Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bu gün Xalq artisti Rasim Ocaqovun DOĞUM GÜNÜDÜR
Noyabrın 22-də Azərbaycan rejissorluq məktəbinin istedadlı nümayəndələri sırasında özünəməxsus yer tutan və bu sahənin inkişafında mühüm rol oynayan Rasim Ocaqovun doğum günüdür. Görkəmli kinorejissor, Dövlət mükafatı laureatı, Xalq artisti yaşasaydı, bu gün 90 yaşını qeyd edəcəkdi.
Oxu.Az xatırladır ki, Rasim Ocaqov 1933-cü ildə Şəki şəhərində anadan olub. 1951-56-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu-rejissor işləyib.
1950-ci illərin sonunda Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. 1958-ci ildə çəkilmiş "Onun böyük ürəyi" filmi R.Ocaqovun ilk sərbəst işi olub.
Film Sumqayıt metallurqlarının həyatına həsr olunub. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.
Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filminin tamamlanması olub. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o, qəhrəmanların ifaçılarını dəyişib, ssenarini yenidən işləyib. "Qatır Məmməd"in obrazını isə aktyor Şahmar Ələkbərova tapşırıb. Film ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə uğurlu olduğu mətbuatda geniş qeyd edilib.
Onun ikinci rejissor işi "Tütək səsi" filmi olub. "Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirib. Bundan sonra çəkdiyi "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm, bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. "Təhminə", "Hotel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın cəmiyyətə münasibəti mövzusunda söhbət açır.
Rasim Ocaqov 1980-81-ci illərdə Azərbaycanın və SSRİ-nin Dövlət mükafatları laureatına, 1982-ci ildə "Azərbaycanın Xalq artisti" fəxri adına layiq görülüb. 2002-ci il iyunun 11-də Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
R.Ocaqov 2006-cı il iyulun 11-də Bakıda dünyasını dəyişib.
Rəylər