“Qərbi Azərbaycan İcması” ictimaiyyəti “Qayıdış Konsepsiyası”nın layihəsinə dair təkliflərini təqdim etməyə çağırdığımız andan 1 ay müddətinə 100-ə yaxın müxtəlif dövlət qurumlarından bəlkə də 1000-ə yaxın təkliflər gəlib və o təkliflər içərisində bir çox maraqlı məqamlar diqqətimizi çəkib”.
Oxu.Az “Qərbi Azərbaycan İcması”nın rəhbəri Əziz Ələkbərli ilə təsdiq edilən “Qayıdış Konsepsiyası”ı layihəsinə dair müsahibəni təqdim edir:
- Bir ay ərzində Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının Qayıdış Konsepsiyası üzərində gördüyü işlər barədə məlumat verərdiniz...
- Ölkə başçısı öz doğum günündə Qərbi Azərbaycan İcmasının inzibati binasını gəlib yeni yaş gününü bizimlə keçirdi. Bu bizim üçün çox önəmli bir nüansdır. Prezident qeyd etdi ki, o, burada özünü doğmalarının ətrafındaymış kimi hiss edir. Həmin gündən bəri var gücümüzlə çalışdıq. Konsepsiyanın hazırlanması istiqamətində bir çox müzakirələr aparıldı. Təkliflər dinlənildi, bir çox istiqamətlərdə tədbirlər planının hazırlanmasına qərar verildi.
Hazirda bu istiqamətdə işlər gedir. Tədbirlər planının məzmunu barədə hələlik məlumat vermirik, yekunda bu barədə də ictimaiyyətə geniş açıqlama veriləcək. Xalqımızın dədə-baba yurduna qayıtması üçün ilk addımı artıq atdıq. Qərbi Azərbaycan İcmasının Müşahidə Şurası Qayıdış Konsepsiyasını təsdiqləyib. Son 200 il ərzində torpaqlarımız ermənilər tərəfindən dağıntılara məruz qalıb. Qərbi Azərbaycanın 300-ə yaxın yaşayış məntəqəsindən 300 minə yaxın soydaşımız qovulub. Sonuncu deportasiya zamanı 200 məscid, 500-ə yaxın qəbiristanlıq ermənilər tərəfindən dağıdılıb. Qərbi Azərbaycan İcması olaraq fəaliyyətimiz həm beynəlxalq, həm də ölkədaxili hüquqa söykənir. Konsepsiya ilə bağlı istənilən suallar barədə zamanla ictimaiyyətə məlumatlar veriləcək.
- 1987-ci ildən keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri genişləndi, 1988-ci ildə isə Ermənistanda azərbaycanlılar yaşadıqları ərazilərdən sonuncu dəfə qovuldu. Beləliklə, Qərbi Azərbaycandan (Ermənistan adlandırılan yerdən) 250 min azərbaycanlı öz ata-baba yurdlarından qaçqın düşdülər...
- Bu istiqamətdə konkret fəaliyyət sənədi olacaq. Ermənistan tərəfindən dədə-baba yurdumuza vurulan ziyanlar hesablanacaq. İnsanlığa və torpaqlarımıza qarşı törədilən cinayətlər müzakirə ediləcək. Bizim tarixi torpaqlarımızda abidələrimizin, su hövzələrinin, toponimlərin adları dəyişdirilib. Azərbaycan mədəniyyətinə qarşı törədilən cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məsələsi tədbirlər planında öz əksini tapacaq. Heç şübhəsiz ki, son 200 il ərzində Ermənistanın tarixi torpaqlarımızda törətdiyi cinayətləri bütün dəlil-sübutları ilə ortaya qoymağa çalışırıq. Beynəlxalq ictimaiyyət bilməlidir ki, onların arxasında məkrli niyyətlər durur. Hələ Qarabağ problemindən əvvəl də ermənilər bizim soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya, soyqrımı siyasəti həyata keçiriblər.
1918-1920-ci illərdə Qərbi Azərbaycan ərazisində onlarla kənd Xocalı kimi yer üzündən silinib. Həmin kəndlərin sakinləri ermənilər tərəfindən son nəfərinə qədər qətlə yetirilib. Ermənilərin cinayətkar üzünü hər kəs bilməlidir və biz bunun ictimaiyyətə çatdırılması üçün əlimizdən gələni edəcəyik.
- Bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan azərbaycanlıların nə kimi köməyi olacaq?
- Şübhəsiz ki, bizim bir çox xarici ölkələrdə səfirliklərimiz, disaporlarımız var. Xaricdə yaşayan çoxsaylı azərbaycanlıların bu işə cəlb olunması istiqamətində iş gedir. Onlarla danışıqlar aparılır. Xaricdəki qərbi azərbaycanlıların Diasporlarla İş üzrə Dövlət Komitəsinin tədbirlərində iştirakı istiqamətində fəaliyyət göstərilir. Bu, eyni zamanda, xaricdəki diaspor təşkilatlarımızın güclənməsinə təkan verəcək. Qərbi Azərbaycan məsələsi təkcə soydaşlarımızın deyil, bütün xalqın problemidir.
- Gələn təkliflərdən nə qədəri qəbul edilib?
- “Qərbi Azərbaycan İcması” ictimaiyyəti “Qayıdış Konsepsiyası”nın layihəsinə dair təkliflərini təqdim etməyə çağırdığımız andan 1 ay müddətinə 100-ə yaxın müxtəlif dövlət qurumlarından bəlkə də 1000-ə yaxın təklif gəlib. O təkliflər içərisində bir çox maraqlı məqamlar diqqətimizi çəkib. Onlar arasında alimlər, ziyalılar, qrup halında və fərdi qaydada təkliflər irəli sürənlər oldu. Bu təkliflər hələ də davam edir. Hər sahənin öz mütəxəssisləri var, biz daxil olan bütün təklifləri sistemləşdirib qruplaşdırmışdıq. Bəzi təkliflər bir-birini təkrarlayırdı. Ümumiləşdirilən təkəliflər əsasında fəaliyyət planı hazırlanmaqdadır. Bu planlar əsasında istiqamətlərimizi müəyyən edəcəyik.
- Daha çox diqqətinizi çəkən təkliflərdən hansıları sadalaya bilərsiniz?
- Bunların arasında Qərbi Azərbaycandan sonuncu deportasiya zamanı, yəni 1987-1991-ci illərdə dədə-baba yurdundan qovulan məcburi köçkünlərin statusuna yenidən baxılmasını təklif edənlər çoxdur. Eyni zamanda, Qərbi Azərbaycanla bağlı deportasiya gününün təyin edilməsi məsələsi, muzeyin yaradılması, abidənin ucaldılması, eləcə də Qərbi Azərbaycanın ayrı-ayrı bölgələri, mədəni irsi, tarixi ilə bağlı kitabların dərc edilməsi haqqında çoxsaylı təkliflər var. Bu kitabların müxtəlif dillərə, xüsusilə Avropa dillərinə tərcümə edilməsi və ictimaiyyətə yayılması məqsədlərimizdən biridir. Daxili auditoriya ilə yanaşı xaricdə bu problemlərin işıqlandırıması vacib məsələlərdəndir.
- Tarixi mənbələrin olması ilə yanaşı, həmin hadisələri dünya ictimaiyyəti qarşısında sübut etmək üçün daha hansı istiqamətləri seçmək olar?
- Bu işdə bizə kömək olacaq xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarıdır. Bu gün xarici ölkələrdə yaşayan qərbi azərbaycanlıların və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi əlbəttə ki olacaq. Ermənilər çalışırlar ki Azərbaycanın tarixi torpaqlarında saxtakalıqla məşğul olsunlar. Lakin buna nail ola bilməyəckər. Son 20 ildə Qarabağ həqiqətləri ilə bağlı çox şeyi dünya ictimaiyyətinə çatdırdıq. Bunda xalq olaraq hər birimizin rolu əvəzsizdir. Lakin Qərbi Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətində məlumat çox azdır. Demək olar ki, dünya bu dəhşətlərdən xəbərsizdir. Qərbi Azərbaycan İcması olaraq bu yolda əzmlə addımlar atacağıq.
- Qərbi Azərbaycandan müxtəlif vaxtlarda həyata keçirilən deportasiyalar zamanı yurdlarından çıxarılan soydaşlarınızın ata yurdları, ailə tərkibləri barədə sizdə siyahılar var?
- Qərbi Azərbaycandan sonuncu dəfə deportasiya edilən soydaşlarımızın siyahısını tərtib etmişik. Əlimizdə olan yekun rəqəm 250 min nəfər idi. Amma son hesablamalarda bu rəqəm 300 min nəfərə çatıb. Hazırda Qərbi Azərbaycanın tarixi torpaqlarından 300 min nəfərin qovulduğu qeydiyyata alınıb.
- Siz özünüz də qərbi azərbaycanlısız. Hansı bölgədənsiniz və Bakıya hansı şəraitdə köçmüsünüz?
- Mən və ailəm sonuncu deportasiya zamanı, 1988-ci ilin payızında Qərbi Azərbaycanın İrəvan Çuxurunda, Vedi-Basar mahlından, yəni Vedi rayonunun Qaralar kəndindən çıxarılmışıq. Deportasiya edilən sakinlərin bir çoxu müxtəlif bölgələrə gedərək, orada məskunlaşıblar.
- Qərbi Azərbaycandan olanların ata-baba yurdlarına qayıtması üçün hansı işlər görülə bilər?
- Bununla bağlı bu günə qədər Qayıdış Konsepsiyasının hazırlanması məqsədilə silsilə tədbirlər, fərdi və qrup halında mütəxəssislərlə görüşlər keçirilib. Müşahidə Şurasının və icma üzvlərinin iştirakı ilə keçirlən müzakirələr zamanı yüzlərlə təkliflər incələnib. Təkliflər İşçi Qrupunda sistemləşdirilib, təhlil edilərək ümumiləşdirilib, sonra isə sənədin layihəsi hazırlanıb. Bütün bu görülən işlərin məqsədi soydaşlarımızın ata-baba yurdlarına qaytarılması üçün həyata keçirilir.
Daha çox foto burada: PhotoStock.Az
Könül Cəfərli
Rəylər