Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xəzər rayonunda koronavirusa qarşı zəruri tədbirlər davam etdirilir - FOTO
Nazirlər Kabinetində yaradılmış operativ qərargahın son göstərişlərinə uyğun olaraq, koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması istiqamətində Xəzər rayon İcra Hakimiyyətinin (RİH) nəzdində yaradılmış operativ qərargah tərəfindən növbəti tədbirlər həyata keçirilib.
RİH-dən Oxu.Az-a verilən məlumata görə, bu gün Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, müavinləri və Aparatın məsul işçilərinin iştirakı ilə rayonun Mərdəkan, Şağan və Buzovna qəsəbələrində olub, əhali arasında fərdi izahetmə-xəbərdarlıq işləri apararaq, sakinlərə Nazirlər Kabinetinin qərarına əsasən, 18 may 2020-ci il tarixindən etibarən məhdudiyyətlərin yumşaldılmasına baxmayaraq, bir müddət yenə də şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, digər şəxslərlə minimum kontaktda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə edib. Həmçinin, sakinlərə spirt, tibbi maskalar, əlcəklər və maarifləndirici çap materialları paylanılıb.
Eyni zamanda, rayonun digər qəsəbələrində də Xəzər Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış operativ qərargahın üzvlərindən ibarət mobil qruplar tərəfindən əhali arasında maarifləndirici və izahedici söhbətlər aparılaraq, onların sağlamlıqlarının təmin olunması istiqamətində dövlət tərəfindən həyata keçirilən bütün zəruri tədbirlər izah edilib.
Bütün bu işlərlə yanaşı, Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Daxili İşlər Nazirliyinin xüsusi avtonəqliyyat vasitələri ilə rayonun Mərdəkan qəsəbəsinin, S.Yesenin, Buzovna qəsəbəsinin Zuğulba şosesi (R.İmanov küçəsi), Şüvəlan qəsəbəsinin Almaz İldrım, Şimal DRESS yaşayış sahəsi, Lev Starçuk, Şağan qəsəbəsinin H.Xanızadə, Binə qəsəbəsinin Ə. İsazadə, Vaqif və Xətai küçələrində gücləndirilmiş dezinfeksiya işləri aparılaraq, yollar dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulub.
Bundan əlavə, Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən dövlət başçısının və Birinci-vitse prezident Mehriban Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır.
Belə ki, “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən layihə çərçivəsində Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Binə və Qala qəsəbələrində yaşayan bir qrup aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar paylanılıb.
Xəzər rayon sakinləri bu xeyirxah aksiyaya görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlığını bildiriblər.
Rəylər