Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xaricdə pulsuz təhsil almaq istəyənlərin nəzərinə - Müsabiqə başladı
Gənclər Fondu öz vəsaiti hesabına gənclərin Avropanın nüfuzlu ali təhsil müəssisələrində 74 ixtisas üzrə magistr təhsilini maliyyələşdirəcək.
Oxu.Az-ın məlumatına görə, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Gənclər Fondu “Xaricdə təhsil” Proqramını elan edib:
“Bu gündən etibarən Gənclər Fondu gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edir. İxtisas və təhsil proqramları üzrə ölkənin ehtiyacları və əmək bazarının perspektiv tələbatına uyğun olaraq, Gənclər Fondu öz vəsaiti hesabına gənclərin Avropanın nüfuzlu ali təhsil müəssisələrində 74 ixtisas üzrə magistr təhsilini maliyyələşdirəcək. Həmçinin, ABŞ və Böyük Britaniyanın ilk 100-lüyündə yer alan universitetlərdə magistr pilləsi üzrə təqaüd qazanmış gənclərin nəqliyyat və yaşayış xərcləri Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək”.
Fərid Cəfərov bildirib ki, müsabiqədə iştirak etmək istəyən 16-29 yaş arasında Azərbaycan Respublikasının vətəndaşları magistr təhsil pilləsi üzrə prioritet ixtisaslara qeyd edilən universitetlərdən hər hansı birinə qəbul olaraq müraciət edə bilərlər:
“Müsabiqəyə müraciət 23 may 2019-cu il tarixindən 23 iyun 2019-cu il saat 18:00-dək qəbul olunur. Müraciət etmək istəyən gənclər Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi saytında qeydiyyatdan keçib kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən fonda göndərməlidirlər”.
İlhamə Əbülfət
Rəylər