Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nazirlik nümayəndəsi: “Yaxın illərdə Xəzər ekosistemində müsbət dəyişikliklər gözlənilir” - MÜSAHİBƏ + FOTO
“Hazırda dünya üzrə adambaşına düşən balıq istehlakı 20,5, Azərbaycanda isə 7,6 kiloqramdır. Həm də bu həcm əsasən idxal olunan balıq məhsullarının hesabınadır”.
Bunu Oxu.Az-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru, biologiya elmləri doktoru, professor Mehman Axundov deyib. Professorla müsahibəni təqdim edirik:
- Bildiyim qədər, Xəzər dənizində uzun illərdir ekoloji tədqiqatlar kompleks şəkildə aparılmayıb. Artıq üç ildir başlanılan kompleks ekoloji və ixtioloji tədqiqatların nəticəsi nə göstərir, dünyanın ən böyük gölünün ekoloji durumu hansı vəziyyətdədir?
- 2012-ci ildən 2020-ci ilə qədər kompleks dəniz tədqiqatları aparılmayıb. Artıq 2021-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizində kompleks ekoloji və ixtioloji tədqiqatlar bərpa olunub. Bu ekspedisiyalarda əldə edilən nəticələr çox vacibdir. Ötən il və bu il ərzində də davam etdirilir. Tədqiqatlar doqquz kəsikdə aparılıb. Hər kəsikdə beş stansiya olmaqla cəmi 45 stansiyada fiziki-kimyəvi və hidrobioloji nümunələr götürülüb, balıqların populyasiyasının vəziyyətinin öyrənilməsi üçün tral çəkilişləri aparılıb. Azərbaycana aid sularda, Orta və Cənubi Xəzərdə ekoloji tədqiqatları aparmışıq. Tədqiqatlar iki həftə ərzində dəniz ekspedisiyası şəraitində davam etdirilib.
Nümunələr müxtəlif dərinliklərdən - 10, 25, 50, 75 və 100 metrdən – götürülüb. Yığılmış fiziki-kimyəvi nümunələr əsasında sonradan laborator-kameral şəraitdə analizlərin aparılması nəzərdə tutulub, məsələn, neft məhsulları, ağır metallar, yuyucu və sintetik maddələr.
Bununla yanaşı, yığılmış fitoplankton, zooplankton və zoobentos nümunələrinin hidrobioloji təhlilləri də laboratoriyada davam etdiriləcək.
Dənizdə yaşayan plankton və zoobentos orqanizmləri balıqların yem bazasını təşkil edirlər. Buna görə də kompleks şəkildə aparılan tədqiqatların məqsədi həm balıq ehtiyatlarının vəziyyəti, həm də onların yem bazasının öyrənilməsi olub. Dünyanın təbii su hövzələrində yaşayan nərəcinsli balıqların ehtiyatının 85%-i Xəzər dənizində toplanıb və onun əsas bioloji sərvəti sayılır.
Xəzər dənizində nərə balıqlarının dörd növü mövcuddur - bölgə, nərə, kələmo (qaya balığı), uzunburun. Kilkələr, xırda balıqlar, molyusklar, qurdlar və xərçənglər onların yem rasionunu təşkil edir. Balıqların vəziyyəti tral çəkilişləri aparılaraq müəyyən edilir. Tral tədqiqatlarının nəticələri əsasında balıqların ehtiyatları öyrənilir. Plankton və zoobentos orqanizmlərinin sayı və biokütləsi, onların dənizdə paylanması balıqların yem bazasının vəziyyəti barədə məlumat verir.
- Bəs ümumilikdə Xəzər dənizində neçə növ balıq var?
- Xəzər dənizində çox balıq növü yoxdur. Ümumilikdə təxminən 120-yə yaxın balıq növü var. Azərbaycan akvatoriyasında onlardan 100-ə qədərinə rast gəlmək olar. Ən qiymətli növləri isə nərəcinsli, qızılbalıq, bəzi siyənəkkimi və çəkikimi balıq növləridir. “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın sonuncu, üçüncü nəşrinə 11 balıq növü daxil edilib (kələmo, Xəzər qızılbalığı, çay qızılxallısı, Şirvan külməsi, zərdəpər, Xəzər şirbiti, poru, qılıncbalıq, dəniz sıfı, Kür siyənəyi, Volqa siyənəyi). Ümumiyyətlə, keçirilmiş dəniz ekspedisiyasının nəticələrinə görə əsas bir məqama diqqət çəkmək istəyirəm ki, uzun illərdən sonra Xəzər dənizində müsbət dəyişikliklər müşahidə edilir. Hələ ötən il keçirilmiş ekspedisiyada biz ilk dəfə dənizin plankton birliyində hidrobioloji növlərin nisbətinin dəyişilməsini qeyd etmişdik. Bu ilin dəniz tədqiqatlarının nəticələri isə bu nisbətin daha əhəmiyyətli müsbət dəyişməsini təsdiq etdi. Bu da yaxın illərdə Xəzər dənizinin əsas balıq kütləsini təşkil edən (60%) və böyük yırtıcı balıqlar üçün əsas yem obyekti olan kilkə balıqlarının ehtiyatının əhəmiyyətli dərəcədə artacağına dəlalət edir. İlk dəfə tərəfimizdən 2022-ci ildə alınan və beynəlxalq elmi jurnallarda nəşr edilmiş nəticələri sonradan Rusiya Federasiyası ixtioloqları da təsdiqlədilər. Builki dəniz tədqiqatlarının nəticələri də yaxın illərdə Xəzərin ekosistemində hidrobioloji vəziyyətin yeni müsbət keyfiyyətli səviyyəyə keçməsinə səbəb olacaq və bununla bağlı balıqların yem bazasının bərpasına əsas yaradacaq. Bu proses Xəzərdə zooplanktonun və zoobentosun artmasına səbəb olacaq. Xüsusilə qeyd edim ki, Xəzər dənizində mövcud gərgin vəziyyət, digər amillərlə yanaşı, keçən əsrin sonunda insan fəaliyyəti nəticəsində ekosistemə yabanı növün daxil edilməsi ilə bağlı olub.
- Bu yabanı növ Xəzər dənizinin ekosisteminə nə kimi ziyan vurub?
- O, balıq növü deyil, mezoplankton növü mnemiopsisdir. O ilk dəfə Xəzərdə Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun əməkdaşları tərəfindən 1999-cu ildə dəniz tədqiqatları aparıldıqda müəyyən olunub. Həmin yabanı növ o vaxtdan etibarən Xəzər dənizində kilkə balıqların yemini təşkil edən bütün zooplanktonun 90 faizədək azalmasına səbəb olub. Kilkə ilə qidalanan isə əsasən, yırtıcı balıqlardır ki, onların da sayı və kütləsində azalma müşahidə edildi. Son üç ildə keçirdiyimiz dəniz tədqiqatlarında biz bu yabanı növün Cənubi Xəzərdə əhəmiyyətli dərəcədə (95%-dək) azalmasını müşahidə edirik. Bu da o deməkdir ki, yaxın illərdə kilkələrin yem bazasını təşkil edən zooplanktonun həcmi bərpa olunacaq. Bu proses gələcək illərdə Xəzərin ekosistemində çox müsbət, yaxşı dəyişikliklərə gətirib çıxara bilər. Belə ki, zooplanktonun artması kilkənin çoxalmasına, kilkə populyasiyasının artması isə əlbəttə ki, digər balıqların çoxalmasına səbəb ola bilər.
Onu da qeyd edim ki, Xəzər dənizində balıqları ümumilikdə iki əsas qrupa bölə bilərik. Birinci sırf dənizdə yaşayan balıqlar, hansı ki, yalnız Xəzər dənizində yaşayır, çoxalır (məsələn, kilkələr, siyənəklər, kefallar və s.). Bu balıqların vəziyyəti daha əhəmiyyətli dərəcədə düzələ bilər. Digər növlər isə - keçici və yarımkeçici balıqlardır (nərələr, qızılbalıq, çəkikimilər). Bunlar kürü tökmək üçün Kürə və digər çaylara keçən balıqlardır. Onların vəziyyəti hələ ki stabil olaraq aşağıdır. Amma onlar da düzələ bilər. Yaxın iki-üç il ərzində Xəzərdə kilkə balıqlarının artımı gözlənilən səviyyədə olarsa, bu balıqların da vəziyyəti düzələ bilər.
Kilkə balıqları Xəzər dənizinin ekosistemində əsas rol oynayır, bütün ixtiofaunanın 60 faizini təşkil edir və digər iri balıqların yem bazasıdır. Yem bazası artsa, digər balıq növləri də, hətta Xəzər suitisinin də sayı arta bilər. Bunu biz son üç ildə aparılan dəniz ekspedisiyalarının nəticələrinə görə ilk dəfə bildiririk ki, yaxın illərdə Xəzər dənizinin su bioresurslarında və ümumən ekosistemində müsbət dəyişikliklər gözlənilir.
- Bəs balıq ovu ilə bağlı məsələlərdə, kilkə kvotasının artırılmasında hər hansı dəyişiklik gözlənilirmi?
- Son iki ildə Rusiya Federasiyası Xəzərin Dağıstan sahilyanı sularında kilkə ovunu genişləndirib və kilkə kvotasını artırıb. Onların kvotası, misal üçün, 50 min tona qədər idisə, hazırda bu rəqəm hər il üçün 107 min ton olaraq təyin edilib. Azərbaycanda isə bu rəqəmlər hələ ki çox aşağıdır, lakin yaxın illərdə gözlənilən kilkə ehtiyatının artmasını nəzərə alaraq biz də bu kvotanı artıra bilərik.
Azərbaycanda balıqçılıq təsərrüfatının ən yüksək məhsuldar dövrü keçən əsrin 80-ci illəri sayılır. Həmin dövrdə ölkə üzrə ildə təxminən 50-54 min ton kilkə balıqları ovlanırdı. Son dövrlərdə isə kilkə ovu bir-iki min tondur. Cari ildə kilkə kvotası beş min ton təyin edilib və demək olar ki, bu kvotanın hamısı mənimsənilir. Hazırda bu kvotanın mənimsənilməsində və tədqiqatların nəticələrinə əsasən görürük ki, kilkə ehtiyatları artır. Cari ilin 18-28 iyul tarixlərində keçirilən ekspedisiya nəticələrinə əsasən bunları demək olar. Amma təhlillər davam edir, yekun nəticələr elmi jurnallarda dərc ediləcək.
- Bəs bu müsbət dəyişikliklər balıq təsərrüfatı ilə məşğul olanlara, eləcə də iqtisadiyyata nə kimi töhfə verə bilər?
- İqtisadiyyata, əlbəttə ki, müsbət təkan verə bilər. Misal üçün, kilkə kvotasının artırılması, ovlanan balıqlar özəl sektor tərəfindən xaricə satılır. Bu da ölkəyə xarici valyutanın gəlməsi deməkdir. Azərbaycanda son dövrlərdə akvakultura təsərrüfatı yaxşı inkişaf edir. Çoxlu yeni nərə balığı akvakultura subyektləri yaranıb. Bu mənada nərəcinsli balıqların yetişdirilməsində kilkələr yem kimi böyük əhəmiyyət kəsb edir.
- Azərbaycandan balıq, əsasən, hansı ölkəyə ixrac edilir?
- Azərbaycandan balıq, əsasən, Rusiyaya ixrac olunur. İxrac edilən balıqlar daha çox kilkə balıqlarıdır. Akvakulturada yetişdirilən nərə balıqlarının əti və kürüsü də ixrac edilir. Bizim akvakultura məhsulları Rusiya bazarında rəqabətə davam gətirir. Çünki məhsullarımız keyfiyyətlidir. Ümumiyyətlə, tarixən Azərbaycanın balıq məhsulları keyfiyyətli olub. Sizə deyim ki, son beş il ərzində Azərbaycanda nərə balıqlarının yetişdirilməsi ilə bağlı 12 akvakultura subyekti yaranıb. Nərəcinsli balıqlar CITES Beynəlxalq Konvensiyasının (“Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında”) ikinci əlavəsinə daxil edilib və onların təbiətdə ovlanması qadağandır. Yalnız yetişdirilməsi və CITES sertifikatı verildikdən sonra ixracı mümkündür. Bu 12 balıq təsərrüfatından yalnız bir neçəsi hazırda ixrac əməliyyatlarını həyata keçirir. Bütün nərəcinsli balıqlar strateji növlər hesab edilirlər. “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nda nərəcinsli balıqlardan kələmo (qaya balığı) növü yerləşdirilib. Amma bütün nərəcinsli balıqların adları beynəlxalq qırmızı siyahısında (IUCN) mövcuddur.
Xəzəryanı ölkələrdə, o cümlədən Azərbaycanda 2011-ci ildən başlayaraq nərəcinsli balıqların ovlanması qadağandır. Hökumətlərarası Xəzər dənizinin su, bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyasının hər il keçirilən sessiyalarının nəticələrinə qəbul edilən protokolunda CITES Konvensiya şərtlərinə uyğun olaraq, nərəcinsli balıqların ovunun qadağan edildiyi qeyd olunur.
Xüsusilə qeyd edək ki, son beş ildə yaranan və fəaliyyət göstərən nərə akvakultura subyektlərinin istehsal göstəricilərində müsbət nəticələr müşahidə olunur. Belə ki, nərə balıqlarının ovlanmasına qadağa qoyulandan əvvəlki 2011-ci ildə Azərbaycanda nərə balığının ov kvotası əti üzrə 90 ton, qara kürüsü üzrə isə 3,6 ton olub. Ekspert qiymətləndirməsinə əsasən deyə bilərəm ki, 2022-ci ildə bu təsərrüfatlarda 500 tona qədər akvakultura üsulu ilə yetişmiş nərə əti xarici və daxili bazara çıxarılıb. Bu, çox müsbət nəticədir. Keçən il təxminən bir tona qədər nərə balığının kürüsü ixrac edilib, daxili bazarlara isə təxminən üç min kiloqrama qədər çıxarılıb. Bu proses ildən-ilə intensiv olaraq inkişaf edir. Yaxın zamanlarda biz nərə balıqları yetişdirən fermaların dəniz suyundan istifadə edərək intensiv şəkildə, həm daxili, həm də xarici bazara daha böyük həcmdə akvakultura məhsulunu çıxaracaqlarını gözləyirik.
- Xəzər dənizinin səviyyəsi ilbəil azalır. Bu, tədqiqatlara və gözlənilən proseslərə necə təsir edir?
- Xəzər dənizinin səviyyəsi azalır, doğrudur. 2005-ci ildən sonra Xəzərdə suyun səviyyəsi təxminən 1,5 metr düşüb. Hətta Şimali Xəzərdə, Rusiya Federasiyası və Qazaxıstana aid akvatoriyalarda suyun səviyyəsi o qədər enib ki, orada piyada gəzmək olar. Xəzəryanı regionda hazırda dəniz akvakulturası (marikultura) hələ ki kifayət qədər inkişaf etməyib və ilkin mərhələdədir. Belə akvakultura subyektlərində dəniz suyundan istifadə olunur. Əsasən, dəniz suyunu çəkib hovuza doldurub nərə balıqlarını yetişdirirlər. Azərbaycanda da bu cür yeni təsərrüfatlar yaradılır, həmçinin, dəniz qəfəslərində balıqyetişdirmə işlərinə başlanılıb. Böyük həcmdə nərə balığı istehsalı üçün dəniz suyundan istifadə daha səmərəlidir.
- Azərbaycan Xəzər dənizinin sahilində yerləşməsinə baxmayaraq, niyə özünü balıqla təmin edə bilmir və idxaldan asılı vəziyyətdədir?
- Çox əfsus ki, Azərbaycanın balıqçılıq təsərrüfatında tarixə düşən ən yüksək dövrü 1970-80-ci illəridir. Həmin dövrdə ölkəmizdə 60 min ton balıq ovlanırdı, 40 min isə akvakulturada yetişdirilirdi. Yəni Azərbaycanda ümumi olaraq təxminən 100 min tona qədər balıq ovlanıb, yetişdirilirdi. İndi isə Xəzər dənizində ovlanan balıqların həcmi bir-iki min ton, akvakulturada yetişdirilən balıq həcmi isə beş min tonadəkdir. Ovlanan balıqların da böyük hissəsini, əsasən, kilkə təşkil edir. O vaxt ümumiyyətlə Azərbaycanda adambaşına düşən illik balıq istehlakı dünya göstəricilərindən daha yüksək olub və 14-20 kq təşkil edirdi. Lakin hazırda dünya üzrə adambaşına düşən balıq istehlakı 20,5 kq, Azərbaycanda isə 7,6 kq-dır. Həm də bu həcm əsasən idxal olunan balıq məhsullarının hesabınadır. Hazırda nazirlik tərəfindən akvakulturanın inkişafına dair dövlət proqramının hazırlanması üzrə işlər gedir, dövlət qurumlarından rəylər təhlil edilir, ictimaiyyət nümayəndələri ilə müzakirələr aparılır.
- Balıqçılıq təsərrüfatlarına nəzarət, onların fəaliyyətlərinin tənzimlənməsi hansı formada həyata keçirilir?
- Qanunvericiliyə görə, akvakultura fəaliyyəti ilə məşğul olan balıqçılıq təsərrüfatlarının bioloji-texnoloji əsaslandırma üzrə qeydiyyata alınması və şəhadətnamənin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir.
- Ötən il ərzində 650 min nərəkimi, 45 min də qızılbalıq körpələrinin Xəzər dənizinə buraxılması barədə məlumat verilmişdi. Bu proses cari ilin altı ayı ərzində aparılıbmı?
- Hər il olduğu kimi, bu il də müxtəlif su hövzələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müxtəlif növ balıq körpələri buraxılır. Ümumiyyətlə, bu il ərzində 2,5 milyon ədəd kütüm, 650 min nərəcinsli, 10 min qızılbalıq körpələri təbii mühitə buraxılıb. Bu işlər hələ tamamlanmayıb və ilin sonunadək davam edəcək, o cümlədən 3,6 milyon çəkikimi balıq növlərinin buraxılması nəzərdə tutulub. Beləliklə, hər il keçirilən bu kimi tədbirlər sayəsində buraxılış həcmini yeddi milyon körpə balığa çatdıracağıq. Bu kimi tədbirlərə özəl akvakultura subyektləri də qoşulur və cari ildə 30 min nərəcinsli balıq körpəsinin Kürün mənsəbinə buraxılması onların payına düşür.
- Qarabağda, Şərqi Zəngəzurda neçə növ balıq körpəsi təbii mühitə buraxılıb?
- Ötən il Qarabağda və Şərqi Zəngəzurda körpə balıqların suya buraxılması olub. Əsasən, Bəsitçay, Həkəri və Bərgüşad çayı, Xaçınçay, Köndələnçay və Suqovuşan su anbarına müxtəlif növ balıq körpələrini buraxmışıq. Balıq buraxılışı bu regionlarda fevral-mart aylarından başlayaraq həyata keçirilir və hələ də davam edir. Çəkikimi balıqları isə sentyabr-oktyabr aylarında suya buraxmağı düşünürük. Buraxılan balıqlar arasında forel də olub.
- “Qırmızı kitab”a düşən qızılbalıq növünün təbii yaşayış mühiti ilə bağlı hansı tədbirlər görülüb?
- Bildiyiniz kimi, Xəzər qızılbalığı “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxildir. Bu balıq Xəzərdə yaşayan digər balıq növlərindən ən həssasıdır. Hazırda biz qızılbalığın törədici fərdlərinin yığılması ilə bağlı işlər aparmağı planlaşdırırıq. Onların kürütökmə dövrü oktyabrda başlayır və bütün qış aylarında davam edir. Bununla bağlı Elmlər Akademiyasının mütəxəssisləri ilə birgə müzakirə apardıq və belə ümumi qərara gəldik ki, qızılbalıqların törədici fərdlərini təbiətdən əldə edərək nazirliyin və alimlərin nəzarəti altında bu növün süni artırılması ilə məşğul olan balıqartırma təsərrüfatlarına təhvil verməliyik.
- Xəzər dənizinə yeni növ balıqların gətirilməsi, ekosistemə, iqlimə adaptasiya ilə bağlı işlər görülürmü?
- Ümumiyyətlə, Nazirlər Kabinetinin 2017-ci ildə “Balıqların iqlimləşdirməsi haqqında” qərarı var. Bu proses elədir ki, orada elmi rəy olmasa, biz bunu edə bilmərik. Çünki Xəzər ekosistemində çox az balıq növləri var. Yeni balıq növlərinin buraya daxil edilməsi müxtəlif dəyişikliklərə səbəb ola bilər. Necə ki 1999-cu ildə Xəzərə daxil olan yabanı mezozooplankton növü (mnemiopsis) mənfi təsirlərini illərlə davam etdirib. Bu səbəbdən ekspert olaraq Xəzərə yeni balıq növlərinin daxil edilməsini uğurlu addım hesab etmirik. Eyni zamanda, Xəzər dənizinin bioresurslarına dair hökumətlərarası komissiya fəaliyyət göstərir. Biz bu məsələləri tək özümüz yox, həmin komissiyanın üzvü olan Rusiya Federasiyası, Qazaxıstan, Türkmənistan və İran ilə də müzakirə etməliyik.
Xəzər dənizi ekosistemində bu praktika hələ sovet dövründə tətbiq edilib. 1934-cü ildə Qara dənizdən gətirilən üç növ kefal balıqları Xəzərə buraxılıb. Lakin bunlardan yalnız iki növü Xəzər mühitinə adaptasiya ola bilib. Bu gün ən məhsuldar balıqlardan biri də məhz həmin kefal balıqlarıdır.
Keçən əsrin ortalarında bir neçə Kamçatka qızılbalıq növünü Xəzərin ekosisteminə uyğunlaşdırmağa çalışsalar da, bu baş tutmayıb. Səbəb isə odur ki, Sakit okean və Oxot dənizində suyun duzluluq səviyyəsi 30-40 promille (bir litr suda olan duzun kütləsi), Xəzərdə isə 12-13 promilledir. Balıqlar ümumilikdə 40 min növdən ibarət onurğalılar sinfinə daxildir, bunlardan da balıqlar təxminən 23 min təşkil edir. Həmin o 23 min növ balıqdan cəmi 120 növə qədər Xəzər dənizində yaşayır. Xəzər dənizi qapalı olduğu üçün burada balıq növləri azdır. Dəniz ekosistemində ehtimal olunan mənfi dəyişikliklərin qarşısının alınması üçün bura yeni balıq növlərinin gətirilməsi zəruri deyil.
- Bəs bizim okeana çıxışı olan dənizlərdə, ölkələrarası iş birliyi edərək, balıq növlərinin sayını artırmaq mümkündürmü?
- Bununla bağlı biz artıq qardaş ölkə Türkiyə ilə balıqçılığın birgə inkişafına dair iş birliyi yaratmışıq. İki ölkə arasında balıqçılığın inkişafına dair memorandum və saziş imzalanıb. Türkiyə balıqçılıq sahəsində çox inkişaf etmiş ölkədir. Eləcə də Avropada akvakultura üzrə Norveçdən sonra ikinci yerdə qərarlaşıb. Türkiyədə Qara, Aralıq, Egey və Mərmərə dənizlərində balıq yetişdirirlər. Biz onlarla əməkdaşlıq edirik. Türkiyədə daha çox forel balığının müxtəlif növləri yetişdirilir.
- İnsan amilinin fonunda Xəzər dənizinə dəymiş ziyanla bağlı hansı məqamlar sizi daha çox narahat edir?
- İnsan amili burada təkcə elə qanunsuz balıq ovu ilə kifayətlənmir. Əlbəttə ki, Xəzər dənizində bəzi fəaliyyətlər balıq növlərinin yaşamasına, çoxalmasına mane ola bilir.
Məsələn, brakonyerlərdən danışsaq, 2016-cı ilin statistikasını yada salardım. O vaxt Rusiyanın statistikasına görə, rəsmi ovlanan balıqların həcmi ilə brakonyerlər tərəfindən ovlanan balıqların həcmində 10 dəfə fərq var idi. İndi vəziyyət lap dəyişib, çünki balıq ehtiyatları və ovlama həcmləri təxminən 30-40 dəfə azalıb.
Brakonyerlərin də sayı nisbətən azalıb. Bu məsələdə ETSN-in böyük əməyi var. Bu istiqamətdə istər bizim nazirlik, istərsə də Daxili İşlər Nazirliyinin Su Polisi ilə birgə çox böyük işlər aparılır.
Əlbəttə ki, digər tərəfdən də, iqlim dəyişiklikləri baş verir. Xəzər dənizində, eləcə də okeanda suyun üst təbəqəsində temperatur beş dərəcə artıb. Bunu ilk dəfə 2021-ci ildə apardığımız dəniz tədqiqatlarının nəticəsində elan etmişdik. Çox xoşdur ki, biz önəmli məlumatları digər ölkələrin tədqiqatçılarından daha erkən vermişik. Biz texnoloji təsirləri də nəzərə alaraq, Xəzər dənizinin çirklənməsinə qarşı yeni tədbirlər aparmalıyıq. Çox ciddi, sərt qaydalar olmalıdır.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
"ETSN" teqi üzrə xəbərlər
- Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib
- Muxtar Babayev: "Dünyada şəhər əhalisinin xüsusi çəkisinin 70%-ə çatacağı proqnozlaşdırılır"
- Faiq Mütəllimov: "Göllərin mühafizəsi şəhər dayanıqlılığında vacib rola malikdir"
- COP29-da Xəzəryanı dövlətlərin bəyannaməsi qəbul olunub
- COP29 çərçivəsində Dini Liderlərin Qlobal Bakı Sammiti keçiriləcək
Rəylər