Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qəbulu düyünə düşmüş dörd qanun layihəsindən xəbər var
Uzun illər müzakirələri və qəbulu hər sessiyadan, növbəti sessiyaya təxirə salınan dörd qanun layihəsindən yeni xəbər var.
Oxu.Az-ın məlumatına görə,bunlar “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələridir.
Adları çəkilən qanun layihələri parlamentin fevral 1-də öz işinə başlayan 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib.
Qeyd edək ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbulu düz 12 il idi ki, ləngiyirdi.
Sözügedən qanun layihəsi hələ üçüncü çağırış (hazırda 5-ci çağırışdır - red) parlamentin dövründə millət vəkili Məlahət İbrahimqızının təqdimatında plenar iclasın birinci oxunuşun müzakirələrinə çıxarılsa da, kəskin etirazlardan sonra geri qaytarılmışdı.
Sənədin geri qaytarılmasına səbəb isə orada “surroqat ana” və “donor bank” məsələlərinin əksini tapması idi.
Qanun layihəsini ən kəskin tənqid edən millət vəkillərindən biri də xanım millət vəkili Jalə Əliyeva olmuşdu.
O da əksər həmkarları kimi, qanun layihəsindən həmin maddələrin və digər bir neçə müddəanın çıxarılmasını tələb etmişdi.
Bununla belə, millət vəkili artıq sözügedən qanun layihəsinin yenidən müzakirələrə çıxarılmasına heç bir maneə görmür.
J.Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, reproduktiv sağlamlıqla bağlı qanun layihəsinə yenidən qayıtmaq olar və o, artıq yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib:
“Bildiyiniz kimi, hələ üçüncü çağırış parlamentin dövründə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirələrə çıxarılmış və orada milli-mənəvi dəyərlərimizlə, milli mentalitetimizlə daban-dabana ziddiyyət təşkil edən bəzi məsələlər olduğu üçün kəskin mübahisələrə səbəb olmuş və geri qaytarılmışdı.
İndi həmin vaxtdan təxminən 12 il ötür və verilən məlumatlara görə, qanun layihəsi tam təkmilləşdirilib, mübahisələrə, etirazlara səbəb olmuş “surroqat ana” və “donor bank” məsələləri, eləcə də, digər məqamlar artıq sənəddən çıxarılıb.
Odur ki, artıq həmin sənədin müzakirələrə çıxarılması və qəbulu üçün də hansısa bir əngəl, maneə qalmır. Reproduktiv sağlamlıq ana sağlamlığı, uşaq sağlamlığı deməkdir. Həmçinin, ana ölümünün, uşaq ölümünün önlənməsi deməkdir.
Bu baxımdan da, belə bir qanun layihəsinin müzakirələrə çıxarılması və qəbulu zamanıdır. Çox güman ki, məhz belə də olacaq”.
Yeri gəlmişkən qeyd edək ki, parlamentin dünən keçirilən plenar iclasında millət vəkili Sahib Alıyev də adıçəkilən qanun layihəsinin nəhayət, müzakirələrə çıxarılması və qəbulu ilə bağlı çağırış etmişdi.
“Kinematoqrafiya haqqında” qanun layihəsinə gəlincə, hazırda bu yöndə müvafiq qanun olsa da, onun yeniləşdirilməsinə ehtiyac yaranıb və hətta, bununla bağlı Mədəniyyət Nazirliyi ilə birlikdə parlamentin Mədəniyyət komitəsi hələ 2-3 il öncə yeni qanun layihəsi hazırlayaraq, onun ilkin variantda müzakirələrə təqdim etmişdi.
Qanun layihəsi bir neçə dəfə sessiyaların qanunvericilik işləri planına daxil edilsə də, onun müzakirələri və qəbulu mümkün olmamışdı.
Səbəb isə sənədin maliyyə tutumlu olması, həmçinin, Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin sənədin bəzi maddələri ilə razılaşmaması idi.
Ancaq verilən məlumatlara görə, artıq adıçəkilən qurumlarla razılıqlara gəlinib və bu səbəbdən qanun layihəsi yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib.
Digər iki qanun layihəsinə -“Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” və “Yazılı abidələr haqqında” qanunvericilik aktlarına gəldikdə isə, artıq həmin sənədlərin də yaz sessiyasında müzakirələrə çıxarılmasına razılıq verilib.
Xatırladaq ki, hər iki qanun layihəsi parlamentin Mədəniyyət komitəsi və akademik Rafael Hüseynov tərəfindən hazırlanıb.
Hətta, muğam sənəti ilə bağlı qanun layihəsi iki dəfə sessiyaların qanunvericilik işləri plana daxil edilib, amma onun müzakirələri təxirə salınıb.
Ancaq MM-dən verilən məlumata görə, həm muğam sənəti, həm də yazılı abidələr ilə bağlı layihələrin yaz sessiyasında müzakirələri nəzərdə tutulur.
Kamil HƏMZƏOĞLU