Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Unudulmamaq üçün mübarizə aparan kinostudiya - FOTOREPORTAJ
Azərbaycan milli kinosunun tarixi dünyada kinonun yaranmasından üç il sonra, 1898-ci il avqustun 2-də bakılı fotoqraf A.M.Mişonun çəkdiyi Bakı həyatından bəhs edən kino süjetlərin nümayişindən başlayır.
1920-ci il dekabrın 20-də Azərbaycan Xalq Maarif Komissarlığı “Kinematoqrafiya filmləri fabrikinin açılışı haqqında” qərar qəbul edib.
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi nəzdində I Dövlət Kinofabriki yaradılıb ki, “Azərbaycanfilm” kinostudiyasının tarixi də məhz həmin hadisədən başlanır. Kinofabrikdə çəkilən ilk film isə 1924-cü ildə “Qız qalası” bədii filmi olub.
Kinostudiyanın adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1923-1926-cı illərdə kinostudiya AFKİ-nin I Dövlət Kinofabriki, sonralar “Azdövlətkino” (14 fevral 1926-1930), “Azərkino” (1930-1931), “Azərfilm” (1932-1933), “Azdövlətkinosənaye” (1934-1935), “Azərfilm” (1935-1938), Bakı kinostudiyası (1939-1958), “Azərbaycanfilm” kinostudiyası (1959) adlandırılıb. Nəhayət 1960-cı ildən “Azərbaycanfilm” kinostudiyası Cəfər Cabbarlının adını daşımağa başlayır.
Bu gün yolumuz uçuq-sökük divarları arasında tarix qoruyan həmin Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasınadır.
İki korpuslu binanın əsas girişi uzun illərdir bağlanıb. Bağlı qapılar arxasından Cəfər Cabbarlının mozaikası görünür. Əsas girişin yanından keçib binaya daxil olmaq üçün nəzərdə tutulan istiqamətə gedirik. Bizi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında direktor vəzifəsinə yeni təyin edilən Fariz Əhmədov qarşılayır.
Onunla bu sahənin ən maraqlı tərəflərinə toxunmağa çalışdıq. 1965-ci ildən “Azərbaycanfilm” kinostudiyası burada fəaliyyət göstərir və həmin tarixdən binada heç bir əsaslı təmir işləri aparılmayıb.
Fariz bəy deyir ki, hər zaman studiya əməkdaşları, eləcə də rəhbərlik əsaslı təmir işləri aparmağa cəhd edib, lakin təəssüf ki, bu günə kimi bu cəhdlər nəticəsiz qalıb:
“Biz buraya gəldikdən sonra ilk gördüyümüz iş binanın layihələndirilməsi oldu. Mədəniyyət nazirinin iştirakı ilə əraziyə baxış keçirildi, zəruri qeydlər götürüldü. Hazırda layihələndirmənin ilkin mərhələsi aparılıb. Yaxın zamanda əməkdaşlarımız daha təmiz və təmirli otaqlarda çalışacaqlar. İndiki halda dəhlizlər, otaqlar müasir standartlara cavab verməsə də, fəaliyyətimiz davam edir. Artıq 10 aydır “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik edirəm. Bu müddət ərzində bir çox layihələr həyata keçirmişik və özümüz üçün prioritet xəritə formlaşdırmışıq. Həsən Seyidbəyli haqqında film çəkilib və ötən il dekabrın 28-də yubileyi ərəfəsində təhvil verilib”.
F.Əhmədov deyir ki, cari il onlar üçün çox çətin keçir:
"Çəkilişlərimiz olsa da, istehsal baxımından çox ağır il oldu. Bu, bizim işin ən xoş olan hissəsidir. Amma kinonun ərsəyə gətirilməsi çox ağır bir prosesdir, bəzən bir layihədə 100-lərlə insan yer alır. Onların hər birinin şəxsi və digər problemlərindən dolayı iş prosesi ləngiyə bilir. Hazırda yanvar ayından bu günə qədər 24 hissədən ibarət olan “Bizim Kino” adlı layihə həyata keçirilir. Avqust ayında layihənin planlaşdırılması tamamlandıqdan sonra efir partnyorumuz İctimai Televiziya efirində ayın 24-dən etibarən yayımlanacaq.
Eyni zamanda, Mirsadiq Ağazadənin “Evimiz abad” adlı bir filmi var idi. Material çox olduğundan biz onu 35-40 dəqiqə aralığında hissələrə bölərək montaj işlərini bitirmişik. Yəqin ki, yeni sezonda televiziya kanallarında göstəriləcək”.
Digər suallarımızı isə Fariz Əhmədov belə cavablandırıb:
- Fariz bəy, birgə istehsal edilən filmlər də varmı?
- Bəli, paralel olaraq Bakı Media Mərkəzi ilə birlikdə “Biz” filmi ortaqlıq çərçivəsində hazırlanıb. İyunun 26-da premyerası həyata keçirildi. Eyni zamanda Türkiyə ilə birlikdə “Fulya” filmi üzərində çalışırıq. “Fulya” filminin Türkiyədə son montaj tamamlanma işləri yekunlaşmaq üzrədir. Tammetrajlı filmlərdən isə Elçin Musaoğlunun “Məryəm” bədii filminin çəkilişləri bitib, montaj işləri qalıb.
- “Fəryad 2” filminin çəkilişləri necə gedir?
- Vaqif Mustafayevin üzərində çalışdığı “Fəryad-2” filmi hazırda istehsal prosesindədir. Bu filmin çəkilişlərinin də ilin sonuna qədər bitirilməsi nəzərdə tutulub. Pandemiya imkan versə, proseslər ardıcıl şəkildə aparılacaq. Eyni zamanda Asif Rüstəmovun “Mərmər soyuq” filmi də hazırlıq prosesindədir məkanların tapılması, aktyorların seçilməsi və s. məsələlər davam edir.
- Ötən il baş verən 44 günlük Vətən müharibəsi ilə bağlı film çəkilişləri varmı?
- Bu istiqamətdə beş silsilə sənədli film çəkilir. Bunlar qoşun növlərinə - artilleriya, hərbi dəniz qüvvələrinin xüsusi təyinatlılarına (dəniz pişiklərinə) həsr olunacaq. Onların artıq çəkilişləri bitib.
Eyni zamanda 27 sentyabr adlı sənədli film çəkilir. Daxili qoşunların təmas xəttinə qalxaraq əks-həmlə hücumuna keçməsi ilə bağlıdır. Burada döyüşlərdə iştirak edən bütün qoşun növlərinə yer verilib. Eksklüziv görüntülərimiz olacaq. Çəkilişlərin tamamlanmasına 10 günə yaxın müddət qalıb. Film döyüşdə iştirak edən zabitlərin müsahibələri əsasında lentə alınıb. Düşünürəm, sentyabr, oktaybr və noyabr aylarında bu filmlər tamaşaçılara təqdim ediləcək.
- “Azərbaycanfilm” Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük Qayıdış” kino layihəsində iki layihənin qalibi olub. Bir qədər bu barədə danışardınız...
- Bəli, bu filmlərdən biri hazırda Türkiyədə çəkilişləri yekunlaşmış və montajda olan “Fulya” filmidir. Digəri isə “Müharibə uşaqları” adlı filmdir. Bu müharibə dövründə arxa cəbhədə təmas xəttinə daha yaxın yerlərdə yaşayan uşaqlara həsr olunub. Filmin artıq hazırlıq prosesləri gedir. Bu il istehsala buraxılan filmlərin əksəriyyəti müştərək filmlərdir.
- Bu il Nizami ilidir. Bununla bağlı yeni layihələr varmı?
- Nizami ili ilə bağlı İctimai Televiziya ilə 12 seriallıq "Xosrov və Şirin" serialının çəkilişləri gedir. Nizami Gəncəvinin əsəri əsasında çəkilən serialın çəkilişlərinin avqustun sonlarına qədər yekunlaşması gözlənilir. Yeni sezonda yəqin ki, İctimai Televiziyanın efirində izləyicilərə təqdim ediləcək. Qeyd edim ki, müraciətlər çox olur. Lakin, əsasən, Mədəniyyət Nazirliyinin verdiyi sifarişlər əsasında layihələr seçilir. Tək bizdə deyil, Mədəniyyət Nazirliyinin digər kinostudiyalarında da istehsalda olan filmlər var. “Azərbaycanfilm”də bu il üçün 4 bədii film istehsal prosesindədir, bununla yanaşı sənədli filmlər də var.
- Bəzən kino sahəsində Türkiyə ilə müqayisə aparılır. Film sektorunda çox praktikdirlər və istehsal edilən filmlərin sayı çoxdur. Maraqlısı isə mövzu baxımından bir-birinə bənzəyən filmlərin geniş auditoriya tərəfindən sevilərək izlənməsidir. Necə düşünürsüz bizdə nə üçün belə bir mühit yoxdur?
- Düşünməzdim ki, film sektorunda Türkiyə ilə müqayisə aparılması məqsədə uyğundur. Çünki, orada olan kinostudiyaların sayı ilə bizim zalların sayı bir deyil. Türkiyədə çəkilən hansısa serialın bir seriyası ortalama bir milyon dollara başa gəlir və ilk yayımı hansı televiziyada gedirsə, filmə qoyulan vəsaitin 400-500 min dolları geri qazanılır. Burada reklam bazarı önəmlidir ki, pandemiyadan əvvəl onsuz da qənaətbəxş deyildi. Pandemiyadan sonra isə demək olar ki, ölüb.
Tamaşaçılardan da çox şey asılıdır. Sovet dövründə bu qədər televiziya və internet resursları yox idi. İnsanlar tamaşalara, filmlərə baxmağa gedirdilər. Bu gün isə sosial şəbəkə üzərindən film izləmək üçün müxtəlif platformalar mövcuddur.
Keyfiyyət baxımından isə hər ölkədə var. Sadəcə olaraq biz həmin filmlər içərisində seçilən 5-10 ən maraqlı – ssenari, mövzu, istiqamət baxımından keyfiyyətli filmləri görürük. Türkiyədə hər bir seriala isə milyon dollar üzərində vəsait xərclənir. Eyni zamanda kadr potensialı da önəmli faktorlardandır. Türkiyədə film istehsalı ilə məşğul olan şirkətlər var ki, buna biznes kimi baxırlar. Lakin bizdə hazırda kino bazarı yoxdur. Demək olar ki, bir çox hallarda biz 95 faiz dövlətdən asılıyıq. Onun verdiyi maliyyə vəsaiti əsasından film çəkə bilirik. Pandemiya dövrüdür və çəkilən filmlərə qoyulan vəsait geri qaytarıla biləcəkmi, bu da sual doğuran məsələdir. Eyni zamanda insanları kinostudiyaya qaytarmaq da çətin olacaq.
Fariz Əhmədovla söhbətimizi yekunlaşdırıb kinostudiyanın otaqlarını gəzirik.
Köhnə dəhliz, uçuq-sökük divarlar, eksponatların və filmlərdə istifadə edilən kostyumların yığıldığı otaqlar…
Bir tərəfdə isə “Azərbaycanfilm” kinostudiyasının demək olar ki, öz hesabına, dostlar tərəfindən bir neçə otağında aparılan təmir-bərpa işləridir. Binaya baxdıqca insanda elə bir təsəvvür yaranır ki, sanki unudulmamaq üçün mübarizə aparır…
Divarları kinostudiyada zaman-zaman çəkilən və bu gün də sevilərək izlənilən filmlərdən fotolar bəzəyir.
Bu gün - 2 avqust - Azərbaycan Kinosu Günüdür. Kinomuzun əbədi yaşaması diləyi ilə…
Könül Cəfərli
FOTO: Firudin Səlimov
"Maraqlı" teqi üzrə xəbərlər
- Dəri xərçəngini erkən mərhələdə aşkar edən plastır yaradılıb
- Alimlərdən yeni kəşf: Ələ əlavə edilən bir barmaq insanı mükəmməlləşdirir
- Fransa və ABŞ-nin Ukrayna üzərindən çirkin oyunları - ŞƏRH + FOTO
- ABŞ kəşfiyyatı Azərbaycan-Ermənistan münasibətlərinə zərbə vurur - ŞƏRH + FOTO
- Sürücülərin illərlə çözülməyən dərdinə çarə axtarılır: Cərimə artırılacaq, yoxsa parklanma yerləri? - FOTO
Rəylər