Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
COP29 çərçivəsində Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib
Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən COP29 çərçivəsində Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib.
Oxu.Az xəbər verir ki, sammit COP29 tədbirinin Elm, Texnologiya və İnnovasiya Günündə "İqlim dəyişməsi ilə mübarizədə kosmik çağırışlar" mövzusuna həsr olunub.
Sammitin məqsədi qlobal və inkişaf etməkdə olan kosmik agentliklərlə birgə kosmik texnologiyanın imkanlarının iqlim dəyişikliyinə necə töhfə verməsini təşviq etmək və sammit çərçivəsində birgə atılacaq addımları formalaşdırmaqdır.
Tədbirdə beynəlxalq kosmik ictimaiyyətin 80-ə yaxın nümayəndəsi iştirak edib. Tədbirə Yaponiya, Amerika Birləşmiş Ştatları, Bəhreyn Krallığı, Braziliya, Çin, İtaliya, Norveç, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniyanın kosmik agentliklərinin rəhbər heyəti, BMT-nin Kosmos Məsələləri üzrə Ofisinin (UNOOSA), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO), Beynəlxalq Astronavtika Federasiyası və Millətlər Birliyi təşkilatının rəhbərləri qatılıblar.
Sammitdə qeyd olunub ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransı 30 ilə yaxındır ki, dövlətləri bir amal, bir məqsəd üçün - iqlim fəaliyyətini irəlilətmək, tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı təşəbbüsləri artırmaqdır. İqlim problemlərinin həllində kosmik fəaliyyətin əhəmiyyəti son illərdə COP tədbirlərinin gündəliyinə salınıb. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin Kosmik Agentliyi COP28-də ilk dəfə Kosmik Agentliklər Liderlərinin Sammitinə ev sahibliyi edib. Bu il "Azərkosmos"un təşkilatçılığı ilə keçirilən tədbiri açıq elan edən "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov: "COP29-da Sədrliyin yüksəksəviyyəli tədbirlərindən biri olan Kosmik Liderlərin Sammitində biz iqlim dəyişikliyində kosmosun qlobal ambisiyaları, fəaliyyətləri və əməkdaşlığı necə dəstəklədiyinin şahidi oluruq", - deyə bildirib.
Sammitdə kosmik fəaliyyəti olan ölkələrin "İqlim fəaliyyəti üçün birgə səylər: tərəfdaşlıqlar, bilik və məlumat mübadiləsi" mövzusunda hər bir dövlətin uyğunluğunu əks etdirən bəyanatlar dinlənilib.
Bəyanatda "Azərkosmos" üç əsas faktorun - kosmik agentliklər və təşkilatlar arasında birgə iqlim strategiyaları üzrə beynəlxalq tərəfdaşlığı gücləndirmək, BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş "Kosmik 2030 Gündəliyi"nin məqsədlərinə fəal şəkildə töhfə vermək, o cümlədən kosmik iqtisadiyyat, kosmik cəmiyyət, kosmosa əlçatanlıq və kosmik diplomatiyanı inkişaf etdirmək, həmçinin kosmik həlləri müəyyən etmək, monitorinq və hesabat mexanizmi yaratmaq və şəffaflığı təmin etməyin vacibliyi vurğulanıb.
Həmçinin, bəyanatda "Azərkosmos" və Millətlər Birliyi təşkilatının birgə (Commonwealth) tərəfdaşlığı çərçivəsində İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinə dəstək məqsədilə iqlim dəyişikliyində kosmik texnologiya və coğrafi məlumatlar vasitəsilə təhlillərin aparılması üçün hazırlanmış kompleks proqram da öz əksini tapıb.
Sonda sammitin nəticəsi olaraq 20-yə yaxın qlobal kosmik agentliyin liderləri "Kosmosa əsaslanan iqlim təşəbbüslərinin genişləndirilməsinə dair vəd sənədi"ni təsdiq ediblər. Bakıda təsdiq edilmiş bu öhdəlik sənədi növbəti COP tədbirləri üçün qlobal əməkdaşlığı, ölkələrin təcrübə mübadiləsini, iqlim dəyişikliyinin mənfi nəticələrini vaxtında və effektiv şəkildə yumşaltmağın həlledici yollarını ortaya qoyan bir sənəddir.
Sammitin gedişində NASA astronavtları Soni Viliems və Nik Heykin xüsusi olaraq iqlim dəyişikliyində kosmosun vacibliyini çatdırmaq məqsədilə COP29 tədbiri üçün beynəlxalq kosmik stansiyada çəkilmiş videomüraciəti nümayiş olunub. Videomüraciətdə astronavtlar kosmosdan baxdıqda planetimizin hər saniyə dəyişdiyini vurğulayıblar.
Bu sammit kosmik sahədə rəqəmsal infrastruktur, iqlim fəaliyyəti, innovasiya, davamlılıq və qlobal əməkdaşlıq ilə dərindən inteqrasiya olunub. Kosmosun təkcə bir vasitə kimi deyil, elm, texnologiya, siyasət və fəaliyyəti birləşdirən körpü rolunu oynadığı vurğulanıb. Sammit kosmik agentliklər, beynəlxalq təşkilatlar, hökumətlər, tədqiqatçılar və özəl sektor arasında daha güclü tərəfdaşlıq qurmaq imkanı verir. Sammitdən sonra mütəxəssislərin, kosmik agentliklərin, beynəlxalq təşkilatların iştirakı ilə panel sessiyalar öz işinə başlayıb. Panellərdə yerin müşahidəsi, təbii fəlakətlərin idarə edilməsi, peyk texnologiyası və iqlim monitorinqi üçün süni intellektdən istifadəyə dair mövzuların müzakirəsi yer alıb.
Məhərrəm Əliyev
"COP29" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT