Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Xətai rayonunda təcili tibbi yardım maşınları niyə azdır? - ŞİKAYƏT
Bakının Xətai rayonunda təcili tibbi yardım (TTY) maşınlarının az olması narazılığa səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə müzakirə aparılıb.
Qeyd edilib ki, Xətai rayonunda əhaliyə xidmət göstərmək üçün cəmi 10 ədəd TTY maşını var ki, bu da çağırış zamanı insanların saatlarla gözləməsinin səbəblərindən biridir.
"Deyirlər ki, bu say sovet dövründə belə olub. Təsəvvür edirsiniz, o dövrdə Xətai rayonu ərazisində yaşayanların sayı ilə indiki arasında nə qədər fərq var?" - deyə şikayətdə yazılır.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 01.01.2024-cü il tarixinə olan məlumatına əsasən, Xətai rayonunun əhalisi 332 195 nəfərdir.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, hazırda Xətai Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 1 saylı bölməsi üzrə 5 briqada, 2 saylı bölməsi üzrə isə 10 briqada xətdə fəaliyyət göstərir. Təcili tibbi yardım avtomobillərinin artırılması istiqamətində işlər davam etdirilir.
Keyfiyyətli, əlçatan təcili və təxirəsalınmaz tibbi yardım xidmətini təşkil edə bilmək üçün ambulansların və müvafiq olaraq briqadaların sayı əhali sayını nəzərə almaqla optimallaşdırılır. Ambulans parkı müasir və standartlara cavab verən avtomobillərlə əvəz olunur.
İcbari tibbi sığortanın tətbiqindən sonra Təxirəsalınmaz Təcili Tibbi Yardım stansiyalarının avtomobil parklarının yenilənməsi və müəssisələrin təcili yardım avtomobillərinə ehtiyaclarının ödənilməsi məqsədilə 2024-cü ilə kimi 349 ambulans alınıb. Ötən il ərzində də bu proses davam etdirilib. 2024-cü ilin martında daha 100 ədəd təcili yardım avtomobili ölkə başçısına təqdim edilib və ehtiyaca uyğun olaraq, Bakı və regionlar üzrə təhkim olunub. TƏBİB-in İnnovasiya və Təchizat Mərkəzi tərəfindən 17 sentyabr 2024-cü il tarixində yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş daha 80 ədəd təcili tibbi yardım avtomobilləri satın alınıb.
Təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə 2024-2025-ci illər üçün inkişaf planında təcili tibbi yardım xidmətinə əlçatanlığı bütün ölkədə tələb olunan səviyyədə təmin etmək, xidmətin keyfiyyətini artırmaq, resurslardan effektiv və səmərəli istifadə etmək daxildir. İnkişaf planına əsasən ambulans parkı genişləndiriləcək və yenilənəcək, briqadaların sayı artırılacaq, stansiyaların və filialların yerləşməsinə yenidən baxılacaq, ambulansların çatma vaxtının azaldılması üçün tam yeni proqram təminatı hazırlanacaq, müasir naviqasiya və marşrut planlaması yaradılacaq. Bütün ölkə üzrə stansiyaların allokasiyasına yenidən baxılır.
Əhali sıxlığı ilə yanaşı, xəstəxanaların yerləşməsi, yol infrastrukturu, mövcud stansiyaların yerləşməsi kimi meyarlar nəzərə alınacaq. Abşeron yarımadasında fəaliyyət göstərən təcili tibbi yardım xidməti stansiyalarına əlavə olaraq 16 yeni stansiya - filialın yaradılması planlaşdırılır. 10-11 filial TƏBİB tabeli tibb müəssisələrində yaradılacaq", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
Rəylər