Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bu gün doğum günü olan şəhidlərimiz - FOTO
44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız hərbçilərimiz tərəfindən azad olunub.
Azərbaycan ordusu tarixi qələbə çaldı və bütün dünya Azərbaycan ordusunun gücündən danışdı.
Qələbəyə gedən yolda qazilərimizlə yanaşı, şəhidlərimiz də oldu. Bu gün qəhrəman şəhidlərimizdən 11 nəfərin doğum günüdür.
Oxu.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Baş leytenant Bədəlov Valeh Vahid oğlu 1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.
1996-2007-ci illərdə R.Şabanov adına Aşağı Tala kənd tam orta məktəbində, 2007–2012-ci illərdə Qafqaz Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali təhsilini Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə başa vurub. Valeh Bədəlov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsi altında xidmət edib.
2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edirdi. Valeh Bədəlov 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub. 2017-ci ildə Türkiyədə komando kurslarında iştirak edib. 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən paradda iştirak edib, fərqlənməyə görə medalla təltif olunub. 2019-cu ildə Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçirilən paradda iştirak edib. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Valeh Bədəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Valeh Bədəlov oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Aşağı Tala kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Valeh Bədəlov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
MAHHXHQ çavuş Ələsgərzadə Sənan Muxtar oğlu 1995-ci il oktyabrın 10-da Şəki rayonunun Əliyar kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Sənan Ələsgərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Ələsgərzadə oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Sənan Ələsgərzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edildi.
XTQ-nin Tibb Xidməti baş leytenantı Ənvərli Aqşin Faiq oğlu 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub. 2001-2012-ci illərdə Qəbələ şəhərinin N. Apayev adına 4 nömrəli tam orta məktəbində təhsil alıb. Ali təhsilini isə 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) alıb.
Aqşin Ənvərli 2018-ci ildə tibbi xidməti leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə başladı. Bir müddət sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edildi.
Azərbaycan Ordusunun leytenantı olan Aqşin Ənvərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib.
Aqşin Ənvərli noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə “baş leytenant” rütbəsi alıb. Qəbələ rayonunda torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Aqşin Ənvərli ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
MAHHXHQ əsgər İbrahimov İbrahim Abdulla oğlu 1999-cu il oktyabrın 10-da Bakı şəhərində anadan olub. 2007-2018-ci illərdə Bakı şəhərində 205 saylı tam orta məktəbdə təhsil alıb. 2018-ci ildə Sumqayıt Dövlət Texniki Kollecinə qəbul olub. İbrahim İbrahimov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan İbrahim İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Noyabrın 9-da Şuşa şəhəri yaxınlığında snayper gülləsinə tuş gələrək şəhid olub. O, noyabrın 12-də Bakı şəhərində Binəqədi qəbiristanlığında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İbrahim İbrahimov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.
Əsgər Kərimli İsmayıl Ceyhun oğlu 1997-ci il oktyabrın 10-da Bakı şəhərində anadan olub.[1] 2015-2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Su Təsərrüfatı və MKS” ixtisası üzrə ali təhsil alıb. İsmayıl Kərimli 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan İsmayıl Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hadrut döyüşləri zamanı döyüş yoldaşlarının əhatəyə aldığı səngərə daxil olub və Ermənistan Silahlı Qüvvələrinin bir neçə əsgəri öldürüb. İsmayıl Kərimli noyabrın 4-də Daşaltı istiqamətində döyüş yoldaşlarını xilas edən zaman ağır yaralanıb, nəticədə şəhid olub. Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən İsmayıl Kərimli ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Leytenant Məcidzadə Teymur Tehran oğlu 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Məcidzadələr ailəsi Xətai rayonunda yaşamağa başladılar.
2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Dünya iqtisadiyyatı” üzrə ali təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Teymur Məcidzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Məcidzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edildi.
Baş leytenant Məmmədzadə Mikayıl İlqar oğlu 1994-cü il oktyabrın 10-da Sumqayıt şəhərində anadan olub. 2001 - 2009-cu illərdə C.Səfərov adına 10 saylı tam orta məktəbdə, 2009—2012-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.
2012 - 2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Mikayıl Məmmədzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində xidmət edib. 2018-ci ildən xidmətini “baş leytenant” hərbi rütbəsi altında davam etdirirdi. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Mikayıl Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Mikayıl Məmmədzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı, Kəlbəcər rayonu ərazisində Camışdağ-Qaragöl istiqamətində şəhid olub. Nəşi uzun müddət götürülə bilməyib. Dekabrın 28-də Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Mikayıl Məmmədzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Əsgər Mərdanov Vaqif Ədalət oğlu 2001-ci il oktyabrın 10-da Suraxanı rayonunun Hövsan qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Vaqif Mərdanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vaqif Mərdanov noyabrın 3-də Qubadlı döyüşləri zamanı şəhid olub. Hövsan qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Vaqif Mərdanov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medaları ilə təltif edilib.
MAHHXHQ, əsgər Qənbərzadə Heydər Ağahüseyn oğlu 10 oktyabr 1997-ci ildə Lənkəran rayonunun Cil kəndində dünyaya gəlib. Heydər Qənbərzadə orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq və çavuş rütbəsi alaraq hərbi xidmətinə davam edib.
Azərbaycan Ordusunun əsgəri olan Heydər Qənbərzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzuli və Hadrut döyüşlərində vuruşub. Heydər Qənbərzadə 9 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Heydər Qənbərzadə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Əsgər Qumaşov Anar Saleh oğlu 10 oktyabr 1997-ci ildə anadan olmuşdur. Əslən Cəbrayıl rayonundan olan şəhidimiz uşaq yaşlarında atasını itirib, nənəsinin himayəsində böyüyüb.
Azərbaycan Ordusunun əsgəri olan Anar Qumaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. Anar Qumaşov 20 oktyabr 2020-ci ildə Xocavənd rayonun azad olunması uğurunda gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Anar Qumaşov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
MAHHXHQ əsgər Yunisli Ruslan Elçin oğlu 1996-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra 2020-ci il sentyabrın 8-də həqiqi hərbi xidmətə çağırılıb.
Xidmət dövründə atıcı qumbaraatan köməkçisi olub. Ruslan Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib və oktyabrın 25-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ruslan Yunisli ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Könül Cəfərli
"Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU)" teqi üzrə xəbərlər
- Azərbaycanda ali təhsil müəssisələrində yeni fənn TƏDRİS OLUNACAQ
- "Araz" supermarketlər şəbəkəsi əmək bazarına uyğun kadr hazırlanmasında fəal iştirak edir
- Kolleclərə yeni direktorlar təyin olunub
- Azərbaycan universitetləri niyə beynəlxalq reytinqlərdə yer ala bilmirlər?
- Universitetlərin akkreditasiyası davam edir: Keçməyənlərin aqibəti necə olacaq?
Rəylər