Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sus kəndinin sakini: "Artıq toy-bayram səsləri eşidiləcək"
26 avqust 2022-ci il. Prezident, Ali Baş Komandan İlham Əliyev rəsmi "Twitter" hesabında (indiki "X" sosial şəbəkəsi) laçınlıların 30 il idi ki gözlədikləri o müjdəni verdi. Dövlət başçısı "Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!" sözləri ilə xalqımızı təbrik etmişdi.
Həmin günü yaxşı xatırlayıram. İlk təəssüratlarını öyrənmək və təbrik etmək üçün bir neçə Sus və Zabux kənd sakininə gözaydınlığı vermişdim. Onlar artıq öz kəndlərinə bir an əvvəl qayıtmağın xəyalını qururdular. Mən də kəndə köçdükdən sonra onların evlərində qonaq olacağım barədə vəd vermişdim.
Bir müddət öncə Zabux kəndində olmuş, ilk köçdən sonra zabuxluların qonağı kimi onların böyük qayıdışdan sonrakı sevinclərini bölüşmüşdüm. Bu gün isə Sus kəndinə, 32 ildən sonra yurd nisgilinə son qoyulmuş sakinlərlə görüşmək üçün gedirəm.
Yazın ilıq havasının, Laçın dağlarının, yaşıla bürünmüş meşələrin xoş müşayiəti ilə Sus kəndinə doğru yola çıxırıq.
Qeyd edək ki, Laçın şəhərindən təxminən 15 dəqiqəlik məsafədə yerləşən Sus kəndinə ilk mərhələdə 20 ailə köçürülüb. Vaxtilə ermənilərin viran qoyduğu bu yurdda artıq 20 ocağın işığı yanır.
Həkəri çayının sahilində yerləşən kəndə girəndə buranı uşaq vaxtı rəsm dərsində təsvir etdiyimiz kəndlərə bənzədirəm. Çünki həmin evlərin kənarında da mütləq dağ, meşə və çay olurdu.
İlk olaraq Vaqif Həsənovun evinə qonaq getdik. O, söhbətimiz zamanı Laçının işğal illərini xatırlayır, o illərdən ürək yanğısı ilə bəhs edir: "Həmin illərdə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi ucbatından Laçın işğal olundu. 1993-cü ildə biz artıq Bakıda qaçqın həyatı yaşayırdıq. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsini bu gün kimi xatırlayıram. Əgər o olmasaydı, Azərbaycan parçalanmışdı. Ölkənin bütün ziyalıları da bu həqiqəti yaxşı anlayırdılar. Ulu öndərin bizə olan qayğısını, diqqətini daim hiss edirdik. Hazırda da Prezident İlham Əliyevdən eyni diqqəti görürük. O, Ali Baş Komandan kimi bizim yurd həsrətimizə son qoydu və bizim üçün yuxu olan xəyalları gerçəyə çevirdi. Bu gün artıq Sus kəndinə qayıtmışıq və bura köç edən ilk ailələrdən biriyik. Torpaqlarımızın uzun illərdən sonra azad edilməsinin nə dərəcədə çətin və böyük iş olduğunu yaxşı dərk edirik. Bu uğurda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qaziləmizə şəfa diləyirəm".
Başqa bir Sus sakini Oqtay İsgəndərovla da söhbət etmək imkanımız yaranır. O, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub, Bakıda və Nabranda yerləşən Laçın məktəblərində müəllim işləyib: "Susdan getmək bizim üçün olduqca çətin idi. Qaçqınlığımız Sus kəndinin işğalı ilə başladı, həmin gün hava yağışlı və dumanlı idi. Elə bil təbiət də qan ağlayırdı. Uzun müddət qaçqın həyatı yaşadıq və çox çətin günlərdən keçdik".
Oqtay müəllim Sus kəndinin azad edilməsini sevinc və qürurla xatırlayır: "Zabux və Sus kəndlərinin azad edildiyini cənab Prezidentin bəyanatlarından eşitdik. Daha sonra Susda layihələndirmə işlərinə başlanıldığından xəbər tutduq. Kəndimizlə əlaqədar xəbərləri yaxından izləyirdik. Torpağımıza qovuşacağımızın ümidi ilə yaşadıq və şükür ki, artıq 32 ildən sonra vətənimizə qayıtmışıq. İnsan harada və necə yaşayırsa-yaşasın, öz yurduna görünməz incə tellərlə bağlıdır. Bizim paytaxtımız Bakı olsa da, mənəvi paytaxtımız həmişə Susdur. Vətən bizim kəndimizdən başlayır".
Vəzifə Muradova bizi qapıda qarşılayır. Evlərinə gələn ilk qonağın sevinci Vəzifə xanımın üzündən oxunur. "Şükür bu günlərə ki, 32 ildən sonra kəndimizə gələn qonaqları qarşılamaq qismətimiz oldu", - deyir.
Vəzifə xanım Sus kəndinin işğal olunduğu vaxtı indiki kimi xatırladığını deyir: "Hamı öz canının hayında idi, hər kəs bir-birinə qarışmışdı. Allah heç kimə elə günlər qismət eləməsin. Xocalıda baş verən faciədən xəbər tutanda dəhşətə gəldik. Susdan öncə Zabuxda baş verənlər, daha əvvəl Xocalı soyqırımı bizi ev-eşiyimiz, doğma yurdumuzu qoyub çıxmağa məcbur etdi. Allah şəhidlərimizə rəhmət eləsin. Ali Baş Komandanımızın dəmir iradəsi və ordumuzun şücaəti nəticəsində kəndimizə, torpağımıza qayıda bilmişik".
Vəzifə xanımla bir qədər söhbət etdikdən sonra sağollaşır, bu dəfə Səriyyə xanımgilin evinə üz tuturuq.
Səriyyə Ağayeva ilə 1992-ci ilin may ayında baş verənlərlə bağlı söhbətə başlayırıq: "Qız-gəlinlər ermənilərə girov düşməsin deyə may ayının 14-ü bizi kənddən çıxardılar. Mən də o zaman tərk etdim Susu. Uzun müddət xəbərlər gəlirdi ki, ermənilər kəndlərə hücum edir, əliyalın insanlara divan tuturlar. Buna baxmayaraq, kəndi tərk etmək istəmirdik. Xüsusilə, Xocalı faciəsindən sonra qərar verdik ki, kəndi tərk etmək lazımdır. O zaman may ayı dəhşətli dərəcədə soyuq idi. Əlverişsiz hava şəraiti yaşlıların, uşaqların dağları aşıb gedə bilməsini çətinləşdirir, bəzən mümkünsüz edirdi. Çətinliklə Ağcabədiyə çatdıq, 12 ailə bir yerdə məskunlaşdıq. Bir neçə gün qaldıqdan sonra Bərdəyə yola düşdük. Sağ olsunlar, həm Ağcabədi, həm Bərdə camaatı bizi çox yaxşı qarşıladı, köməklərini əsirgəmədilər. Ən son ünvanımız isə Sumqayıt oldu. Beləcə, 32 illik qaçqınlıq həyatımız başladı".
Səriyyə xanım Sus kəndinin azad olunması xəbərindən danışarkən səsi titrəyir: "Hələ də inana bilmirəm ki, doğma yurdumuza qayıtmışıq. Qonşuların hər biri fərqli yerlərə səpələnmişdi. Bu gün isə hər şey yaxşılığa doğru dəyişir. Bütün kənd camaatı artıq bir yerdəyik. Axşamlar, bəzən səhərlər kənddə toplaşır söhbət edir, sevincimizi bölüşürük. Bu gözəl günlərimizin səbəbkarlarını hörmət və ehtiramla anırıq".
Kənddə görülən işlər, eləcə də köç prosesi hələ yekunlaşmasa da, Sus camaatı öz qapılarını hər kəsin üzünə ürəklə açır. Belə sakinlərdən biri də Rafiq Hüseynovdur.
Rafiq bəylə keçmiş günlərdən bir qədər söhbət etsək də, artıq işğal illərindən çox danışmaq, həmin qanlı-qadalı günləri xatırlamaq istəmirik. O, oğlunu evləndirmək istəyindən, artıq Susda toy-bayram səslərinin eşidiləcəyindən danışır. Rafiq bəyin xanımı da söhbətə qoşulur və bildirir ki, oğluna məhz Sus kəndində toy etmək arzusundadır.
Bütün bu söhbətlərin fonunda şəhidlərimizin ruhu bir an belə unudulmur, sakinlər az qala hər kəlmələrində onları ehtiramla yad edirlər.
Sus kəndinin qonaqpərvər sakinləri, gözəl təbiəti ilə sağollaşır, yenidən bu gözəl kəndə yolumuzun düşəcəyi ümidi ilə xudahafizləşirik.
"Report" İnformasiya Agentliyi
"Azərbaycan" teqi üzrə xəbərlər
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
- Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi qəbul edildi
Rəylər