Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Koronavirus xəstələrini müalicə edən həkim: “Martın əvvəllərindən evə getmirəm” - MÜSAHİBƏ
“Koronavirus xəstələrinin sayı, ağırlaşma və ölüm faktları digər ölkələrlə müqayisədə Azərbaycanda çox azdır. Hazırda xəstəxanada müalicəsi davam edən koronavirus xəstələrinin vəziyyəti stabildir”.
Oxu.Az pandemiya əleyhinə ölkəmizdəki xəstəxanalardan birində çalışan həkim Arzu Ələkbərova ilə müsahibəni təqdim edir:
- Bu gün çalışdığınız tibb müəssisəsində koronavirus xəstələrinin sayı çoxdur?
- Xeyr. Əvvəl müraciətlər bir qədər çox olsa da, indi artıq yoluxmaların sayı kifayət qədər azalıb. Xəstəxanamızda 100 xəstə üçün yer ayrılıb. Lakin bu günə qədər xəstələrin sayı 80 nəfəri keçməyib.
- Operativ qərargah ölkədə koronavirusa yoluxanların yaş qruplarını açıqlamışdı. Onların arasında yaşı 9-a qədər olan uşaqlar da var idi. Hazırda xəstələr arasında uşaqlar çoxdur?
- Əvvəl böyüklərlə yanaşı, uşaqlar da gətirilirdi. Yaş qruplarına görə onlar ayrılırdı. Amma sonra uşaqlar kiminlə sıx ünsiyyətdə olurdusa, ana, ata, bacı və s. birlikdə gətirilirdi. Azyaşlı uşaqları anadan ayırmaq olmurdu. Bu səbəbdən artıq kimdə COVID-19 testinin nəticəsi müsbət çıxıb, həmin şəxslər böyüklər və ya kiçiklər üçün müəssisələrə ayrılmadan, ünsiyyətdə olduqları bütün ailə üzvləri ilə birgə hospitala gətirilirdi. Son dövrlərdə müraciətlərin sayı xeyli azalıb. Ümumilikdə, hər yaş qrupundan olan insanlar var.
- Xarici ölkələrdən, daha doğrusu COVID-19-un daha çox yayıldığı İtaliyadan gələnlərlə yerli vətəndaşlar karantin vaxtı eyni yerdə saxlanılır?
- Təkcə İtaliya yox, eləcə də Türkiyədə yaşayan, təhsil alan həmvətənlərimiz ölkəyə qayıdanda qabaqlayıcı tədbirlər məqsədilə 14-21 gün müddətinə karantinə alınırdılar. COVID-19-un ən çox yayıldığı ölkələr olduğu üçün onların virus daşıyıcıları ilə bilmədən ünsiyyətdə ola biləcəkləri nəzərə alınıb. Onlar ayrı saxlanılıb. Qeyd edim ki, onlarda heç bir simptom olmayıb. Karantin müddəti ərzində üç dəfə burun, udlaq, boğazdan yaxma götürülüb. Nəticələr mənfi gəldiyi və karantin müddəti bitdiyi üçün onlar evə buraxılıb.
- Bəs COVID-19 testinin nəticələri müsbət çıxan olub?
- Bəli, olub. Eyni qaydada analiz nəticələri götürülən şəxslər arasında nəticələri müsbət olan şəxslər də aşkarlanıb. Onlar simptomlarla gəlib, nəticələr də müsbət çıxdığı üçün dərhal müalicələrinə başlanılıb.
- Mütəxəssislər bildirirlər ki, koronavirus xəstəsi sağaldıqdan sonra belə onun yenidən virus daşıyıcısı kimi təhlükəsi qalır. Sağalıb evə buraxılan şəxslərdə yenidən COVID-19 aşkarlanıb?
- Xeyr, bizim müəssisədə karantin müddəti bitdikdən sonra evə buraxılan şəxslərdən heç birində sonradan xəstəlik aşkarlanmayıb. Koronavirusun ilkin simptomları ilə təkrar müraciət edənlər olmayıb. Biz onlara təlimatlar vermişik. Hər hansı simptom – hərarət, boğaz ağrısı, baş ağrısı olarsa, təcili yardıma zəng etmələri deyilib. Amma yenə də qeyd edirəm ki, bizim müəssisədən evə buraxılan şəxslər arasında belə hallar olmayıb.
- Hazırda xəstələrin vəziyyəti necədir? Ağır və orta ağır vəziyyətdə olanlar çoxdur?
- Ağır vəziyyətdə xəstəxanaya gətirilən xəstələr olub. Lakin onlarda koronavirusla paralel başqa ağır xəstəliklər (böyrək çatışmazlığı, orqan transplantasiyası keçirən və s.) müşahidə edilib. Test nəticələri neqativ gələnlər aidiyyəti üzrə həkimlərə yönləndirilib, müalicələrinə davam ediblər. Koronavirus testinin cavabı müsbət çıxanlara isə yanaşı xəstəliklərlə birlikdə müəyyən müalicə üsulu seçilib. Onların vəziyyətləri stabilləşdirilib.
Hələ ki, süni tənəffüs aparatına qoşulacaq dərəcədə ağır xəstələrimiz yoxdur. Tibbi xidmət baxımından bütün zəruri cihazlarımız var. Bilirsiniz ki, koronavirusun ən ağır simptomu ağciyərlərin pnevmoniyasıdır. Düzdür, birtərəfli pnevmoniya ilə daxil olan xəstələr olub. Lakin şükür olsun ki, onlar müalicəyə vaxtında cavab verib və ağırlaşma müşahidə edilməyib. Xəstələrə mərkəzləşdirilmiş qaydada nəm oksigen dəstəyi lazım olub, lakin süni tənəffüs aparatına ehtiyac duyulmayıb. İnşallah, heç bir xəstəmiz üçün istifadə etmək məcburiyyətində qalmarıq.
- Gün ərzində xəstələrə baxım necə aparılır, zəhmət olmasa, bu barədə danışın.
- Gün ərzində bütün xəstələr həkimlər tərəfindən yoxlanılır. Normalda iki saatdan bir, ehtiyac olarsa, daha da tez-tez kordiomonitor aparatı vasitəsilə bütün xəstələr yoxlanışdan keçir. Aparat portativ olduğundan bütün palatalara aparıla bilir. Yaş qrupundan asılı olmayaraq, bütün xəstələrdə ağciyərlərin oksigenlə təchiz olunma faizi yoxlanılır. Daim bu məqam nəzarətdə saxlanılır. Daha sonra hərarət, arterial təzyiq, ürək döyüntüləri yoxlanılır, qeydiyyatı aparılır. Xəstəxanada həkimlərimiz gücləndirilmiş iş rejimində çalışdığı üçün üç növbədə fəaliyyət göstərir. Bu səbəbdən xəstələrin gündəlik vəziyyətləri barədə xüsusi qeydlər götürülür, digər növbə həkimləri də bu qeydlər əsasında nəzarəti davam etdirir.
Hər hansı xüsusi qida rasionu yoxdur. Sadəcə, xəstələrə daha çox vitaminli qidalar verilir. İmmun sisteminin möhkəmləndirilməsi üçün... Karantindən sonra evə buraxılan şəxslərə də meyvə və meyvə şirələrinə üstünlük vermələri tövsiyə edilir.
- Neçə saat xüsusi geyimlərdə qalırsınız?
- Gün ərzində elə olur ki, 12 saatdan da çox biz bu geyimdə qalırıq. Həkim heç vaxt ilk olaraq özünü düşünmür. Bunu çox səmimi deyirəm. Bu peşəni seçən hər kəs onun ağırlığını, məsuliyyətini də dərk etməlidir. Bu həm özümüzü, həm də ətrafımızdakıları yoluxma təhlükəsindən uzaq saxlamaq üçündür.
- Xəstəxanada həkimlər koronavirusla bağlı yoxlanılır?
- Bəli, çox ciddi yoxlamalar aparılır. Gündəlik olaraq gigiyenik normalara riayət olunur. Təkcə həkimlər deyil, xəstəxananın bütün tibb personalı koronavirusa görə yoxlamalardan keçirilir. Burun, udlaq, boğaz yaxması götürülür.
- Bəs həkimlər arasında COVID-19-a yoluxan olub?
- Bu günə qədər bizim xəstəxanada tibb personalı arasında koronavirusa yoluxmanın qarşısının alınması üçün bütün zəruri tədbirlər görülüb. Analiz nəticələrində isə pozitiv olan aşkarlanmayıb.
- Elə xəstələr olub ki, onların evdə izolyasiyasına icazə verilsin?
- Xəstəxanalarda zəruri şərait, palatalar mövcud olduğu üçün buna ehtiyac qalmır. Lakin istisna vəziyyətlər olmuşdu. Türkiyədə ağır beyin əməliyyatı keçirən bir uşaq və ailəsi aidiyyəti üzrə karantinə alınmışdı. Analizlər götürüldü. Uşağın vəziyyəti və Türkiyədə xəstə şəxslərlə əlaqədə olmadıqları nəzərə alınaraq, onların evdə özlərini izolyasiya etmələrinə şərait yaradıldı. Təbii ki, karantin müddəti ərzində sahə həkimi tərəfindən şəxslərin qətiyyən evdən çıxmamasına, heç kimlə əlaqədə olmamasına ciddi nəzarət olunub.
- Həkimlərin ailə yaxınları ilə ünsiyyətinə icazə verilir?
- Xeyr, martın əvvəllərindən biz də izolyasiya məqsədilə evə getmirik. Dövlətimiz tərəfindən istər xəstələr, istəsə də tibb işçiləri üçün bütün zəruri şərait yaradılıb. İzolyasiya məqsədilə bizi koronavirusla mübarizə çərçivəsində ayrılan müəssisələrdən birinə yerləşdiriblər.
Dövlət başçımızın tapşırıqlarına uyğun olaraq, dezinfeksiyaedici məhlullardan tutmuş, istehlak etdiyimiz qidalara qədər hər şeylə təmin olunuruq. Ailəmiz, yaxınlarımız üçün təbii ki, darıxırıq. Lakin məhz onların və digər şəxslərin təhlükəsizliyi baxımından müəyyən müddət insanlarla yaxın məsafədə təmasdan, ünsiyyətdən qaçmaq lazımdır.
- Bu dövrdə həyatını riskə atan həkimlər və hüquq-mühafizə orqanları cəmiyyətin də diqqətindədir.
- Bilirsiniz, bu bizim vəzifə borcumuzdur. Həkimlər hər zaman vətəndaşlara tibbi xidmət göstərib, göstərməyə də davam edəcək. Biz qəhrəmanlıq etmirik, sadəcə vəzifə borcumuzu layiqli şəkildə yerinə yetiririk.
Könül Cəfərli
"COVID-19" teqi üzrə xəbərlər
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
- Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
- ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
Rəylər