in təxminən 15%-ni təşkil edir. Mənzil sektoru, demək olar ki, bütün iqtisadiyyatda - tikinti və material istehsalından tutmuş maliyyə, kommunal xidmətlərə qədər əlavə dəyər yaradır".
Oxu.Az xəbər verir ki, bunu Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkov WUF13 çərçivəsində keçirilən "Qlobal Mənzil Maliyyələşdirməsindən Yerli Əlverişli Mənzil Təşəbbüslərinə: Qlobal İnkişafın və Submilli Maliyyənin Gücündən İstifadə" adlı tədbirdə bildirib.
"Bu, iş yerləri yaradır və məşğulluğu təşviq edir. İnkişaf etmiş mənzil bazarları geniş sahələrdə, tikinti və memarlıqdan tutmuş istehsal, pərakəndə satış və maliyyə xidmətlərinə qədər bütün sektorlardakı mütəxəssislər üçün yeni iş yerləri deməkdir.
Lakin bütün bunlara baxmayaraq, dünya mənzil böhranı ilə üzləşir. 2030-cu ilə qədər təxminən 3 milyard insan şəraitli və şəraitsiz mənzil əldə etməkdə belə çətinlik çəkəcək. Bu tələbatı ödəmək üçün təxminən 500 milyon yeni evin tikintisi və təxminən 4 milyon hektar ərazidə - Mexiko şəhərindən 25 dəfə böyük ərazidə infrastrukturun təmin edilməsi tələb olunacaq. Bu, birlikdə üzləşməli olduğumuz bir çətinlikdir.
Eyni zamanda, dünya əhalisinin təxminən yarısı gündə 7 dollardan az gəlirlə yaşayır. Yetkin insanların 93%-nin rəsmi mənzil maliyyəsinə çıxışı yoxdur. İnkişaf etməkdə olan ölkələrdə torpaqların təxminən 70%-i rəsmi olaraq qeydiyyata alınmayıb.
Buna görə də, qlobal mənzil probleminin həlli, dövlət siyasəti ilə dəstəklənən özəl kapital və investisiyaları səfərbər edə bilən miqyaslı həllər tələb edir", - deyə o bildirib.