Milli Məclisin payız sessiyasının sonuncu - 28 dekabr iclasında “Tibbi sığorta haqqında” və “İcbari sığortalar haqqında qanun layihələri müzakirə olunub.
Oxu.Az- ın xəbərinə görə, dəyişikliklərdə icbari tibbi sığorta üzrə sığorta haqlarının məbləği müəyyən edilib.
Belə ki, icbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilib:
Xidmətlər zərfinin baza hissəsi üzrə - təqvim ili üçün adambaşına 29 (iyirmi doqquz) manat;
Xidmətlər zərfinin əlavə hissəsi üzrə:
- sığortalı tərəfindən - hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
- sığortaolunan tərəfindən - işçinin əməkhaqqının 2 faizi;
İşləməyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hallarda - Azərbaycan vətəndaşları, əmək pensiyası alan, sosial müavinət almaq hüququna malik olub əmək qabiliyyəti olmayan şəxslər, ünvanlı sosial yardım alan ailənin üzvləri, hamilə qadınlar, doğuşdan sonrakı dövr üçün ödənişli sosial məzuniyyətdə olan qadınlar, qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar üçün xidmətlər zərfinin əlavə hissəsi üzrə illik ödənişin adambaşına 120 manat olması təklif edilib.
Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və ölkə ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat,
Enerji içkilərinə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 0,1 manat,
Tütün məmulatlarına aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 0,05 manat,
Alkoqollu içkilərə aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 0,1 manat,
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortalı üzrə ödənilən təqvim haqqının 50 faizi,
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna əsasən, sığortalının sığorta müqaviləsi üzrə sığortaçıya ödədiyi sığorta haqqının 5 faizi məsələsi də təklif edilib.
İcbari tibbi sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən icbari tibbi sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.
Təklif edilən dəyişikliklər layihəsi müzakirə olunduqdan sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Kamil HƏMZƏOĞLU