Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qızlar evdən niyə qaçır? - PSİXOLOQ AÇIQLADI
Son günlər tez-tez azyaşlıların, xüsusilə də qızların evdən qaçdıqlarına dair məlumatlar oxuyuruq. Aralarında isə yetkinlik yaşına çatmayanlar, 18 yaşı tamam olan uşaqlar və qızlar da var. Bu gün sığınacaqlara müraciət edən qızların sayı çoxdur. Böyük əksəriyyətinin bu addımı atmasına səbəb isə ailədaxili şiddət, məhdudiyyətlərin qoyulması, sərbəstliyin olmamasıdır.
Bəs görəsən, sərbəstlik yoxdursa, uşaqlar bu cür addım atmağa necə cəsarət edə bilirlər? Və ya əksinə, onları buna sövq edən əsas səbəblər hansılardır? Valideyn-övlad münasibətləri hansı səviyyədə qorunmalıdır ki, bu, uşaqlarda psixoloji problemlərə çevrilməsin, onları evdən qaçaraq “sərbəstlik” axtarışına sövq etməsin?
Bu barədə Oxu.Az-a açıqlama verən Narınc Uşaq Psixologiya Mərkəzinin icraçı direktoru, psixoloq Təranə Kazımlı deyir ki, buna əsas səbəb ailələrdə düzgün tərbiyə metodunun olmamasıdır:
“Bu gün bizə müraciət edən şəxslərin çoxunda təsbit etdiyimiz səbəb budur. Biz hər zaman valideynlərə deyirik ki, övladlarınızı öz dövrünüzdə olduğu kimi, sizə verilən tərbiyə üsulları ilə yetişdirməyə çalışmayın. Müasir dövrün uşaqlarını onların dövrünə uyğun şəkildə yetişdirmək, tərbiyə etmək lazımdır.
Uşaqların yaşı neçə olur-olsun, bu məsələnin kökü ailəyə dayanır. Necə ki uşaqların uğuru, nailiyyətləri valideynlərin zəhməti hesab edilir, eləcə də, uşaqların bu kimi səhvlərə yol verməsi də bir növ valideynlərin məğlubiyyətidir. Övladlarına düzgün istiqamətdən yanaşmamasıdır. Ailələrin reabilitasiyasına ciddi ehtiyac var.
Təbii ki, biz bu barədə ailələrə deyəndə, heç kim öz səhvini qəbul etmək istəmir. Amma bizə müraciət edərək, övladlarının gələcəyini düşünən valideynlər də az deyil. Onlar bu səhvlərin fərqinə varır və onları aradan qaldırmaq üçün psixoloq köməyi alırlar. Demokratik ölkədə yaşasaq da, ailələrimiz demokratik deyil. Bu məsələni Avropa, Rusiya, Amerika ilə müqayisə etməyə dəyməz. Çünki onlar uşaqlarına hələ 5-10 yaşlarından məsuliyyət yükləyirlər.
Məktəb çantalarını özləri daşıyır, yıxılanda heç kim qaçıb onları qaldırmır və s. Belə-belə uşaqlar öz məsuliyyətlərini dərk etməyə başlayırlar. Sərbəst həyat bu deməkdir. Çünki onların valideynləri də sərbəst böyüdülüb. Amma biz bu sərbəstliyi vermirik. Bizdə hər şeyə evdə valideyn qərar verir, məktəbdə müəllim. Bu isə uşaqları sıxır, onları qəti şəkildə düzgün olmayan “çıxış yolları” axtarmağa sövq edir”.
Psixoloq deyir ki, gələcəkdə potensial ana olacaq qızların evdən qaçmasının artması yaxın 10-15 il ərzində cəmiyyəti uçuruma aparacaq:
“Bəli, bu gün qızlar evdən qaçır və hansısa rəfiqəsinin evinə gedir. Və ya sosial şəbəkələrdə tanış olduğu “dostlar”ın yanına. Onlar düşünür ki, bu, onlar üçün gələcək vəd edir. Bir məsələ var ki, yetkinlik yaşına çatmayanlar tapılaraq ailəyə qaytarıla bilir, bəs 18 yaşı tamam olmuş qızlar necə? Onlara geri dönmək üçün hansı vədlər verilir?
Burada kinolar, sosial şəbəkələrdə düzgün olmayan fikirlərin təsiri altına düşməsi də rol oynayır. Qızların evdən qaçmasının ağır fəsadlarını isə sonradan heç bir şəkildə aradan qaldırmaq olmur. Ona görə də valideynlər qız uşaqlarına qarşı diqqətli olmalıdırlar. Bir ara “hörümçək adam” cizgi filmi uşaqların psixologiyasına pis təsir etmişdi. Uça bilərəm deyib, binalardan özünü atan uşaqlar belə var idi. Valideynlərin bu gün uşaqlardan əsas tələbi budur: dərsini oxu, əlaçı ol, gələcəkdə adam ol. Adam olmaqla, savadlı olmaq fərqli-fərqli anlayışlardır.
Valideynlər uşaqları ilə ünsiyyət qura bilmirlər. Hər kəsin əlində mobil telefon, saatlarla sosial şəbəkələrdə gəzişirlər. Diqqət və qayğıdan kənarda qalan uşaq isə, təbii ki, ardıcıl səhvlərə yol verəcək. Valideynləri də qınamaq olmaz. Çünki gec saatlara qədər çalışan ailələr var ki, məqsədləri övladlarını maddi tərəfdən təmin edə bilməkdir. Amma uşaqlarla söhbət etmək, problemləri ilə maraqlanmaq lazımdır.
Şiddət görən fərdlər bunu gələcəkdə ailələrində də tətbiq edəcək. Bu isə övlad və valideyn arasındakı emosional körpünün qırılmasının nəticəsidir. Cəmiyyət belə fərdlərin əlində puç olub gedəcək. Heç bir ailə dəyəri qalmayacaq”.
Könül Cəfərli
www.oxu.az
"Nar Mobile" teqi üzrə xəbərlər
- "Nar"ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı
- "Nar"ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib
- "Nar" sərfəli smartfon modellərini təqdim edir
- "Nar" və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq
- "Nar"ın dəstəyi ilə "Kudos" intellektual oyununun finalçıları mükafatlandırıldı
Rəylər