Vətən müharibəsinin başlandığı gündən iki il keçir. 44 günlük haqq savaşında qazandığı qələbə ilə Azərbaycan Ordusu öz gücünü bütün dünyaya göstərdi. Azərbaycan Ordusunun müasir hərbi texnika ilə təchiz edilmiş müxtəlif qoşun növlərində xidmət edən hərbi qulluqçular düşmənə layiqli cavab verdilər.
Onlardan biri də Hərbi Hava Qüvvələrinin (HHQ) mayoru Qasımlı Rəşad Məzahir oğludur.
Rəşad Qasımlı 1991-ci il 31 dekabr tarixində Bakı şəhərində anadan olub. 2009-cu ildən HHQ-nin “N” saylı aviasiya bazasında xidmət edir. Vətən müharibəsi zamanı “SU-25” tipli hücum təyyarəsində döyüş uçuşları icra edib.
Anım Günündə Oxu.Az-ın əməkdaşı HHQ-nin hərbi pilotu mayor Qasımlı Rəşadla həmsöhbət olub.
O deyir ki, 2020-ci ilin sentyabr ayında müvafiq əmr ilə döyüş tapşırıqlarını icra etmək üçün xidmətə başlayıblar:
“Düşmən təxribatlarının qarşısının alınması məqsədilə qısa zamanda hazırlıq aparıldı. Müharibənin ilk günlərindən hərbi hissəmiz bütün növ döyüş növlərinə havadan dəstək verdi. Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun rəhbərliyi ilə düşmənin hava hücumundan müdafiəsinin böyük hissəsi tərəfimizdən məhv olundu”.
Əsrin müharibəsinə imza atan Azərbaycan Ordusunun 13 illik təcrübəyə malik hərbi qulluqçusu deyir ki, savaşda hava üstünlüyünün əldə edilməsi zəfərə aparan uğurlu yollardan biridir. Bu baxımdan da ilk gündən Hərbi Hava Qüvvələri bütün imkanlarından maksimum istifadə edib.
Riskli yüksəkliklərdən həyata keçirilən uçuşlar...
Pilot deyir ki, yeddi min metr hündürlükdə həyata keçirilməli olan uçuşları bundan da yüksək nöqtələrdə gerçəkləşdiriblər:
“Quru qoşunlarının, xüsusi təyinatlı qüvvələrin hərbçilərinin və digər qoşun növlərində xidmət aparanların döyüş tapşırıqlarını yerinə yetirərkən qarşılarına çıxan hər bir maneəyə, təxribata qarşı qərargahdan gələn müvafiq əmrlər əsasında dəqiq zərbələr endirirdik. 30 il ərzində səmasında uça bilmədiyimiz Qarabağ torpaqlarında Hərbi Hava Qüvvələri tarixə yazılacaq uğurlu döyüş tapşırıqları həyata keçirib. Yeddi min metr yüksəklikdən də hündürdə uçaraq düşmən hədəflərini məhv etmişik. Əslində, təyin olunan yüksəklikdən daha hündürdə uçuş həyata keçirmək pilotun səhhəti üçün çox risklidir. Lakin bizim pilotlar çox möhtəşəm, yaddaqalan uçuşlarla tarix yazdılar. Düşmən bizim “SU-25” təyyarələrimizi elə hündürlükdə görürdü ki, gözlərinə inanmırdı”.
Hərbi təyyarəçi deyir ki, ilk dəfə müharibədə döyüş tapşırığı yerinə yetirdiyi üçün onun məsuliyyəti və sevincini sözlə ifadə edə bilməyəcək qədər qəribə duyğular yaşayıb:
“Döyüş zamanı bütün əməliyyatlar riskli və məsuliyyətlidir. İlk döyüş uçuşumu heç bir vaxt unutmayacağam. Hər uçuş bir sonrakından relyefinə, hədəf xarakterlərinə, istifadə edilən təchizatlara, meteoroloji şəraitə, günün gecə və gündüz saatlarına görə fərqlənirdi. Bu kimi fərqli hallarda döyüş uçuşları həyata keçirmək xüsusi bacarıq tələb edir. Bizim hərbi hissə bütün bu çətinliklər içərisində uğurla xidmət etdi”.
Aydın məsələdir ki, müharibə zamanı həyata keçirilən bütün tədbirlər barədə danışmaq olmur. Qürurverici bütün görüntülər Müdafiə Nazirliyi tərəfindən ictimailəşdirilmişdi və bu görüntülərdə düşmən hədəflərinin necə sərrast və dəqiq vurularaq məhv edildiyinin şahidi olmuşduq. Həmin o tarixi görüntülərin müəllifləri bu gün qarşımızda dayanan peşəkar hərbçi qulluqçulardır.
Müsahibimiz Vətən müharibəsində şəhid olan HHQ-nin hərbi pilotu, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zaur İsmayıl oğlu Nudirəliyevi xatırlayır.
R.Qasımlı deyir ki, həmkarlarının şəhadətə ucalması onları məyus etsə də, döyüş zamanı ruh yüksəkliyini azaltmadı:
“Biz gözümüzün önündə çiyin-çiyinə xidmət etdiyimiz həmkarımızı itirdik. Döyüş meydanında itkilər qaçılmazdır. Xarici ekspertlər də Vətən müharibəsi ilə bağlı açıqlamalarında: “Azərbaycan 21-ci əsrin müharibəsini apardı”, - deyə çıxışlar etdilər. Vətən müharibəsindən qabaq insanlar eyni hədəfə müxtəlif atışlarla birdən çox bomba atıla biləcəyinə inanmırdılar. Lakin bizim pilotlar ən müasir silahlardan bu əməliyyatları həyata keçirirdilər. Biz bir nöqtəyə bir metr dəqiqliyində iki və daha çox bomba atmışıq.
Pilot polkovnik Zaur Nudirəliyev uçuşa başlayanda biz hələ yerdəydik. Onu uçuşa yola saldıq. Uçuşun, səhv etmirəmsə, 13-15-ci dəqiqələri olardı, düşmən tərəfin zenit-raket kompleksini işə saldığına dair kəşfiyyat məlumatı daxil oldu. Ona dərhal çıxış əmri verildi. Lakin təəssüf olsun ki, artıq təyyarəni vurmuşdular. Pilot təyyarəni çox rahat bir şəkildə tərk edə bilərdi. Lakin polkovnik Zaur Nudirəliyev böyük şücaət göstərərək təyyarəni təhlükəsiz endirmək yerinə onu düşmənin canlı qüvvəsinin üzərinə çırpdı. O, bir neçə düşməni məhv edərək şəhadətə ucaldı”.
Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazır olan hərbi qulluqçularımızın şücaətindən hələ çox danışılacaq. Azərbaycan Ordusu öz gücünü kifayət qədər sübut edib və bu tarixi qələbəni, çətin ki, kimsə unutsun.
Onu da qeyd edək ki, mayor pilot R.Qasımlı düşmənə məxsus canlı qüvvəni və texnikanı məhv etməklə Cəbrayıl, Füzuli, Xocavənd, Hadrut, Suqovuşan, Kəlbəcər kimi yaşayış məntəqələrinin azad edilməsində böyük qəhrəmanlıq göstərib.
Xatırladaq ki, mayor Rəşad Qasımlı 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Könül Cəfərli
Daha çox foto burada: Photostock.az
Rəylər