Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Balaxanı yolunda "Range Rover" KÜLƏ DÖNDÜ - Xəsarət alan var?
"Bakının Sabunçu rayonunun ərazisində, Balaxanı-Binəqədi yolunda yanan avtomobildə xəsarət alan olmayıb".
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev verib.
"Hadisə bu gün saat 13:00-da Abşeron rayonu ərazisində baş verib. 1988-ci il təvəllüdlü Zaur Əvəz oğlu Məmmədovun idarə etdiyi 10-VV-512 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində yanğın baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır", - deyə E.Hacıyev bildirib.
Bakının Sabunçu rayonunun ərazisində, Balaxanı-Binəqədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hərəkətdə olan "Range Rover" avtomobil alışıb və tamamilə yanıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
"FHN-in 112 qaynar telefon xəttinə Abşeron rayonu Məmmədli kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürənləri hadisə yerinə cəlb olunublar. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində avtomobildə baş vermiş yanğı söndürülüb. Hadisə nəticəsində avtomobilin yanar hissələri tamamilə yanıb, yol kənarında yerləşən kommunikasiya xətləri isə yanğından mühafizə olunub", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova