“İT sahəsində Qubanın dağında oturub Kanadadakı şirkət üçün iş görmək mümkündür. Əgər maaşın sənə dollar olaraq gəlib çatacaqsa və məsafədən işləyə bilirsənsə, təbii ki, bu daha sərfəlidir. Azərbaycanda isə hansısa şirkətdə oturursan, maaşı manatla alırsan, üstəlik onun bir qismi vergilərə çıxılır, heç bir zəmanət də yoxdur ki, pensiya yaşına gəlib çatanda həmin pulun bir dəyəri olacaq, ya yox.
Yəni təkbaşına işləməyi seçənlər buna, əsasən, maddi mənfəət nöqteyi-nəzərdən yanaşırlar. Çünki azad işləmək çox sərfəlidir. Bir layihəni tək götürdüyün zaman onun icrası üçün ödənilən məbləğin hamısını özün almış olursan, amma hansısa şirkətlə əməkdaşlıq etdikdə həmin məbləğ bölünür və sənə ən yaxşı halda onun 10 faizi çatır.
Ona görə də Azərbaycan əhalisi heç bir səviyyədə maddi olaraq doymayıb. Çox işləyən, yüksək səviyyəli mütəxəssislərimiz belə hazırda dünya səviyyəsində məvacib almırlar. Ona görə də hər kəsin gözü oynayır, hər kəs kənar gəlir mənbəyi üçün sağa-sola baxmaq məcburiyyətindədir”.
Bu sözləri tanınmış İT mütəxəssisi Vahid Qasımov Oxu.Az-a müsahibəsində deyib. O, İT-yə olan tələb, onun perspektivləri, bank hesablarının oğurlanması və digər kiberdələduzluqlar, kibermüharibə və bir sıra başqa məsələlərlə bağlı suallarımızı cavablandırıb:
- Bu gün, demək olar ki, bütün müəssisələrdə İT mütəxəssisinə tələb var. Bəs ölkədə tələbi ödəyəcək səviyyədə mütəxəssis mövcuddurmu?
- Əfsuslar olsun ki, xeyr. Ümumiyyətlə, biz İT-nin Azərbaycandakı vəziyyətini postsovet məkanı və qonşu ölkələrlə müqayisə etdikdə bizdəki vəziyyətin xoş olmadığını görürük. Çünki əhaliyə nisbətdə İT mütəxəssisləri yetərsizdir. Biz mütəxəssis cəlb etdiyimizdə belə, tələb qarşılanmır.
- İT geniş bir sahədir, müxtəlif qolları var, əsasən hansı istiqamətində böyük boşluqların olduğunu düşünürsünüz?
- Bəli, İT-nin 60-dan çox sahəsi var və bütün istiqamətlərdə boşluq hiss olunur. Hətta o istiqamətlərin bəziləri bizdə, ümumiyyətlə, inkişaf etməyib, yəni həmin sahələrdə bir nəfər də mütəxəssis yoxdur. Bəzi sahələr də var ki, onlarla bağlı Azərbaycanda heç tələb formalaşmayıb. Şirkətlər bilmirlər ki, belə bir sahə var, oraya mütəxəssis cəlb etmək olar.
- Boşluğun universitetlərimizdəki təhsil səviyyəsindən qaynaqlandığını düşünürsünüzmü?
- Mütəxəssis boşluğu mütləq şəkildə təhsildən qaynaqlanır. Kompüter mühəndisi ixtisası bizdə ilk dəfə 1990-cı illərdə Qafqaz Universitetində mövcud olub, ondan sonra Xəzər Universitetində də açıldı. Bəzi digər ixtisaslar isə Qərb Universitetində yaradıldı. Amma bunların hamısı qeyri-qanuni idi. Çünki Azərbaycanda kompüter mühəndisliyi ixtisası abituriyent ixtisasları siyahısına sadəcə 2009-cu ildə əlavə olunub. Bu o deməkdir ki, Azərbaycanda 2009-cu ilə qədər kompüter mütəxəssisləri haqqında heç kim ali təhsil səviyyəsində fikirləşmirdi. Hazırda biz bunun təbii nəticəsini yaşayırıq. Bizdə keyfiyyətli kadr hazırlayan müəllim çatışmır. Demək olar ki, bu sahədə alimimiz də yoxdur. İT ixtisasları üzrə elmlər doktoru, fəlsəfə doktoru olanlar bir əlin barmaqlarını keçmir.
Ümumilikdə ali təhsil pilləsində İT mütəxəssislərinin yetişdirilməsini düzgün hesab etmirəm. Çünki İT tamamilə tətbiqi bir sahədir. Buna görə də mütəxəssislərin yetişdirilməsi ilə ali təhsil müəssisələri yox, peşə təhsili səviyyəsində məşğul olmaq lazımdır. Peşə təhsili isə bizdə bir-iki ildir ki, inkişaf etməyə başlayır. Ona görə də vəziyyət qəlizdir.
- Bizdə bu peşəni seçənlər onsuz da universitet təhsilindən daha çox, sahə üzrə yaradılan kurslara üz tuturlar. Sizcə, kurslarımız mütəxəssis yetişdirəcək potensiala sahibdir?
- Bəli, çox peşəkar, səviyyəli kurslarımız mövcuddur. Onlar yüksək səviyyədə peşə təhsili verirlər. Təhsil müddətləri isə uzunmüddətlidir, təxminən üç il çəkir. Həmin üç il ərzində keçirilən dərslərin sayı universitetlərdə dörd il keçirilən dərslərin sayından çoxdur. Ona görə də aydın məsələdir ki, onların İT sahəsində mütəxəssis yetişdirməsi daha məqsədəuyğundur.
- Ümumiyyətlə, ölkədə bu sahəyə olan tələbi ödəmək üçün hansı yeniliklər edilməlidir?
- Aydın məsələdir ki, təhsil, təhsil, təhsil… Biz bəzi məqamlarda çox gecikirik. Məsələn, informatika DİM-in suallarına bir ildir ki, salınıb. Bu, həqiqətən də, fəlakətdir. Belə çıxır ki, 2021-ci ilə qədər informatikanı bir elm sahəsi kimi heç kim ciddiyə almayıb. O, bədən tərbiyəsi, musiqi kimi “lazımsız” fənlər siyahısında olub.
- Xaricdən mütəxəssis cəlb edilməsinə ehtiyac görürsünüzmü?
- Xeyr, çünki bazarda mütəxəssis mövcuddur. Sadəcə onların təhsil sisteminə cəlbində maraqlı olmaq lazımdır. Bizdə peşə təhsilində müəllimlərin maaşları qənaətbəxş deyil. Ona görə də yaxşı mütəxəssislərin müəllimliyə cəlb olunması problem olaraq qalır. Bu isə bizi geri salır.
- İki nəfər danışır. Tərəflərdən biri deyir: “Azərbaycanda yaxşı İT mütəxəssisi yoxdur”. Digəri isə “Çünki yaxşı İT mütəxəssisi burada qalmır, çıxıb gedir”, - deyə cavab verir. Yaxşı niyə gedir?
- Çünki yaxşı mütəxəssis daha yüksək maaşa xarici ölkədə iş tapa bilir. İkinci bir məqam da odur ki, ölkəmiz sakit həyat tərzi üçün uyğun deyil. Ona görə də rahat şəkildə yaxşı pul qazana biləcək insanlar ölkəni tərk edirlər. Yəni puldan daha çox, rahatlıq dalınca qaçırlar.
- İT Azərbaycanda ən gəlirli sahələrdən biri hesab edilir. Bu halda belə, maddi tərəfinin qaneedici olmadığını düşünürsünüz?
- Digər sahələrlə müqayisədə, bəli, gəlirlidir, amma qonşu ölkələrlə müqayisədə bizdə vəziyyət heç də yaxşı deyil.
- Daha çox riyazi biliyi güclü və dil bilgisi yaxşı olan şəxslərin İT-də uğurlu olduqları deyilir. Bununla razısınız?
- Gəlin, onları ayıraq. Təfəkkür prinsipcə lazımdır. Lakin dərin riyazi biliklər İT-nin bir çox sahəsində lazım deyil. Dil məsələsinə gəldikdə isə bildirməliyəm ki, İT sahəsində Azərbaycan dilində olan yazılı mənbələr yox səviyyəsindədir. Bizim öz alimlərimiz olmadığına görə ancaq tərcümə ilə məşğuluq. İT isə olduqca sürətli inkişaf edən sahədir, yəni onu tərcümə etməyin mənası yoxdur. Çünki sən onu tərcümə edib çap edənə qədər o, aktuallığını itirir. Buna görə də biz məcburuq ki, xarici mənbələrdən yararlanaq. Əsasən, ingilis dilində mənbələr istifadə olunur. Bir də təəccüblüdür ki, yazılı mənbələrin sayına görə internetdə ikinci yerdə rus dili dayanır. Buna görə də təsadüfi deyil ki, İT mütəxəssislərinin çoxu rusdillidir.
- Bildiyim qədəri ilə İT və proqramlaşdırma dilləri fərqli sahələrdir. Bunlardan hansı gələcək üçün daha perspektivlidir?
- Əvvəldə də qeyd etdiyim kimi, İT-nin 60-dan çox sahəsi var. Proqramlaşdırma isə bunlardan bir neçəsini əhatə edir. Proqramlaşdırmanın veb-proqramlaşdırma, mobil proqramlaşdırma, desktop proqramlaşdırma kimi növləri mövcuddur.
- Bu sektorda ən ağıllı adamların hakerlər olduğu deyilir. İT-ni dərindən öyrənən hər kəs haker ola bilər?
- Hakerlik İT-nin müəyyən sahələrini əhatə edir. Hakerin yaxşı bir proqramçı, İT mütəxəssisi olmasının gərəkdiyi düzgündür. Amma reallıq onu göstərir ki, bu gün, loru dildə desək, uşaq-muşaq da hazır proqramlardan istifadə edərək müəyyən hakerlik əməliyyatlarını icra edə bilir, lakin onlar daha çox ziyanverici əməllər törədirlər. Belə çıxır ki, indiki dövrdə yaxşı mütəxəssis olmadan da haker olmaq mümkündür.
- Vətən müharibəsi dövründə informasiya müharibəsi aparan bir çox saytımıza hücumlar təşkil edildi. Ötən həftə Dövlət Xidməti elektron informasiya ehtiyatlarına hücumla bağlı xəbərdarlıq etdi. Bu hücumların qarşısını almaq üçün nə etmək lazımdır? Ümumiyyətlə, bunun üçün infrastruktur varmı?
- İnfrastruktur heç vaxt mövcud olmur, onu yaratmaq lazımdır. İnformasiya resursu olaraq fəaliyyət göstərən bir qurumun mütləq şəkildə İT departamenti olmalıdır. Əgər bu, sadəcə bir adamdan ibarətdirsə, o artıq departament deyil. Aydın məsələdir ki, infrastruktur da yoxdur. Heç olmasa, iki-üç server administratoru olmalıdır ki, 7/24 serverin texniki dəstəyini versin. Bir də informasiya təhlükəsizliyi üzrə mütəxəssisin olması vacibdir. O, mütəmadi olaraq monitorinq aparmalı və lazım olan məsləhətləri verməlidir ki, informasiya resursunun təhlükəsizliyi təmin edilsin.
- Hazırda hansı növ kiberdələduzluqlar yayılıb?
- Pandemiya başlayandan kiberdələduzluq bir xeyli inkişaf edib. Təkcə Azərbaycanda yox, başqa ölkələrdə də vəziyyət dəyişib. Bu dəqiqə bir çox vətəndaşımız kiberdələduzların qurbanı olmasından şikayətlənir. Onları aldadıblar, sifariş etdikləri mallar gəlib çatmayıb, kartlarından pul oğurlanıb və s.
- Bank kartlarından pulların oğurlanması necə baş verir? Qarşısını necə almaq olar?
- Burada bəzi məqamlar istifadəçilərdən asılıdır, bəziləri isə konkret olaraq banklarımızın problemidir. Sadəlövh insan məxfi məlumatı qarşıdakı adama verəndə təbii olaraq kartından pul oğurlanacaq. Adamlar məxfi məlumatlarını başqalarına verməməyi öyrənməlidirlər. Əgər nömrələrinə təsdiq üçün SMS gəlirsə, həmin kodu istəyən şəxsə verməməlidirlər. Amma başqa bir problem də var. Bu, bilavasitə tanışımın başına gəlib, adamın kredit kartından müəyyən məbləğdə pul çəkilib və bununla bağlı təsdiqləyici SMS gəlməyib. Halbuki onun təhlükəsizlik xidməti aktiv idi. Bu, bankın proqram təminatının problemidir.
- Sosial şəbəkə hesablarının oğurlanması halları da sıxlıqla qarşımıza çıxır. İnsanlar bunu önləmək üçün nə etməlidirlər?
- Sosial şəbəkələrin özləri istifadəçilərə imkan tanıyır ki, çoxsəviyyəli təhlükəsizlik tədbirləri görsünlər. Sosial şəbəkə hesabını bir neçə e-mailə, real telefon nömrəsinə bağlaya bilərlər. Bunu eləməyən adamlar qorunmamış olurlar, ona görə də ancaq və ancaq özlərinə dua yazdırmalıdırlar.
- “TikTok” Azərbaycanda həm ən qeyri-ciddi hesab olunan, həm də ən çox istifadə edilən sosial şəbəkədir. Bu təzadı nə ilə izah edə bilərik?
- Bu, təzad deyil, cəmiyyətimizin səviyyəsinin təbii bir nəticəsidir. Təhsil səviyyəsi mənfilərə düşəndə vəziyyət belə olur. Təhsilimiz illərdir ki, mənfilərdədir, sıfır belə deyil. Bizim gənclərin əksəriyyəti oxuma-yazma qabiliyyəti olmayan, ancaq vizuallara baxanlardır. Bəli, belə bir nəsil yetişir, üç sətirdən artıq yazını gördükləri zaman onları dəhşət bürüyür. Ona görə də bizdə “Twitter” heç populyar deyil, çünki gənclər nə oxuduqlarını başa düşməyi, nə də qısa cümlələrlə fikirlərini izah etməyi bacarırlar.
Televiziyalarımızın yayım siyasətinə baxdıqda onların səviyyəsinin də camaatın təhsil səviyyəsinə uyğun olduğunu müşahidə edirik. “Bozbaş” müğənnilərdən tutmuş ümumi gündəmə qədər heç bir şey arzulanan səviyyədə deyil. Əslində, qəbullanmalıyıq ki, televiziya üçün reytinq önəmlidir. Onların maliyyələşməsi reklamdan asılıdır. Reytinq yüksək olanda reklamı baha sata bilirlər. Aşağı səviyyəli verilişlərdə izlənmə yüksək olduğuna görə televiziyalar yayım cədvəllərində onlara ağırlıq verir. Nəticədə gənclərin də marağı həmin müstəvidə inkişaf edir. Beləliklə, tələblərinə ən yaxşı cavab verən platforma “TikTok” olur. Videoya baxırsan, hər cür səviyyəsiz məzmun var və məzmun nə qədər səviyyəsizdirsə, izləyicisi bir o qədər çoxdur.
- Bu gün hər şey elektronlaşır. Dövlətlərin, hökumətlərin rəqəmsallaşmasının zərərli tərəfləri varmı, hansı təhlükələr yarada bilər?
- Elektron hökumətin ancaq və ancaq faydası var. Xidmətlər elektronlaşmalıdır. Vətəndaşlar evdən çıxmadan, idarəyə getmədən rahat şəkildə lazım olan sənədləri, məlumatları əldə etməlidir. Həddən ziyadə digitallaşmanın yaratdığı sadəcə bir problemi var, bu, sosioloji və psixoloji problemdir. Yəni belə olanda insanlar normal ünsiyyətdən məhrum qalırlar. Bir-birləri ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər.
- Ümumiyyətlə, bizim hökumətin elektronlaşmasının hansı səviyyədə olduğunu düşünürsünüz?
- Elektron hökumət mövzusunda Azərbaycanın vəziyyəti heç də pis deyil. Hətta müqayisə etsək, bəzi Avropa ölkələrindən daha yaxşı səviyyədəyik. Səbəb isə bizim bu trendə gec girişməyimizlə bağlıdır. Gec girişdiyimizə görə ən yeni texnologiyalara sahibik. Kim ki bizdən əvvəl bu sahəyə girişib, onun tətbiq etdiyi texnologiyalar bu gün üçün köhnədir. Həmin texnologiyanı yeniləmək isə hazırda ona sərf etmir. Çünki pul ödəyib.
Nəzərə alsaq ki, Azərbaycan neft ölkəsidir, deməli, bizim pul problemimiz də yoxdur. Ona görə də elektronlaşma mövzusunda bizim imkanlarımız normal səviyyədədir. Bizdə qənaətbəxş olmayan şey xidmətdir. Digital müraciət sadəcə yoldur, xidməti göstərən insanlardır. “Sizə cavab qırx və ya beş iş günü ərzində veriləcək” deyilməsi problemdir, çünki müddətlər həddən artıq uzundur. Yəni xidmət aşağı, sistem yüksək səviyyədədir. Bu isə kadr problemindən qaynaqlanır. Kadr bizim ümummilli problemimizdir.
Sayad Həsənli
Daha çox şəkil burada: Photostock.az
Rəylər