Avropa Parlamenti Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxarıb. Bu qərarı partiyalar necə qarşılayır?
Oxu.Az Modern.az-a istinadən, məsələ ilə bağlı hər iki tərəfin - iqtidar və müxalifət nümayəndələrinin mövqelərini sizə təqdim edir.
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hesab edir ki, bu qərar olduqca əhəmiyyətli və təqdirəlayiqdir:
“Azərbaycanda həmişə azad, ədalətli, demokratik seçkilər keçirilib. Azərbaycan postsovet məkanında ilk dəfə olaraq özünün seçki qanunvericiliyini təkmilləşdirib. Seçki qanunvericiliyi əvvəl bilavasitə ATƏT-in insan haqları bürosunun nümayəndələri ilə, sonradan isə Avropa Şurasına daxil olduqdan sonra Venesiya Komissiyasının məsləhətləri əsasında dünya praktikasına uyğun olan Seçki Məcəlləsi qəbul edildi. Hüquq baxımından bu gün Azərbaycanın nümunəvi Seçki Məcəlləsi var” deyən hakim partiya funksioneri qeyd edib ki, digər ölkələr də Azərbaycanın seçki qanunvericiliyindən nümunə götürə bilər. “Digər tərəfdən isə Azərbaycan və digər ölkələrdəki seçkiləri müqayisə etdikdə görərik ki, ən çox müşahidəçi bizdə olur”.
AXCP sədrinin müavini Razi Nurullayev isə bu qərarın onda çaşqınlıq yaratdığını dedi.
“Bir ay bundan öncə Avropa Parlamenti İlqar Məmmədovun işi ilə bağlı qətnamə qəbul etdi. Burda həmçinin Azərbaycandakı seçkilərin tam monitorinqinin keçirilməsi nəzərdə tutulurdu. Bunun ardınca indi belə qərar məndə çaşqınlıq yaradır. Amma mən inanmıram ki, Avropa Parlamenti Azərbaycanda demokratiyanın inkişafında maraqlı deyil. Çünki Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycanda azad iqtisadiyyatın inkişafı və liberallaşdırılması ilə bağlı kəskin tələbləri var. Yeni verilən qərarın isə arxasında bir məntiq olmalıdır. Yəqin ki, bunu Avropa Birliyi rəsmiləri özləri açıqlayacaqlar”-deyə bildirib.