30 
May
2023
00:31
29
465
12146
Virtual karabakh

Elxan Qasımovun qızı danışdı: “Vəziyyəti çox ağır idi” - YENİLƏNİB + VİDEO

30 May, 2023
00:31
12146

Elxan Qasımovun qızı danışdı: “Vəziyyəti çox ağır idi” - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Elxan Qasımovun qızı danışıb. 

Bizim.Media xəbər verir ki, sənətkarın qızı Kəmalə xanım atasının müalicə aldığı klinikada dünyasını dəyişdiyini bildirib: 

“Atamın vəziyyəti çox ağır idi. O, bir neçə dəqiqə əvvəl müalicə aldığı klinikada vəfat etdi. Bu dəqiqə danışmaq mənim üçün çox ağırdır. Atama aorta anevrizmasının partlaması diaqnozu qoyulmuşdu. Mayın 9-da təcili əməliyyat olundu. Bir müddət reanimasiyada müalicələr aldı. Çox qan itirdiyinə görə, ona qan köçürüldu, sistemlər olundu. Bir müddətdən sonra onu süni nəfəs aparatından ayırdılar. Çətinliklə də olsa nəfəs alırdı. Amma həkimlərin bütün səylərinə baxmayaraq, atamı bu ağır vəziyyətdən çıxartmaq mümkün olmadı”. 

Kəmalə xanım valideyninin dəfn olunacağı yeri də açıqlayıb:

“Atam sabah günorta saatlarında oğlunun yanında, Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq”.

20:08

Elxan Qasımovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının, kinosevərlərin qəlbində yaşayacaq.

Oxu.Az xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Əməkdar artisti, tanınmış aktyor, rejissor Elxan Qasımovun vəfatı ilə nekroloqunda yer alıb.

“Azərbaycan mədəniyyətinə və kino ictimaiyyətinə itki üz verib. Respublikanın Əməkdar artisti, tanınmış aktyor, rejissor Elxan Qasımov mayın 29-da, 78 yaşında vəfat edib.

Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) SSRİ Xalq artisti Adil İsgəndərovun kursunda aktyorluq (1962–1966), Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda rejissorluq (1973–1978) ixtisası üzrə ali təhsil alıb”, - nazirlikdən bildirilib.

“Tələbə ikən çəkildiyi "Əhməd haradadır" (1963) filmi (sürücü Əhməd) ilə tanınan və tamaşaçı rəğbəti qazanan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Müxtəlif filmlərdə yaddaqalan rollar oynayıb, rejissor kimi “Köhnə bərə”, “Biz qayıdacağıq” filmlərinə quruluş verib. Həmçinin sənədli filmlərin, "Mozalan" kinosüjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Elxan Qasımovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının, kinosevərlərin qəlbində yaşayacaq.

Allah rəhmət eləsin!”, - Mədəniyyət Nazirliyindən əlavə edilib.

19:52

Əməkdar artist Elxan Qasımovla vida mərasimi sabah “Azərbaycanfilm” kinostudiyasında keçiriləcək.

Bu barədə APA-ya mərhumun sənət və ailə dostu, rejissor Tahir Tahiroviç məlumat verib.

Onun sözlərinə görə, vida mərasimi saat 11:30-da başlayacaq:

“Daha sonra Xırdalanda oğlu Samir Qasımovun yanında dəfn ediləcək”.

19:30

Tanınmış kinorejissor, Əməkdar artist, Elxan Qasımov vəfat edib.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Qeyd edək ki, Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “şofer Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdü.

Aktyorun səhhətində bu ilin mayında problemlər yaranmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri