Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Gilin romantikası: Kişilərin qadınların əlindən aldığı sənət, zəhəri özündə saxlayan qablar - REPORTAJ + FOTO
Torpaqla insan oğlunun vəhdəti elə onların yaradılışlarının tarixi qədər qədimdir. Bəlkə də, bizi ona bağlayan əsas səbəblərdən biri də insanın torpaqdan yaradılması tezisidir. Yaşamın əsas mənbəyi olan qida rasionumuzu da məhz torpağa borcluyuq.
Yaradılışdan danışmışkən elə ilk sənət əsərlərimizi də torpaqdan yaratmışıq. İnsana yarada bildiyini də o öyrədib. Tarixin ən qədim sənət növü olan dulusçuluq məişətimizin ilkin, xam versiyasında baş rolda olub.
Oxu.Az dulusçuluq sənəti ilə əlaqədar reportajını təqdim edir:
Dulusçuluq sənətinin tarixi bəlli deyil. Neolit dövrünə təsadüf etdiyi deyilən bu sənətin yeddi minə yaxın yaşı olduğu düşünülür. Arxeoloji qazıntılar zamanı aşkarlanan ən qədim taxıl, daşlaşmış şərab örnəkləri dulusçuluq sənətinin əsəri olan gil qabların içində tapılıb.
Hansısa bir sənəti, əl işini, bir hadisəni ən yaxşı şəkildə təsvir etmək üçün ən azı bir dəfə də olsa, o sənəti icra etməyə çalışmalısan. Bunun üçün dulus çarxının arxasına keçirəm...
Müəllim gili çarxın üzərinə qoymazdan öncə onunla necə davranmalı olduğumu öyrədir. İlk dəfədir, bir az həyəcanlı, eyni zamanda da çox həvəsliyəm. Çarxı ayağımla fırlatmağa başlayanda su ilə gilin ovuclarım arasında şəkil alması psixoloji terapiya təsiri bağışlayır.
Bir qədər sonra gil barmaqlarım arasında ram olub ona vermək istədiyim formanı almağa başlayır. Dayanmaq olmaz, çarxı sürətlə fırlamalıyam. Çünki gil lazımi formanı almaq üçün suyu və sürəti sevir. Bir qədər sonra artıq ilk əl işim olan kiçik kasa hazırdır. Fikrimcə, insana yaratmaq qədər zövq verən başqa bir şey yoxdur.
Sənətin sirləri və tarixi barədə müəllimlə - Cəfər Quliyevlə söhbət edirik. O, dörd ildən çoxdur ki, dulusçudur:
“Sənətin qədim tarixi var. Dulus çarxı Neolit dövründə kəşf edilib və o, kəşf edilməzdən öncə ilk dulusçular qadınlar olublar. Onlar saxsı qabları gili əllə ovaraq hazırlayıblar. Çarxın icad edilməsindən sonra dulusçuluqla kişilər məşğul olublar. Çünki dulus çarxı ağırdır və fırlatmaq üçün güc tətbiq etmək lazımdır. Hazırda xanımlar bu qabların üzərinə boyalarla naxış çəkirlər”.
O, dulusçuluq məhsullarının xammalını təşkil edən gildən də danışır:
“Gil əvvəlcə daş formasında olur. Məsələn, Qala kəndinin torpağı şoran olduğu üçün onun gili çox duzludur. Gil isladılıb duzu süzülür, sonra ələkdən keçirilir. Geriyə qalan kütlə isə bizə lazım olan xammalı verir. Həmin gilə dulus çarxında forma verilir, sonra bir həftə quruması üçün kənara qoyulur. Qurudulduqdan sonra sobada 950 dərəcədə bişirilir”.
Gilin xarakterindən danışan mütəxəssis qeyd edir ki, gildə məsamələr çoxdur:
“Gil bişdikdən sonra qaba su töksəniz, o sızacaq. Suyun sızmaması üçün onu cilalamaq lazımdır. Cilalanan zaman həmin məsamələr sanki bir-birinə keçib bağlanır, həm də qab parlaqlaşır. Bundan sonra qabda maye sızıntısı olmur. Şəkidə isə saxsı qabın içinə quyruq yağı çəkib bişirirlər. Bu vasitə də məsamələrin bağlanması üçün unikaldır”.
C.Quliyev vurğulayıb ki, saxsı qablarda bişirilən yeməklər xüsusilə dadlı olur:
“Eyni zamanda gilin bütün zərərli maddələri özünə çəkmək kimi xüsusiyyəti var. Həmin zərərli maddələri özündən yeməyə buraxmır”.
Dulusçuluq sənətinin bəxş elədiyi estetik zövq və rahatlıq barədə çox danışmaq olar. Lakin necə deyərlər, “yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır”. Ona görə bir gün dulusçuluq emalatxanasına yolunuz düşsə, dulus çarxının arxasına keçməkdən çəkinməyin.
Aysel Aslanqızı
Daha çox foto burada: Photostock.az
Rəylər